Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Heydər Əliyev Fondunun mədəniyyət layihələri maraqla qarşılandı

05 Yanvar 2018
 

Hər bir xalqın ən möhtəşəm nailiyyəti, ən böyük xoşbəxtliyi zəngin mədəniyyətə malik olmasıdır. Bu mənada Azərbaycan xalqının bəxti gətirib. Mənəvi xəzinəni qorumaq, yaşatmaq, inkişaf etdirmək və dünyaya tanıtmaq olduqca vacibdir. Ölkəmizdə bu istiqamətdə məqsədyönlü işlər həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiqdir. 

Hər il olduğu kimi, 2017-ci ildə də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə genişmiqyaslı mədəniyyət layihələri həyata keçirildi. Həmin beynəlxalq tədbirlər milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin, elm, təhsil, ədəbiyyat, incəsənət və musiqimizin qorunması, inkişafı və dünya miqyasında təbliği baxımından əhəmiyyətli oldu.
Xatırladaq ki, Heydər Əliyev Fondunun fəaliyyətində milli irsimizin qorunması xüsusi yer tutur. Çoxəsrlik tarixə malik Azərbaycan muğamı da UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına fondun təşəbbüsü ilə daxil edilib. Muğamların qorunub saxlanılması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa olunub. Azərbaycan xalqının ən dəyərli mənəvi xəzinələrindən olan musiqi sənətimizin və bu sənəti yaşadanların tanıdılması istiqamətində gördüyü məqsədyönlü işləri fond 2017-ci ildə də bütün il boyu davam etdirdi. Bunlardan biri də Heydər Əliyev Fondunun dəstəyi ilə altıncı dəfə təşkil edilən “Muğam televiziya müsabiqəsi” oldu. Müsabiqənin keçirilməsində məqsəd bizə ulularımızın əmanəti olan muğamlarımızın yaşadılması, təbliği, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsidir.
2017-ci il martın 14-dən iyunun 12-dək keçirilən “Muğam televiziya müsabiqəsi-2017” də əvvəlki müsabiqələr kimi yaddaqalan oldu. Üç ay müddətində gənc xanəndələr birincilik uğrunda mübarizə apardılar.
Fondun artıq ənənəyə çevrilən mədəniyyət layihələrindən biri də yola saldığımız ilin aprel ayının 23-27-də keçirildi. Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı Bakıda düzənləndi.
Sonralar Moskvaya köçüb orada yaşasa da, dünyaya göz açdığı şəhərə - Bakıya qəlbən bağlı olan dünya miqyasında tanınmış maestro Rostropoviç vətəni Azərbaycanla fəxr edirdi. Qürurla “Harda oluramsa-olum, mən Bakıya qayıdacağam” söyləyən sənətkar bu dəfə də musiqiləri ilə sevənlərinin yanında oldu. Mstislav Rostropoviçin 90 illiyinə həsr olunmuş festivala Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə start verildi. Konsertdə C.Verdi, P.Çaykovski, O.Respigi və X.Mirzəzadənin əsərləri səsləndirildi.
Fondun artıq ənənəyə çevrilən mədəniyyət layihələri beynəlxalq aləmdə rəğbətlə qarşılanır. Onlardan biri də Fransanın Kann şəhərində ötən il iyulun 13-dən avqustun 1-dək keçirilən Azərbaycan mədəniyyəti günləri oldu. Mədəniyyət günləri çərçivəsində Kannın “Gare Maritime” sərgi pavilyonunun binasında “Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisi təşkil edildi. Toğrul Nərimanbəyovun 30-dan çox əsəri sərgiləndi. Kiçik kinoteatr zonasında görkəmli rəssamın həyat və yaradıcılığı haqqında videomateriallar təqdim olundu. Sərgi zalı ərazisində milli üslubda zona yaradıldı. Burada ziyarətçilər Heydər Əliyev Fondunun Azərbaycan və Toğrul Nərimanbəyov haqqında nəşrləri ilə tanış oldular. Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 13-də konsert proqramı da təqdim edildi.
