Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadiz və Cocuq Mərcanlıya səfər edəcək

04 Yanvar 2018
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası yanvarın 5 və 6-da Füzuli rayonu Horadiz şəhəri və Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirəcək.

Mərkəzdən AZƏRTAC –a bildiriblər ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi aksiyaların sayı hər gün artır və Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. Mərkəz mütəmadi olaraq respublikanın müxtəlif regionlarında pasiyentlərə səyyar xidmət göstərir. Bu dəfə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar klinikası Füzuli rayonun Horadiz şəhəri və Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində aksiya keçirir. Məqsəd həm pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və yerindəcə həll etməkdir.

Qeyd edək ki, ölkə başçısının əsas diqqət yetirdiyi sahələrdən biri də səhiyyədir. Son illər Azərbaycan səhiyyəsində, o cümlədən oftalmologiyada bir çox yeniliklər əldə edilib.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisaslaşma kursu keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. Bununla yanaşı mərkəzin pasiyentlərə regionlarda səyyar xidmət göstərməsi də geniş yayılmaqdadır. Belə ki, 2005-2017-ci illər ərzində Səyyar Klinika respublikanın 90 rayon və şəhərlərində 125 aksiya keçirib.