Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Evlər bəzəyi xalçalar

07 Yanvar 2018
 

Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən respublikamızın bütün bölgələrində insanların işlə təminatında böyük uğurlar qazanılır. Yaşadığım Ağstafa rayonunda da son illər bir sıra sənaye müəssisələri açılıb. Nəticədə əhalinin məşğulluğu yüksəlib, işsizliyin səviyyəsi   aşağı düşüb.

Yaxın zamanda rayonumuzda daha bir müəssisənin - “Azərxalça” ASC-nin Ağstafa filialının açılışı gözlənilir. Ümumi sahəsi bir hektardan çox olan fabrikin inşasında son tamamlama işləri aparılır. Burada normal iş prosesi üçün hər cür şərait yaradılıb və  ən müasir toxuculuq avadanlıqları quraşdırılıb. Fabrikin özünün  xalça satışı mağazası da olacaq. Müəssisənin həyətində geniş abadlıq və quruculuq işləri görülüb.

Onu da deyim ki, müəssisənin bünövrəsi qoyulanda burada işləyəcək toxucuların qəbuluna da başlanılmışdı. 60 nəfərə yaxın rayon sakini işə qəbul edilərək toxuculuq kurslarına cəlb edilmişdi. Mən də onlardan biriyəm. Artıq xalça toxuculuğunun bir çox sirlərini mənimsəmişik. Mən hazırda filialın toxuculuq sexində xalça toxumaqla sınaq müddəti keçirəm. İlmələri vurduqca sevinirəm ki, əlimdən çıxan xalçalar uzun illər evləri bəzəyəcək. Bu, məni həm qürurlandırır, həm də məsuliyyət hissimi artırır.

 

Raya EYYUBOVA,

Ağstafa rayonu,

Qaçaq Kərəm kənd sakini