Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

28 rayon, 31 səfər, 4 müşavirə, 100 obyektin açılışı

06 Yanvar 2018
 

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişaf strategiyası ötən il böyük nailiyyətlərlə icra olundu

 

Azərbaycanın son 14 ildəki sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri ölkənin regionlarının davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla reallaşdırılması ölkəmizin bütün bölgələrinin sosial-iqtisadi mənzərəsini xeyli yaxşılaşdırıb, yerlərdə iqtisadi fəallığın və təşəbbüskarlığın artmasına, vacib infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradıb.
“Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” prinsipini əsas götürən Prezident İlham Əliyevin ötən 14 ildə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar, fərmanlar, yeni islahatlar dövlət başçısının daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərir.

 

Regionlara dəstək sosial-iqtisadi inkişafın mühüm tərkib hissəsidir

 

Bu gün regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə təkan verib.
Son illərdə bölgələrdə kənd təsərrüfatının, emal sənayesinin, turizmin, təhsil və səhiyyənin, həmçinin müxtəlif xidmət sahələrinin inkişafı istiqamətində mühüm işlər həyata keçirilir. Bu da bir daha göstərir ki, regionların sosial-iqtisadi inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət mərkəzində saxlanılır və Prezident İlham Əliyev bu məqsədlə ölkənin şəhər və rayonlarına müntəzəm səfərlər edir, görülən işlərlə şəxsən maraqlanır.
Yola saldığımız 2017-ci ildə dövlət başçısı respublikanın əksər şəhər və rayonuna səfərə gedərək mühüm sosial obyektlərin, mədəniyyət mərkəzlərinin, muzeylərin, parkların açılışını edib, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, təməlqoyma mərasimlərində iştirak edib, hərbi hissələrə baş çəkib və sakinlərlə görüşlər, eləcə də aqrar sektorun inkişafına dair respublika müşavirələri keçirib.

 

Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir

 

Dövlət başçısının ötən il bölgələrə səfəri Naxçıvan Muxtar Respublikasından başlayıb. Yanvarın 11-də muxtar respublikaya səfər edən Prezident öncə Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün inşa olunmuş yaşayış binasının, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılış mərasimlərinə qatılıb. Dövlət başçısı həmçinin Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbinin binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Sonra Ordubad Su Elektrik Stansiyasının təməlqoyma mərasiminə qatılan Prezident Şahbuz və Culfa rayonlarında da olub. Dövlət başçısı burada rayon mərkəzləri və ətraf kəndlərin içməli su təchizatı, kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimlərində iştirak edib.
Dövlət başçısının özünəməxsus dinamizmlə gerçəkləşdirdiyi siyasət hesabına ölkə həyatında müşahidə olunan davamlı yüksəliş respublikanın pozitiv inkişafını müəyyənləşdirən statistik göstəricilərdə də qabarıq təsdiqini tapır. Proqramların icra vəziyyətini diqqət mərkəzində saxlayan dövlət başçısı mütəmadi olaraq görülən işlərlə əyani tanış olur, lazımi tapşırıq və tövsiyələrini verir. Bunun nəticəsi kimi, regionların inkişafı prosesinin sürətləndirilməsi məqsədinə hesablanmış əlavə sərəncamlar imzalayır.
Naxçıvan Muxtar Respublikasına səfərdən sonra yanvar ayının 12-də dövlət başçısı muxtar respublikanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan 5 milyon manatın ayrılması ilə bağlı sərəncam imzalayıb.
Yanvarın 23-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” saylı hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib.

