Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ötən il 71 məktəb tikilib, 500-ə yaxın təhsil ocağı təmir olunub

05 Yanvar 2018
 

Müstəqilliyin bərpasından sonra respublikanın digər sahələrində olduğu kimi, təhsildə də bir sıra problemlərin həlli vacib məsələlərdən birinə çevrildi.

Məhz dövlət səviyyəsində təhsilin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, son illər müasir məktəb binaları tikilir, istismar müddəti başa çatanlar əsaslı təmir edilir, mövcud elm müəssisələri üçün yeni korpuslar inşa olunur. Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, bu işlər təkcə paytaxtı deyil, bölgələri də əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində nəzərdə tutulan mühüm  layihələrə Heydər Əliyev Fondu tərəfindən göstərilən dəstək də, təbii ki, təhsilin əsaslı təməl üzərində qurulmasına hesablanan siyasətin prioritetlərindəndir.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəni dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil etməsi təsadüfi deyil. Son illər bu istiqamətdə görülən tədbirlər tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşası prosesini daha da sürətləndirib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın isə son 13 ildə gördüyü işlər bütün dünyada maarifçilik xəttinin mükəmməl örnəyini yaradıb. Bu məsuliyyətli missiya ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi strateji kursun reallaşdırılmasına, həmin humanitar siyasətin hər bir vətəndaşın həyatında hiss olunmasına dəstək verməyə yönəlib. 

Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bütün çıxışlarında xüsusi olaraq qeyd edir ki, iqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış ölkələrin nailiyyətləri məhz elmə, təhsilə diqqət və qayğı sayəsində əldə edilib. Təbii ki, bu sahələr cəmiyyətin olduqca həssas qütbləridir. Həmin qütblərin mərkəzində milli genofondun inkişafı, elm, təhsil məsələləri, xalqımızın minilliklərdən keçib gələn mədəni-estetik dəyərlər sistemi dayanır.

Bütün mənbələr hesabına ötən il 71 məktəb inşa edilib ki, onlardan 61-i modul tiplidir. İlin sonunadək 44 rayon əhatə olunmaqla daha 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbi də modul tipli təhsil müəssisəsi ilə əvəz edilib. İl ərzində 500-ə yaxın məktəb əsaslı və cari təmirdən çıxıb. Bura bir peşə, uşaq-gənclər, tədris-idman mərkəzinin, 3 ali təhsil müəssisəsinin yeni korpusunun tikilməsini, bəzilərinin isə əsaslı təmir olunmaqla istifadəyə verilməsini də əlavə etməliyik.

2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunması da təsadüfi deyildi. Əlbəttə, məqsəd uşaq və gənclərə Azərbaycan Ordusunun 2016-cı ilin aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsi idi.

Bu il əsaslı təmirdən çıxan məktəblər paytaxt Bakıda da az deyil. Şəhərin bəzi ərazilərində fəaliyyət göstərən məktəblərdə əsaslı təmir işləri vaxtında və keyfiyyətlə aparılıb. Bakının Nizami rayonundakı 10, 62 və 201, Xətaidəki 171, Nərimanovdakı 212, Binəqədidəki 306, Sabunçudakı 74, Səbaildəki 239, Yasamaldakı 20 və Nəsimidəki 268 nömrəli məktəblərdə əsaslı təmir işləri  vaxtında başa çatdırıldığı üçün qapılarını sevimli kollektivlərinin üzünə yeni  qiyafədə açdılar. Məktəblər müasir tələblərə cavab verən, yüksək təhsil xidməti göstərə bilən səviyyədə şagirdlərin və müəllimlərin ixtiyarına verildi. Yeni tikilən, yaxud əsaslı təmir olunan, müasir təlim avadanlıqları ilə təchiz edilən təhsil ocaqlarının həyətində geniş abadlıq və quruculuq işlərinin görülməsi isə məktəblilərin təlim və tədrisə maraqlarının gücləndirilməsinə xidmət edir. Bir sözlə, təmirə ehtiyacı olan əksər təhsil müəssisələri tanınmaz dərəcədə dəyişilib: onlar bu il öz doğmalarını yeni görkəmdə qarşılayıb. Sevindirici haldır ki, respublikamızın əksər bölgələrində belə təhsil ocaqlarının sayı ildən-ilə artmaqdadır.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”