Heydər Əliyev Fondunun maraqla qarşılanan mədəniyyət layihələrindən biri də 2009-cu ildən başlayaraq hər il Qəbələ şəhərində baş tutan Beynəlxalq musiqi festivalıdır. Festival çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, muğam, klassik, kamera, caz, vokal musiqisi konsertləri təşkil olunur, dünyanın bir çox ölkələrinin tanınmış musiqiçiləri, dünya şöhrətli simfonik və filarmonik orkestrləri çıxış edirlər. Ənənəvi tədbir doqquzuncu dəfə keçən il iyulun 29-dan avqustun 3-dək keçirildi.
Ötən ilin sentyabrında Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı Rusiya, ABŞ, İsrail, Almaniya, Türkiyə və Gürcüstandan olan tanınmış musiqi kollektivləri konsert proqramları ilə çıxış etdilər. Musiqi festivalı günlərində ümumilikdə 30-dan artıq tədbir təşkil olundu.
Azərbaycan mədəniyyətinin yorulmaz təbliğatçısı olan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ənənəvi olaraq keçirilən “Qız qalası” beynəlxalq incəsənət festivalı da böyük əhəmiyyət kəsb edir. Festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gələn turistlər, qonaqlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdir.
İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunan “Qız qalası” VIII Beynəlxalq İncəsənət Festivalı çərçivəsində müxtəlif tədbirlər düzənləndi. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və “Qız qalası” incəsənət qalereyasının təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilən festivalda gənc rəssamlar Qız qalasının maketlərini müxtəlif üslublarda bəzədilər. Həmçinin gənc rəssamlar festivalda iştirak edən Xətai rayonu 3, Nizami rayonu 1 və Suraxanı rayonu 2 saylı uşaq evlərinin sakinlərinə, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin sağlamlıq imkanları məhdud uşaqlarına və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqlarına Qız qalası maketini bəzəməkdə kömək etdilər.
2017-ci ilin daha bir maraqlı mədəniyyət hadisəsi oktyabrın 17-də Nizami Kino Mərkəzində təqdim olunan “Pəncərədən düşən işıq” sənədli filmi oldu. Çəkilişləri Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilən ekran əsərinin ideya müəllifi və baş prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, ssenari müəllifi və rejissoru Oleq Şommerdir. Təqdimat mərasimində çıxış edən Leyla Əliyeva ekran əsərinin əhəmiyyətindən danışdı. O bildirdi ki, hər kəsin bu həyatda öz rolu var və biz kiməsə kömək edəndə özümüzə kömək edirik, eyni qayda ilə biz kimisə hətta fikrən də olsa incidəndə ilk növbədə özümüzü incidirik.
Sənədli filmin təqdimat mərasimi noyabrın 27-də Moskvanın “Oktyabr” kinoteatrında keçirildi. Mərasimdə Rusiyanın tanınmış mədəniyyət və ictimai xadimləri, tələbələr, filmin qəhrəmanlarından bəziləri iştirak etdilər. İdeya müəllifi və baş prodüseri Leyla Əliyeva, ssenari müəllifi və rejissoru Oleq Şommerd çıxış edərək bu ekran əsərinin maraqlı məqamları barədə fikirlərini bölüşdülər. “Pəncərədən düşən işıq” Moskva tamaşaçıları tərəfindən də böyük maraqla qarşılandı.
Oktyabrın 10-da Heydər Əliyev Fondunun təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə Bakının Qala qəsəbəsində təşkil olunan “Daşın nəğməsi” II Beynəlxalq Heykəltəraşlıq Simpoziumuna Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Yeni Zelandiya, İran, Tunis, İordaniya, İspaniya, Serbiya, Böyük Britaniya və Çindən 20 heykəltəraş qatıldı. İştirakçılar simpozium müddətində Qala qəsəbəsində açıq səma altında təbii daşlardan müxtəlif mövzuda əsərlər yaratdılar.