 

Regionlarda pambıqçılığın inkişafı geniş vüsət alır

 

Mart ayının 28-də Saatlı rayonuna səfər edən dövlət başçısı burada yeni obyektlərin açılış mərasimində iştirak etməklə yanaşı pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirib. Öncə yeni inşa edilən 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyasının, Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi, Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışı və şəhərin su təchizatı sistemlərinin istismara verilməsi mərasimlərində iştirak edib.
Rayonun Qıraqlı kəndi ərazisində fermer Humay Məmmədovanın pambıq sahəsi ilə tanış olduqdan sonra dövlət başçısının sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Müşavirədə bu sahənin inkişafı və gələcək planlarla bağlı tapşırıq və tövsiyələrini çatdıran Prezident vurğulayıb ki, il ərzində 22 rayonda pambıq əkilməsi nəzərdə tutulsa da, ən çox pambıq tədarükü Saatlı rayonunda gözlənilir: “Pambıqçılığın rayonun inkişafına çox böyük xeyri var. Eyni zamanda, biz pambıqçılıqla məşğul olan bütün rayonlarda sürətli inkişafı görürük. Biz fəaliyyətimizi gələcəkdə də uğurla davam etdirəcəyik. Qeyri-neft sektorunun inkişafı prioritet sahədir, xüsusilə indiki şəraitdə ki, neftin qiyməti dünya bazarlarında kəskin şəkildə aşağı düşüb. Biz indi qeyri-neft sektorunun inkişafına həm daha çox fikir verəcəyik, həm də ki, daha da fəal iş aparılacaqdır”.
Prezident qeyd edib ki, bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var. Çünki bu, ölkəyə ən əsası valyuta gətirir. Ona görə pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür.
Səfərdən sonra dövlət başçısı iki min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi məqsədilə “Azəravtoyol” ASC-yə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon manat və Saatlı rayonunda çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Prezidentin Ehtiyat Fondundan rayon icra hakimiyyətinə 3 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb.

 

Qeyri-neft ixracı ilə bağlı atılmış addımlar müsbət nəticələr verir

 

Aprelin 16-17-də Prezident İlham Əliyev Aran bölgəsində səfərdə olub. Öncə Yevlax rayonunda Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Mingəçevir-Mingəçevir stansiyası hissəsinin, Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun, Varvara Balıqartırma Müəssisəsinin və Varvara Su Elektrik Stansiyasının yenidənqurmadan sonra açılış mərasimlərində iştirak edib.
Aprelin 17-də isə Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzinin təqdimatı olub. Təqdimat mərasimində iştirak edən Prezidentin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilib.
Müşavirədə geniş nitq söyləyən dövlət başçısı vurğulayıb ki, sahibkarlığın inkişafı dövlət üçün prioritet məsələlərdən biridir. Bu gün ölkəmizdə sahibkarlığın inkişafına həm siyasi dəstək verilir, həm də dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir, gözəl regional inkişaf mərkəzləri yaradılır. Aran Regional İnkişaf Mərkəzinin tikilib istifadəyə verilməsi isə sahibkarlığın inkişafına növbəti dəstəyin əlamətidir: “Regionlarımız abadlaşıb, şəhərlərimiz gözəlləşib. İndi hər bir bölgəyə səfər edərkən gözəllik, abadlıq görürsən... Keçən il qəbul edilmiş qərarlar, qanunlar, imzaladığım fərman və sərəncamlar iqtisadiyyatımızı daha da şaxələndirmək üçün yaxşı imkanlar yaratdı. Xüsusilə qeyri-neft ixracı ilə bağlı atılmış addımlar artıq öz gözəl nəticələrini verməkdədir. Biz təşviq sistemini tətbiq etməyə başladıq. “Azexport” portalı, “Made in Azerbaijan” brendi investisiya və ixrac təşviqi yaradıb. Bundan sonra sahibkarlara ancaq bunlardan istifadə etmək və öz imkanlarını genişləndirmək, ölkəmizə daha böyük fayda gətirmək qalır”.
Aran bölgəsinə səfərdən sonra aprelin 18-də dövlət başçısı Yevlax şəhərində qəzalı vəziyyətdə olan 10 binada yaşayan ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 45 mənzilli yeni yaşayış binasının tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan rayon icra hakimiyyətinə 3 milyon manat vəsait ayrılması ilə bağlı sərəncam imzalayıb.
Aprel ayının 28-də Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub.

