Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Elektrik lampalarına zəmanət dövlət standartları ilə də təsbit olunub

07 Yanvar 2018
 

“Azərbaycan” qəzetinin 19 noyabr 2017-ci il tarixli nömrəsində “Elektrik lampalarına verilən zəmanət niyə tətbiq olunmur” sərlövhəli məqalə dərc edilmişdi. Materialda istehlak bazarında satılan elektrik lampalarının keyfiyyətsizliyindən, texniki xarakteristikalarına uyğun gəlməməsindən, idxal və ticarət standartlarına cavab verməməsindən bəhs olunmuşdu. Eləcə də ticarət müəssisələrinin belə zay məhsullara görə məsuliyyət daşımamasına, onlar tərəfindən zəmanət öhdəliklərinin yerinə yetirilməməsinə diqqət çəkilmişdi. İstehlak bazarının öncədən saxta, zay məhsullardan qorunmasının, həmçinin istehlakçı hüquqlarının təminatı mexanizminin sadə və praktik olmasının vacibliyi vurğulanmışdı.

İki orqan - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi problemə münasibət bildirib. İqtisadiyyat Nazirliyinin aparat rəhbəri Samir VƏLİYEVin imzası ilə redaksiyaya daxil olan məktubda deyilir:

“Texniki normativ hüquqi aktlara əsasən, istehsalçı tərəfindən müəyyən olunmuş texniki tələblərə və istismar qaydalarına əməl olunmaqla satış tarixindən etibarən közərmə lampalarının zəmanətli istismar müddəti (QOST 2239-79) 3 ay, lüminessensiya lampalarının zəmanətli istismar müddəti (QOST 6825-91) 7 ay, işıq-diodlu lampaların normallaşdırılmış xidmət müddəti isə 6000 saat (QOST R 54815-2011) nəzərdə tutulmuşdur.

Məlumat üçün bildiririk ki, təsərrüfat subyektləri tərəfindən ticarət və xidmət qaydaları ilə bağlı mövcud qanunvericiliyin pozulması faktları ilə rastlaşan vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər”.

* * *

Dövlət komitəsinin sədr müavini Niyazi RƏHİMOVun imzaladığı məktubda da istehlakçıların hüquqlarının qanunvericiliklə qorunduğu və mövcud standartlar qeyd olunub: “Közərmə, lüminessent və led lampalarına olan texniki şərtlər, istismar və təhlükəsizlik tələbləri QOST 31998.1-2012, QOST 2239-79, QOST 28711-90, QOST 31999-2012, QOST İES 61195-2012, İES 60901-2011, İES 60081-99, İES 62612-2009, İES 62560-2011 standartları ilə tənzimlənir. Standartlarda lampaların istehsalçıları tərəfindən zəmanətin verilməsi tələbləri mövcuddur”

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunu xatırladan komitə bu sahədə fəaliyyətin beynəlxalq standartlar və təcrübə əsasında qurulacağını vurğulayıb: “Texniki tənzimləmə haqqında” qanun layihəsi, o cümlədən milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, həmçinin Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar istinad edilmiş standartların qəbulu məqsədilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” layihəsi işlənib hazırlanaraq Prezident Administrasiyasına təqdim edilmişdir. Həmin layihədə aşağı gərginlikli elektrik avadanlıqları üzrə milli texniki reqlamentin hazırlanaraq təsdiq edilməsi ilə bağlı bənd də nəzərdə tutulmuşdur.

Bununla yanaşı, istər kütləvi informasiya vasitələrindən, istərsə də istehlakçılardan elektrik lampalarının təhlükəsizliyi və keyfiyyəti ilə bağlı konkret faktlar mövcud olarsa, qanunvericiliyin tələblərinə əsasən komitə müvafiq tədbirlər həyata keçirmək səlahiyyətinə malikdir. Bu məqsədlə istehlakçıların şikayətlərini qəbul edən 963 nömrəli çağrı mərkəzi də xidmət göstərir”.

 

Qeyd: Vətəndaşların nəzərinə çatdırırıq ki, belə bir çağrı mərkəzi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində də mövcuddur. Bu və ya digər hallarla bağlı istehlak bazarında problemlərlə üzləşdikdə 195-2 nömrəli telefonla, yaxud xidmətin rəsmi internet saytındakı xüsusi bölmədən bu orqana müraciət etmək olar.