Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qəbələdə XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı keçirilir

06 Yanvar 2018
 

Yanvarın 5-də Azərbaycanda ilk dəfə olaraq Qəbələ şəhərində XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalına start verilib. AZƏRTAC xəbər verir ki, “Gilan Holdinq”in təşkilatçılığı ilə Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzi, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi və “Qafqaz Resorte” hotelində keçiriləcək festivalın zəngin proqramı var.

Festival çərçivəsində əvvəlcə “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzində “Safari” səhra velosipedi idman növü üzrə yarış keçirilib. Kişi, qadın və uşaqların iştirak etdiyi yarışda ilk 3 yeri tutan iştirakçılara hədiyyələr verilib. 

Ukraynanın CİTA turizm şirkətinin direktoru Radomir Lisak bildirib ki, rəhbərlik etdiyi şirkət tərəfindən hər il turistlər üçün müxtəlif ölkələrə maraqlı və musiqili-əyləncəli səfərlər təşkil edilir. Şirkətin xətti ilə Qəbələyə Ukrayna, Belarus və Avropa ölkələrindən 1000-dən çox turist gəlib. Onlar Qəbələnin “Qafqaz” brendli beşulduzlu hotellərində yerləşdiriliblər. İstirahət üçün Qəbələyə ailəvi gələn turistlər yanvarın 11-dək davam edəcək festival çərçivəsində idman və əyləncəli proqramlar, intellektual oyunlar, axşam isə konsertlər, məzəli-əyləncəli proqramlarda iştirak edəcəklər. Bundan əlavə, festival müddətində idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər tədbirlər nəzərdə tutulub.

Turistlər Qəbələnin tarixi məkanları, görməli yerləri ilə də tanış olmaq imkanı əldə edəcəklər. Radomir Lisak belə səfərlərin keçirilməsində əsas məqsədin Qəbələnin turizm imkanlarının xarici turistlərə təqdim edilməsi olduğunu bildirib.

Festivalın musiqili qonaqları Vaxtanq Kikabidze, Diana Arbenina və “Nocnie Snayperi” qrupu, Vladimir Zelenski, Nataliya Moqilevskaya və “Kvartal 95” yumor qrupu olacaq.

Qeyd edək ki, 2009-cu ildən keçirilən festival ilk dəfə Yunanıstanda, növbəti illərdə isə İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Ukraynada təşkil edilib.