 

Cəbrayıla Ali Baş Komandan kimi ilk səfər

 

İyunun 14-ü isə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan təqvim günü kimi yadda qalıb. Çünki cənab İlham Əliyev Ali Baş Komandan kimi işğaldan azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
Öncə onu qeyd edək ki, 2016-cı ildə ordumuzun şanlı aprel zəfərindən sonra dövlət başçısının müvafiq sərəncamları ilə kəndin bərpası və görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının, müvafiq infrastrukturun və kəndə gedən avtomobil yolunun tikintisi üçün ümumilikdə 8,3 milyon manat vəsait ayrılmışdır.
Qurtuluş günündən bir gün öncə yenidən qurulan və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, cəbrayıllıların öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşən Cocuq Mərcanlı kəndinə səfər edən Ali Baş Komandan öncə kənd yolunun açılışını edib, yeni inşa olunan 96 şagird yerlik məktəblə tanış olub. Ali Baş Komandan məktəbdə hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşüb.
Dövlət başçısı həmçinin xüsusi tapşırığına əsasən Cocuq Mərcanlıda inşa edilən Şuşa məscidinin bənzəri olan məscidə də baş çəkdikdən sonra kənd sakini Oqtay Həziyevin evində olub və Azərbaycan Respublikasının birinci dərəcəli ilk “Əmək” ordenini, eləcə də evin orderini Oqtay Həziyevə təqdim edib.
Səfərdən sonra, iyun ayının 15-də dövlət başçısı böyük qayıdışın ilk qaranquşu hesab edilən Cocuq Mərcanlı kəndinin bərpasının 2-ci mərhələsi ilə bağlı 2 sərəncam imzaladı. Sərəncamlara əsasən kənddə tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9 milyon manat, kənddə əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat vəsait ayrılıb. Artıq kəndin bərpasının 2-ci mərhələsi də, demək olar ki, başa çatmaq üzrədir.

 

Hərbi sənaye kompleksi güclənir

 

İyun ayının 23-də Şirvan şəhərinə səfər edən Prezident İlham Əliyev bir sıra hərbi sənaye kompleksinin açılışında iştirak edib. Öncə dövlət başçısı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin açılış mərasiminə gəlib.
Sonra Şirvan şəhərində tank əleyhinə qumbaraatanlar üçün sursat istehsalı zavodunu işə salan Prezident həmçinin Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışını edib.
Səfərdən sonra dövlət başçısı Şirvan şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri üçün rayon icra hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsaitin ayrılması ilə bağlı sərəncam imzalayıb.

 

Şimal-qərb zonası sürətli inkişaf dövrünü yaşayır

 

