Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

O dəyərlər bizimdirsə, bəs hərdən baş verənlər nədir?

06 Yanvar 2018
 

Tənqid obyektinin də bəlli səviyyəsi olmalıdır!

Hazırda televiziya kanallarındakı şou proqramlarının səviyyəsi o qədər aşağı enib ki, daha onları tənqid etməyi heç kəs özünə sığışdırmır! Bir-birinin dalınca danışmaq, ayıb işlərini açıb ictimailəşdirmək, söyüb təhqir edərək məhkəmə çəkişmələrinə başlamaq, “sponsor” adlarını açıqlayıb gizlinləri faş etmək və s. adi hala, şou proqramlarının leytmotivinə çevrilib. Həm də sənətdə tanınmağın və məşhurlaşmağın ən adi və asan vasitəsi olub. Bütün bunları - bir-birlərini yaxşı tanıyanların özlərinin özləri haqqında dediklərini eşidib biləndən sonra belə bir məntiqi qənaətə gəlirsən ki, artıq şou aləmində ciddi mənəviyyat böhranı yaşanır. Halbuki keçmiş dövrlərdə bizim xanəndə və müğənnilərimiz, bəstəkar və musiqiçilərimiz həm də yüksək mənəviyyatları, abır və alicənablıqları, mərdlik və səxavətlilikləri ilə də daim fərqlənmiş, ifaları ilə bərabər davranış və danışıqları ilə də el məhəbbəti, el hörməti qazanmış, daşıdıqları fəxri adlara, dövlət təltiflərinə və yüksək titullarına layiq olduqlarını nümayiş etdirmişlər. Musiqi mədəniyyəti tarixində buna dair onlarla, hətta yüzlərlə əhvalat, hadisə yaşanıb və yaddaşlara həkk olunub.
“Ədalət” qəzetinin 30 dekabr 2017-ci il tarixli nömrəsində “Şəki əhvalatları” başlığı ilə dərc edilən Çingiz Ənvəroğlunun xatirələri “sənətkar-xalq” münasibətlərindəki hörmət və sevgi baxımından diqqətimizi cəlb etdi. Odur ki, “əhvalat”ların mərhum xalq artisti Sara Qədimova ilə bağlı hissəsini olduğu kimi dərc edirik.

 

Gəl bura, indi mən səni öpəcəyəm!

 