Həmin gün “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VI Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açıldı. 9 ölkədən 25 incəsənət nümayəndəsi məişət tullantılarından hazırladıqları sənət əsərləri ilə iştirak etdilər. Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirmək idi.
Heydər Əliyev Fondunun mədəniyyət layihələri sırasında dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması da daim diqqətdədir. Fondun dəstəyi ilə Azərbaycanda və xarici ölkələrdə bu istiqamətdə mühüm layihələr gerçəkləşdirilib. Cavad xanın qəbri üzərində məqbərə ucaldılıb, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi Mərkəzi, Ağcabədidə Qarabağ Muğam Mərkəzi, Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edilib, Comərd Qəssabın məzarı və məzarüstü türbəsi, Abdulla Şaiqin ev-muzeyi bərpa olunub, Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir bina tikilib, Mərdəkan Mədəniyyət Sarayı, Salyan Dövlət Rəsm Qalereyası yenidən qurulub, Qala Arxeoloji-Etnoqrafik Muzey-Kompleksi, Bakı Müasir İncəsənət Muzeyi, Qala Arxeoloji-Etnoqrafik Muzey-Kompleksi ərazisində Etno-Ekoloji Mərkəz və Qala Əntiq Əşyalar Muzeyi yaradılıb, Xəzər rayonunun Türkan və Binə qəsəbələrində yeni mədəniyyət mərkəzləri istifadəyə verilib, Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni bina tikilib. Fondun dəstəyi ilə Gəncədə yerləşən Mirzə Şəfi Vazeh Muzeyinin 2016-cı ilin martında başlanan tikinti işləri isə 2017-ci ilin noyabrında sona çatıb. Noyabrın 10-da Prezident İlham Əliyev muzeyin açılışında iştirak edib.
Ötən ilin noyabrında 57-ci Beynəlxalq İncəsənət Sərgisi - Venesiya Biennalesində Azərbaycan pavilyonu Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təmsil olundu. “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” adlanan milli pavilyonda Azərbaycanın multikultural ənənələri, etnomədəni müxtəlifliyi və tolerantlığı əksini tapdı. Venesiyanın izdihamlı məkanlarından birində - Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında nümayiş olunan sərginin konsepsiyası Azərbaycanda mövcud olan mədəni müxtəlifliyi bədii interpretasiya yolu ilə ifadə etdi. Sərgidə “Hypnotica” Vizual Performans Qrupunun videomappinq və instalyasiya kimi interaktiv media layihələri, gənc rəssam Elvin Nəbizadənin işləri nümayiş olundu. Müəlliflər Azərbaycanda ənənəvi analoq və müasir rəqəmsal incəsənətin sintezindən yaranan incəsənəti təqdim etdilər. Müxtəlif materiallarla işləyən sənətkarlar bəşəriyyəti birgə yaşamaq mədəniyyəti haqqında düşünməyə çağırdılar.
Heydər Əliyev Fondunun ən böyük nailiyyəti Mehriban xanım Əliyevanın bildirdiyi kimi, Azərbaycan xalqının inamını və hörmətini qazanmasıdır. 2017-ci ildə qarşısına qoyduğu ali məqsədlər yolunda əzmkarlıqla irəliləməsi bir daha əminlik yaratdı ki, fond ölkəmizin, xalqımızın, dövlətimizin bugünü və sabahı naminə gələcəkdə də parlaq işlər görəcək, beynəlxalq səviyyəli daha neçə-neçə əhəmiyyətli layihəyə imza atacaq.
Heydər Əliyev Fondunun daha bir unudulmaz tədbiri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün təşkil edilmiş ənənəvi şənlik oldu. Tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, nəvəsi, fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak etdilər.
Uşaqların bayram şənliyi Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşlərindən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başladı.
Bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edildi. Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış etdilər. Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində oldular, onlarla birlikdə şənləndilər.
Hər il olduğu kimi, yenə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşdılar.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”