Prezident İlham Əliyev avqustun 3-də respublikamızın şimal-qərb bölgəsinə səfər edib. Öncə Balakən rayonunda olan Prezident Balakən Su Elektrik Stansiyasının, Bayraq Muzeyinin, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun və “ABAD Mərkəz”in açılışlarında iştirak edib. Qeyd edək ki, bu, regionlarda yaradılan sayca ikinci “ABAD Mərkəz”dir. Birincisi Masallıda yaradılıb.
Həmin gün Zaqatala rayonuna səfər edən dövlət başçısı burada 110/35/10 kV-luq “Bəhmətli” elektrik yarımstansiyasının açılışını edib, “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti və “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub.
Sonra Prezident Qax rayonuna səfər edib. Səfər çərçivəsində Bayraq Muzeyinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 180 yerlik körpələr evi-uşaq bağçasının, Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qorağan-Qax hissəsinin, Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışlarında həmçinin 110/35/10 kV-luq yeni elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib. Bununla yanaşı, tütün qəbulu məntəqəsiylə Lələpaşa kəndinin sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub.
Avqustun 4-də Qaxda Prezident İlham Əliyevin sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Dövlət başçısı bildirib ki, nəinki bu üç rayonda, bütün şimal-qərb zonasında çox sürətli inkişaf gedir. Bu zonaya həm dövlət, həm özəl sektor tərəfindən çox böyük investisiyalar qoyulur. Ancaq əlbəttə ki, burada əsas investisiya qoyuluşunun payı dövlətin üzərinə düşür. Son illərdə bu bölgəyə dövlət büdcəsi hesabına çox böyük investisiyalar qoyulub. Bunun nəticəsidir ki, bu gün şimal-qərb zonası sürətli inkişaf dövrünü yaşayır, perspektivləri də çox müsbətdir.
Müşavirədə tütünçülüyün, baramaçılığın, fındıqçılığın inkişafına toxunan dövlət başçısı deyib: “Bugünkü müşavirənin əsas məqsədi ondan ibarətdir ki, görülmüş işlərə yekun vuraq, - çünki son iki il ərzində bu sahələrin inkişafı üçün çox böyük işlər görülmüşdür, - eyni zamanda, gələcək fəaliyyətimiz üçün konkret tədbirlər planı hazırlayaq. Dövlət proqramları da qəbul ediləcəkdir ki, bu ənənəvi sahələr Azərbaycanda daha geniş vüsət alsın. Bir sözlə, idxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarımızı genişləndirmək məsələləri Azərbaycanda uğurla təmin edilir. Əminəm ki, bugünkü müşavirənin nəticəsində bizim üçün ənənəvi olan sahələr - baramaçılıq, tütünçülük, fındıqçılıq da uğurla inkişaf edəcək, həm fermerlər, kəndlilər daha da böyük fayda görəcək, eyni zamanda dövlətimiz daha da güclənəcək”.
Dövlət başçısı şimal-qərb bölgəsinə səfərindən sonra Balakən, Zaqatala və Qax şəhərlərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və digər sosial layihələrin icrası ilə bağlı avqustun 5-də ümumilikdə 6 sərəncam imzalayıb.
Prezidentin imzaladığı 2 sərəncama əsasən Balakən və Zaqatala rayonlarında yol infrastrukturunun tikintisinə ümumilikdə 11,9 milyon manat vəsait ayrılıb. Bunlar 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Qazbinə-İtitala avtomobil yolu (3 milyon manat) və 23 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yoludur (8,9 milyon manat).
Bununla yanaşı, Balakən şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə Uşaq İncəsənət Məktəbinin yeni binasının tikilməsi, Zaqatala və Qax şəhərlərində abadlıq-quruculuq işləri və çoxmənzilli binaların əsaslı təmirinin həyata keçirilməsi üçün hər rayonun icra hakimiyyətinə ayrı-ayrılıqda 3 milyon manat vəsait ayrılması ilə bağlı sərəncamlar imzalanıb. Dövlət başçısının digər sərəncamına əsasən, Qax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi məqsədilə 2,99 milyon manat ayrılıb.

 

Bir ayda yeddi rayona səfər

 