1965-ci ilin noyabr ayında Azərbaycan Respublikasının xalq artisti, böyük sənətkar, opera-balet teatrının solisti, Leyli rolunun yaddaqalan ifaçılarından biri, mənim çox sevdiyim, xüsusi pərəstişkarı olduğum Sara xanım Qədimova Şəkiyə qastrol səfərinə gəlmişdi. Həmişə belə konsertlər Məhəmməd Füzuli adına parkda açıq havada təşkil olunurdu. Havanın soyuq və yağışlı olması səbəbindən konserti M.F.Axundov adına kinoteatrın zalında təşkil etmişdilər. Bu zalda belə konsertlərə çox təsadüfi hallarda, rayon rəhbərlərinin müdaxiləsindən sonra icazə verilirdi. Ona görə ki, bu kino-teatrda gündüz saatlarından gecənin yarısına qədər qısa fasilələrlə filmlər göstərilirdi, zal da həmişə dolu olurdu. Amma Sara xanımın hörmətinə, nüfuzuna görə konsertin belə böyük, geniş zalda təşkil edilməsi həm də böyük sənətkarın pərəstişkarlarına hörmətin təzahürü idi. Zalda adi günlərdəkindən fərqli olaraq kənarlarda və ortadakı boş yerlərə stullar qoyulmuşdu. Hələ arxada xeyli insan ayaq üstə durmuşdu. Zalda böyük izdiham var idi. Konsertin başlaması elan olunanda hamı alqışlarla Sara xanımı qarşıladı. Sara xanım səhnədə görünəndə tamaşaçılar ayağa qalxıb daha sürəkli alqışlarla onu qarşıladılar. Sara xanım səhnənin ortasında dayanıb pərəstişkarları qarşısında bir neçə dəfə ehtiramla baş əyib dayandı. Alqışlar ara vermirdi, ansambl böyük coşqu ilə çalmağa başladı və alqışlar yavaş-yavaş azalıb dayandı. Sara xanım zala göz gəzdirib bir neçə addım da irəli gəlib onun üçün qoyulmuş mikrofonu götürüb geriyə qayıtdı və həmin mikrofonu səsi zəif eşidilən kamança çalanın qarşısına qoydu. Bundan sonra bütün alətlərin səsi zalda normal eşidildi və Sara xanım böyük zalda mikrofonsuz oxumağa başladı. Onun gur, ecazkar səsi zalı tam dolduranda tamaşaçılar yenidən Sara xanımı alqışlara qərq etdilər. O oxuya-oxuya səhnədə gəzişirdi. Təxminən bir saat yarım olardı Sara xanım fasiləsiz oxuyurdu, mikrofonsuz oxuduğu üçün səhnədə sərbəst hərəkət edir, tez-tez yerini dəyişirdi. Döşəmənin köhnə, quru taxtaları arabir onun ayaqları altında cığıldayırdı. Sara xanım elə bil sakit yer axtarır, gəzişməyini davam etdirirdi. Birdən onun tuflisinin dabanı döşəmə taxtalarının arasına girdi. O, oxumağına ara vermədən yerində dayanıb ayağını dartıb tuflisinin dabanını çıxarmağa cəhd etdi. Bir neçə dəfə belə cəhd etdi, amma alınmadı, tufli ayağından çıxdı. Sara xanım ifa etdiyi mahnının heç ritmini belə pozmadan oxumağını davam edirdi. O, tuflisi çıxan ayağının pəncəsinin köməyi ilə müvazinətini pozmadan ikinci tuflini də ayağından çıxarıb ayaqyalın gəzişərək oxumağına davam etdi. Belə gözəl, böyük sənətkara layiq olmayan səhnəyə görə tamaşaçılar elə bil utanıb çaşqın qalmışdılar. Şəki ipək kombinatında sürücü işləyən Mənsur (Şəkidə hamı ona ləqəbi ilə - Qabardin oğlu deyirdi) yerindən durub tələsə-tələsə səhnəyə qalxdı, Sara xanımın qarşısında dayanıb iki əlini sinəsinə qoyub ona hörmət və ehtiramla baş əydi, sonra bir az da irəli gedib aşağı əyildi, tuflinin dabanını döşəmənin arasından çıxardı. Tuflinin üzünü, dabanını və yanlarını pencəyinin qolu ilə silib, gəldi Sara xanımın qabağında dizi üstə çöküb tufliləri bir-bir öpüb onun ayağına öz əli ilə geyindirib ayağa qalxdı və səhnəyə qalxdığı sürətlə də geri qayıdıb yerində oturdu. Bir neçə dəqiqə davam edən zaldakı sakitliyi alqış səsləri pozdu. Amma budəfəki alqış təkcə Sara xanıma deyildi. Sara xanım özü də səhnədə əl çalaraq Mənsuru alqışlayırdı. Alqışlar bir qədər sakitləşəndə Sara xanım üzünü zala tutub dedi:
- Ay oğlan, bura gəl!
Mənsur yerindən durub yenə hər iki əlini sinəsinə qoyub Sara xanıma baş əydi. Zalda alqış səsləri yenidən yüksəldi. Mənsur səhnəyə getməyib yerində oturdu. Sara xanım bu dəfə təkidlə dedi:
- Sən bura gəl, indi mən səni öpəcəyəm.
Mənsur yenə ayağa qalxıb hörmət və etiramla baş əydi. Adamlar yerbəyerdən səsləndilər.
- Mənsur get, Qabardinoğlu get.
Mənsur ayağa qalxıb səhnəyə tərəf getdi və lap irəlidə dayanıb yenə ona baş əydi. Qabaq sıralarda oturanlar ona gül dəstələri verib səhnəyə tərəf istiqamətləndirdilər. Mənsur sanki məcbur olub əlindəki güllərin xatirinə utana-utana səhnəyə qalxdı. Sara xanıma çatıb gülləri ona uzatdı. Sara xanım sol əli ilə gülləri alıb sağ əlini Mənsura uzatdı. Mənsur da əl verib onunla görüşdü və Sara xanım onu özünə tərəf çəkib hər iki yanağından öpdü. Bu qarşılıqlı hörməti, səmimiyyəti tamaşaçılar uzun sürən alqışlarla qiymətləndirdilər. Həmin konsert və həmin əhvalat indi də yaşlı adamların xatirəsində yaşayır. Allahdan Sara xanıma rəhmət diləyirik. Onun sənətkarlığı və səmimiyyəti Şəkidə böyük hörmət və ehtiramla həmişə yad edilir.