Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gələcəyin təməli məktəbdə qoyulur

07 Yanvar 2018
 

Bəlkə də onlar həyatlarının ən xoşbəxt, qayğısız dövrünü  yaşadıqlarının fərqində deyillər. Lakin illər sonra bu günləri - məktəb zamanını sevə-sevə xatırlayacaq, xiffətini çəkəcəklər. İndi isə dəftər-kitaba sarılmaqla qarşıdakı uzun, kəşməkəşli həyat yolunun hazırlığını görürlər…

Amalya Orucovanın sinif rəhbəri olduğu 11a-da təhsil alan 16 nəfər şagirdin hər birinin arzusu tələbə olmaqdır. Bu şagirdlər təhsildə fərqlənmələri ilə yanaşı, mədəni-kütləvi, idman tədbirlərində də fəal iştirak edir, uğurlu nəticələr göstərirlər. 

Ziya Abdullayev “Qardaş regionların vətənpərvər şagirdlərinin dünya azərbaycanlılarına töhfəsi” layihəsinin sertifikatını alıb. Nadir Ağabəyov “Erudit” intellekt festivalında I yer tutub, həmçinin “Uşaq hüquqları üzrə pilləli tədris” kursunun sertifikatına layiq görülüb. Leyla Orucova da bu kursun sertifikatını qazanıb. O, “Şimal regionu gənclərinin intellektual birinciliyi”ndə I yerə çıxıb.  Teymur Hüseynov “Cəsurlar”ların respublika birinciliyinin fərqlənmə diplomunu alıb. Teymur müxtəlif cüdo yarışlarında göstərdiyi nəticələrə görə də dəfələrlə medal və hədiyyələrlə mükafatlandırılıb.  Firuzə Ağayeva “Ana dilimizi sevək və sevdirək” devizi ilə Azərbaycan dili fənni üzrə keçirilən rayon olimpiadasında I yerə çıxıb.

Əminik ki, bu sinfin şagirdləri gələcəkdə ölkəmizə daha çox töhfə verəcək, Azərbaycanın çiçəklənməsi üçün əllərindən gələni əsirgəməyəcəklər. Uşaqlar gələcəyimizdir - deyirik. Gələcəyin isə təməli məktəbdə qoyulur. Deməli, təhsilə, məktəbə qayğı hər bir kəsin müqəddəs borcu, vəzifəsidir.

 

Dilara ŞAXVERDİYEVA,

Qusar rayon sakini