Avqust ayı dövlət başçısının regionlara səfərləri çərçivəsindəki iş qrafikinin zənginliyi ilə yadda qalıb. Belə ki, ayın əvvəlində şimal-qərb bölgəsində səfərdə olan Prezident avqustun 19-20-də qərb bölgəsinə - Göygöl, Samux, Gədəbəy və Şəmkir rayonlarına səfər edib.
Öncə Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olan Prezident əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının, rayonun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq “Çiçəkli” Su Elektrik Stansiyasının, Respublika Süni Mayalanma Mərkəzinin açılışlarında iştirak edib. Həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Göygöl Rayon İdarəsinin inzibati-laboratoriya binasında və zona baytarlıq laboratoriyasında yaradılan şəraitlə tanış olub.
Samux rayonuna səfəri çərçivəsində dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçasının, Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux və Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışlarında, həmçinin Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsinin, eləcə də 110/35/10 kV-luq “Yenikənd” yarımstansiyasının istifadəyə verilməsi mərasimlərində iştirak edib. Prezident eyni zamanda Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub.
Avqustun 20-də Gədəbəy rayonuna səfər edən cənab İlham Əliyev Heydər Əliyev Mərkəzinin, “Gədəbəy Mineral Suları” MMC-nin illik istehsal gücü 6 milyon litr olan limonad zavodunun, Gədəbəy şəhərinin içməli su təchizatı layihəsinin, 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyasının açılışlarında iştirak edib.
Həmin gün dövlət başçısı Şəmkir rayonunda da bir sıra mühüm obyektlərin açılış mərasimlərini keçirib. Prezident “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının, “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir Avtomat İdarəetmə və Nəzarət Mərkəzinin və Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib. Bununla yanaşı, Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə və Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub.
Qərb bölgəsinə səfərindən sonra dövlət başçısı adıçəkilən rayonlarda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə sərəncamlar imzalayıb. Bu sərəncamlara əsasən Şəmkir, Gədəbəy, Samux və Göygöl rayonlarında abadlıq-quruculuq işlərinin davam etdirilməsi, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri məqsədilə Prezidentin Ehtiyat Fondundan 4 rayonun icra hakimiyyətlərinə (hər rayon üçün 3 milyon manat) ümumilikdə 12 milyon manat vəsait ayrılıb.
Beləliklə, dövlət başçısının avqust ayında səfər etdiyi 7 rayonun sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı 10 sərəncama əsasən ümumilikdə 35,89 milyon manat vəsait ayrılıb.

 

Çay, çəltik, sitrus meyvələri istehsalına göstərilən diqqət öz nəticəsini verir

 

Sentyabrın 2-3-də Prezident respublikanın cənub bölgəsinə - Cəlilabad və Lənkəran rayonlarına səfər edib. Səfər çərçivəsində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin, əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsinin və Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun açılışında iştirak edən Prezident Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasiminə qatılıb. Həmçinin Cəlilabad Telekommunikasiya Qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasında yaradılan şəraitlə tanış olub.
Dövlət başçısı “Avanqard” MMC-nin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsinin açılışını edib, “Günəşli-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkında yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev həmin gün Lənkəran rayonunda “Xəzər Palace” hotel kompleksinin və “Cənub-Aqro” MMC-nin çəltik zavodunun açılışını edib. Həmçinin fermer Araz Yaqubovun “Yaşıl Çay” MMC-nin plantasiyasında görülən işlər, “Gilan Orchards” MMC tərəfindən salınmış sitrus bağları ilə tanış olub, “Astaraçay” MMC-nin plantasiyalarına, “Cənub-Aqro” MMC-nin çəltik sahələrinə baxıb.
Sentyabrın 3-də Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Prezident son illər bu sahəyə göstərilən diqqətdən danışıb və tapşırıq və tövsiyələrini verib. Qeyd edib ki, son illər ərzində bu sahəyə göstərilən diqqət öz nəticəsini verir: “Azərbaycanda bu sahələrin böyük ənənələri var. Eyni zamanda, cənub zonasının ənənəvi kənd təsərrüfatı məhsulu sitrus meyvələridir. Son vaxtlar bu istiqamətdə də önəmli addımlar atılır. Əminəm ki, bugünkü müşavirədən sonra bu üç önəmli sahənin inkişafına yeni təkan veriləcək. Çünki dövlət artıq bu sahələrə öz dəstəyini çox ciddi şəkildə ortaya qoyur”.
Dövlət başçısı cənub bölgəsinə səfərindən sonra Cəlilabad və Lənkəran rayonlarında abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə 4 sərəncam imzalayıb. Sərəncamlara əsasən Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan “Azəravtoyol” ASC-yə 3 milyon manat, Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri üçün rayon icra hakimiyyətinə 3 milyon manat, Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsi üçün Gənclər və İdman Nazirliyinə 3 milyon manat və Lənkəran şəhərində 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün şəhər icra hakimiyyətinə 3 milyon manat ayrılıb.

