Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaq

05 Yanvar 2018
 

Geridə qoyduğumuz 2017-ci il dünyanın hər bir ölkəsinin ictimai-siyasi həyatında müxtəlif hadisələrlə yadda qaldı. Bəziləri müharibə və terrordan, bir qismi daxili siyasi kataklizmlərdən, çəkişmələrdən və vətəndaş qarşıdurmasından əziyyət çəkdi. Dünya birliyində özünün layiqli yeri olan, uzun illərdir Cənubi Qafqazın lideri statusunu daşıyan müstəqil Azərbaycanda isə 2017-ci il yaddaqalan hadisələrlə, o cümlədən uğurlu məqamlarla əlamətdar oldu. 

Dövlət müstəqilliyinin bərpasının 26-cı ilinin tamam olduğu ötən ili respublikamız üçün xarakterizə edən məqamlardan ən mühümü siyasi-ictimai sabitliyin qorunub saxlanılması və daha da möhkəmləndirilməsidir. Məhz bu amil digər sahələrə də sirayət edərək il ərzində inkişafı və yüksək əhvali-ruhiyyəni təmin etdi.
Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliyin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik ötən il Azərbaycan iqtisadiyyatının inkişafını, xarici təsirlərə və risklərə dayanıqlığını şərtləndirən başlıca amillər kimi yadda qaldı.
Ötən il ölkəmizin şanlı tarixinə qızıl hərflərlə yazılacaq mühüm hadisələri xüsusilə qeyd etməliyik: IV İslam Həmrəyliyi Oyunları, “Yeni əsrin müqaviləsi”, Baki-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı və 2 milyard ton neft hasilatı. Əlbəttə ki, bütün bunlar tarixilik və geosiyasi kontekstdə müstəqil Azərbaycan üçün çox əhəmiyyətli proseslərdir.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu mühüm prosesləri dəyərləndirərkən qeyd edib ki, 2050-ci ilə qədər qüvvədə olacaq “Əsrin müqaviləsi” ölkəmizə milyardlarla dollar gəlir gətirəcək. Sadəcə olaraq, Azərbaycana verilən bonus 3 milyard dollardan çoxdur. “Cənub qaz dəhlizi”nin icrası, demək olar ki, son mərhələyə qədəm qoyub. Gələn il TANAP layihəsinin açılışı gözlənilir.
Qitələri birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olacaq, bundan sonra onilliklər ərzində Azərbaycana həm iqtisadi, həm siyasi dividendlər gətirəcək. Bütün bunlar isə Azərbaycanın önəmli tranzit ölkəsinə, nəqliyyat-logistika mərkəzinə çevrildiyini bir daha təsdiqləyən faktorlardır.
IV İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycan idmançıları tarixi rekordlara imza atdılar. Prezident İlham Əliyev xalqa təbrikində bu uğuru belə qiymətləndirdi: “Bakıda ən yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları birinci yerə layiq görüldülər. Bütün müsəlman aləmində birinci yeri qazanmaq çox böyük tarixi nailiyyətdir. Əgər biz 2015-ci il Avropa Oyunlarını yada salsaq, orada da Azərbaycan komandası ikinci yerdə idi. Yəni bu, bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir”.
Ötən il Azərbaycanda elan edilən “İslam həmrəyliyi ili” həmrəyliyin inkişafına, güclənməsinə dəyərli töhfə oldu. Bakıda dini konfessiyalar arasında ilk dəfə 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, dini konfessiya rəhbərlərinin iştirakı ilə “2017 - İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirildi.
2017-ci il üçün xarakterik olan nikbin məqamlardan biri də iqtisadiyyatımızın, xüsusən onun qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar və qazanılan nailiyyətlərdir. Dövlət başçısının xalqa təbrikində bu barədə deyilir: “Bu il iqtisadiyyatın qeyri-neft sektoru 2 faizdən çox, iqtisadiyyatımızın qeyri-neft sənayesi 3 faizdən çox, kənd təsərrüfatı isə 4 faizdən çox artmışdır. Hesab edirəm ki, indiki şərait üçün bu, çox yaxşı nəticədir. Əminəm ki, 2018-ci ildə rəqəmlər daha da böyük olacaq. Eyni zamanda, biz öz valyuta ehtiyatlarımızdan da çox səmərəli şəkildə istifadə etdik. Baxmayaraq ki, neftin qiyməti aşağı düşüb, biz valyuta ehtiyatlarımızı artıra bilmişik, özü də böyük dərəcədə. Valyuta ehtiyatlarımız 4,5 milyard dollardan çox artmışdır. Bu da bizim strateji ehtiyatımızdır, bizə həm iqtisadi, həm də siyasi müstəqillik verən və onu gücləndirən amillərdən biridir”.
Ötən il Azərbaycanın beynəlxalq əlaqələri daha da genişləndi. Bunun da səbəbi dünyada özünü ləyaqətli və etibarlı tərəfdaş kimi göstərən Azərbaycanın yürütdüyü müstəqil siyasətdir.
Əlbəttə ki, Prezident İlham Əliyevin xarici siyasətinin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllidir. Prezidentin söylədiyi kimi, bu istiqamətdə nəticələr olmasa da, 2017-ci ildə Azərbaycanın mövqeyi daha da möhkəmlənib. Separatist rejim tərəfindən keçirilmiş qondarma “referendum” dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Bununla da dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını bir daha təsdiqlədi.
Digər önəmli məsələ isə Ermənistanın qeyd-şərtsiz danışıqlara qoşulması oldu. Buna qədər danışıqlara qatılmaq üçün bəzi şərtlər qoyan Ermənistanın aprel məğlubiyyətindən sonra irəli sürdüyü heç bir şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Danışıqlar qeyd-şərtsiz bərpa edildi. Prezident İlham Əliyev xalqa təbrikində bu prosesi belə qiymətləndirdi: “Ümid edirəm ki, danışıqlar nəticəsində biz məsələnin həllinə nail ola bilərik. Əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da gücləndirir. Aprel məğlubiyyətindən sonra Ermənistan hələ də özünə gələ bilməyib. Hesab edirəm, bu məğlubiyyət onlar üçün yaxşı dərs olmalıdır, bir daha bütün dünyaya göstərməlidir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq”.
Bütün bunların fonunda Azərbaycan 2018-ci ilə inamla qədəm qoyur. Bu il üçün gözləntilər çoxdur. Dövlət başçısı da vurğulayıb ki, qarşıda duran bütün vəzifələri icra etmək üçün güclü iqtisadiyyat lazımdır: “2017-ci il tarixdə dərin, köklü və nəticə verən iqtisadi islahatlar ili kimi qalacaqdır. Baxmayaraq ki, neftin qiyməti hələ də aşağı səviyyədədir və Azərbaycanda neftin hasilatı düşür, Azərbaycan apardığı islahatlar nəticəsində çətin vəziyyətdən şərəflə çıxa bilmişdir”.
Əminliklə söyləyə bilərik ki, dövlət başçısının qəbul etdiyi qərarlar, xüsusilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atdığı addımlar 2018-ci ildə də öz müsbət nəticəsini verəcək. Təbii ki, ən mühüm gözlənti və ən böyük arzu torpaqlarımızın işğaldan azad edilməsidir. Ötən il Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində Ermənistanın beynəlxalq təcridi daha da artıb. İşğalçı siyasət yürütməklə, əslində, bu ölkə özünü sürətlə məhvə doğru aparır. Ona görə də reallıq ondan ibarətdir ki, Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi gün uzaqda deyil.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”