 

İlk sənaye məhəlləsinin açılışı

 

Sentyabrın 24-də Prezident İlham Əliyev Neftçala və Salyan rayonlarına səfər edib. Azərbaycanın ilk sənaye məhəlləsi olan Neftçala Sənaye Məhəlləsinin, “Neftçala” yarımstansiyasının açılışında iştirak edən dövlət başçısı Neftçala Mərkəzi Rayon Xəstəxanasında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub, Kür çayından Neftçala magistral kanalı vasitəsilə Neftçala rayonunun əkin sahələrinə suvarma suyunun verilməsi mərasimində iştirak edib. Həmçinin rayon ərazisində fermer Əlihüseyn Hacıyevin pambıq sahəsi ilə tanış olub.
Həmin gün Salyan rayonunda olan dövlət başçısı Bayraq Muzeyinin, 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyasının, 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının və Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında iştirak edib. Həmçinin rayonun Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub.
Bu səfərdən sonra dövlət başçısı səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Qaraçala-Düzənlik-Peyk-Birinci Varlı avtomobil yolunun tikintisi məqsədilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən 3,5 milyon manat və 37 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azəravtoyol” ASC-yə 21,5 milyon manat vəsait ayrılması ilə bağlı sərəncamlar imzalayıb.
Həmçinin Prezidentin daha 2 sərəncamı ilə Neftçala şəhərində 35 çoxmənzilli, Salyan şəhərində 34 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün Prezidentin Ehtiyat Fondundan hər iki rayonun icra hakimiyyətinə ayrı-ayrılıqda 3 milyon manat vəsait ayrılıb.

 

Reallaşan layihələr, sosial inkişafa təkan verən obyektlər

 

Oktyabrın 2-də dövlət başçısı Qobustan və Şamaxı rayonlarına səfər edib. Öncə Qobustan rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 55-101-ci kilometrlik hissəsini əhatə edən Cəngi-Bədəlli yolunun, əsaslı təmir edilən Təklə-Sündü-Xilmilli avtomobil yolunun açılışında iştirak edən dövlət başçısı həmçinin yeni tikilmiş 100 yerlik uşaq bağçasının açılışında, “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin yekunlaşması ilə bağlı təşkil olunan mərasimdə iştirak edib.
Həmin gün Prezident Şamaxı-Çöl Göylər-Padar və əsaslı surətdə yenidən qurulan Pirqulu-Dəmirçi avtomobil yolunun, Şamaxı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. “Az-Granata” MMC-yə məxsus üzüm bağları, rayonun Dəmirçi kəndində görülən işlər və yeni yaradılan Şamaxı Safari parkı ilə tanış olub.
Bu səfərlərdən sonra Prezident oktyabrın 3-də Qobustan şəhərində abadlıq-quruculuq işlərinin, həmçinin Şamaxı şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan hər iki rayonun icra hakimiyyətinə ayrı-ayrılıqda 3 milyon manat vəsaitin ayrılması ilə bağlı sərəncamlar imzalayıb. Dövlət başçısının digər sərəncamına əsasən isə Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi məqsədilə Prezidentin Ehtiyat Fondundan “Azəravtoyol” ASC-yə ilkin olaraq 3 milyon manat ayrılıb.
Noyabrın 10-da Prezident İlham Əliyev Gəncə şəhərinə səfər edib. Dövlət başçısı burada görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, Gəncə Dövlət Filarmoniyasının yeni binasının, Gəncədə Mirzə Şəfi Vazeh Muzeyinin, “Grand Qafqaz” Ticarət Kompleksinin, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin, 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının açılışını edib. Prezident həmçinin “Majestic Palace” hotelinin tikintisi ilə maraqlanıb, “Gəncə Mall” Ticarət Mərkəzində, eləcə də İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Bu səfərdən sonra Prezident Gəncə şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və fasad hissələrinin əsaslı təmiri, həmçinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 7 milyon manat vəsait ayrılması ilə bağlı sərəncam imzalayıb.

 

Qaçqın və məcburi köçkünlərə dövlət qayğısının növbəti nümunəsi

 

Prezident İlham Əliyev noyabrın 16-da Abşeron rayonuna səfər edib. Dövlət başçısı bölgələrdə inşa edilən sayca 42-ci olimpiya mərkəzi olan Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Bu, Azərbaycan dövlətinin idmanın inkişafına verdiyi töhfənin bariz təcəssümüdür.
Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışını edən Prezident həmçinin “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə də tanış olub.
Səfərdən sonra dövlət başçısı Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Prezidentin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” ASC-yə 10,1 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamına əsasən Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Prezidentin Ehtiyat Fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılıb.
Noyabr ayının 28-də Prezident Tərtər, Ağcabədi və Sabirabad rayonlarına səfərə gələrək bir sıra obyektlərin açılışını edib və yerli sakinlərlə görüşüb. Öncə Tərtərdə Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın, Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışını edən dövlət başçısı rayonda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində və “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Həmin gün Ağcabədi rayonuna səfər edən Prezident Bayraq Muzeyinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Olimpiya İdman Kompleksinin, yeni çörək və un məmulatları zavodunun, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş 4 nömrəli körpələr evi-uşaq bağçasının açılışlarında iştirak edib.
Ağcabədiyə səfəri çərçivəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olan Prezident sonra Sabirabad rayonuna yollanıb. Bir gün öncə - noyabrın 27-də Sabirabad Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayan dövlət başçısı burada yeni sənaye məhəlləsinin təməlini qoyub.
Sonra Prezident Bayraq Muzeyinin, rayon Mərkəzi Xəstəxanasının, əsaslı şəkildə bərpa olunaraq yenidən qurulmuş Qalağayın-Osmanlı-Çöl Beşdəli-Zalqarağac-Çöl Ağaməmmədli-Azadkənd-Muğan-Gəncəli və tamamilə bərpa edilərək yenidən qurulmuş Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı həmçinin Nizami kəndində “Sabirabad Quşçuluq” MMC-nin əmtəəlik yumurta və quş əti istehsalı fabrikinin fəaliyyəti ilə tanış olub.
Bu səfərdən sonra dövlət başçısının 3 sərəncamı ilə Sabirabad və Ağcabədi şəhərlərində 25, Tərtər şəhərində isə 20 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avans ödənilməsindən ötrü Prezidentin Ehtiyat Fondundan hər 3 rayon icra hakimiyyətinə ayrı-ayrılıqda 3 milyon manat vəsait ayrılıb.

 

Bölgələrimiz Cənubi Qafqazın sənaye mərkəzinə çevrilir

 

İlin son ayında isə dövlət başçısı Quba, Sumqayıt və Abşerona səfər edərək mühüm sosial-iaşə obyektlərinin, fabrik və zavodların açılışında iştirak edib, yeni müəssisələrin təməlqoyma mərasimlərində olub.
Öncə dekabrın 7-də Quba rayonuna səfər edən Prezident burada Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-202 kilometrlik hissəsində tikiləcək yeni yolun təməlqoyma mərasimində iştirak edib.
Dövlət başçısı və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksinin, Quba Bayraq Muzeyinin, “Azərxalça” ASC-nin Quba filialının, həmçinin əsaslı şəkildə yenidən qurulan Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının açılışında iştirak ediblər.
Səfərdən sonra Prezident Quba şəhərində 32 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması üçün podratçı təşkilatlara zəruri avans ödənilməsindən ötrü Prezidentin Ehtiyat Fondundan rayon icra hakimiyyətinə 3 milyon manat vəsait ayrılması ilə bağlı sərəncam imzalayıb.
Dekabrın 15-i isə Azərbaycan Prezidenti Sumqayıt şəhərinə səfər edib. Burada Bayraq Muzeyinin və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının, “Baku Steel Company” MMC-nin Sumqayıt Boruyayma Zavodunun yenidənqurmadan sonra açılışında iştirak edən dövlət başçısı Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayında və şəhərin Lüdviqshafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Prezident həmçinin Sumqayıt Kimya Sənaye Parkında olub. Qeyd edək ki, hazırda parkın 15 rezidenti var, qoyulan və qoyulacaq sərmayələrin məbləği milyardlarla dollar həcmindədir. Dövlət başçısı burada “Gilan Sənaye Qrupu”na daxil olan “Aqrokimya Azərbaycan” MMC-nin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin, “STDC” MMC-nin layihəsi olan məlumatların emalı, qeydə alınması və ötürülməsi mərkəzinin - Data Mərkəzin, avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetika sahələrində istifadə olunan 30 min ton müxtəlif növ yüksəkkeyfiyyətli sürtkü yağlarının istehsalını həyata keçirəcək “Alco Lubricant Company” MMC-nin və ABŞ-ın Parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum və fitinq istehsal edəcək “MST Engineering Services” MMC-nin açılışında iştirak edib.
Bununla yanaşı, Prezident “AzerFloat” QSC-nin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun, “Azərxalça” ASC-nin yun əyirici-boyaq fabrikinin və “Tabaterra” QSC-nin tütün fabrikinin təməlini qoyub.
Səfərdən sonra Prezident Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Sumqayıt Şəhər İcra Hakimiyyətinə Prezidentin Ehtiyat Fondundan 7 milyon manat ayrılması ilə bağlı sərəncam imzalayıb.
Dövlət başçısı ötən il son səfərini dekabrın 29-da Abşeron rayonuna edib. Yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında iştirak edən Prezident sonra “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğundakı vəziyyətlə tanış olub. Burada şəraitin dözülməz olduğunu görən dövlət başçısı bu durumun qısa müddət ərzində aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına ciddi tapşırıq verib.

 

36 sərəncam, 155,29 milyon manat vəsait

 

Prezident İlham Əliyevin respublikamızın rayon və şəhərlərinin iqtisadi inkişafı üçün yorulmadan həyata keçirdiyi və tək bugünə deyil, gələcəyə hesablanmış tədbirlər, həmçinin bu kontekstdə hökumətin qarşısında qoyduğu vəzifələrin davamlı və uğurlu icrası artıq müsbət nəticələrini verməkdədir.
Yola saldığımız 2017-ci ildə dövlət başçısı respublikanın əksər şəhər və rayonuna səfər edib. Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhəri, Ordubad, Şahbuz, Culfa rayonları, eləcə də Saatlı, Yevlax, Cəbrayıl, Şirvan, Qax, Zaqatala, Balakən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Lənkəran, Cəlilabad, Salyan, Neftçala, Qobustan, Şamaxı, Gəncə, Tərtər, Ağcabədi, Sabirabad, Quba, Sumqayıt (2 dəfə), Abşeron (3 dəfə) rayon və şəhərlərinə ümumilikdə 31 səfər edən dövlət başçısı 100 obyektin - 74 sosial-iaşə, 26 yol-nəqliyyat infrastrukturu layihəsinin açılış mərasiminə qatılıb, 6 təməlqoyma mərasimində iştirak edib.
Dövlət başçısının 28 şəhər və rayona etdiyi 31 səfərdən sonra abadlıq-quruculuq işlərinin davam etdirilməsi, yol infrastrukturunun yenilənməsi ilə bağlı imzaladığı 36 sərəncama əsasən 155,29 milyon manat vəsait ayrılıb.
Bütün bunlar bir daha təsdiqləyir ki, vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən Prezident İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır. Çünki hər kəs şahiddir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə layiqli xidmət prinsipi üzərində qurulub.

 

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”