Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hikmət Hacıyev: İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində davamlılıq nümayiş etdirəcəyinə ümid bəsləyirik

02 Yanvar 2018
 

ATƏT-in 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi və səyləri ilə həll edilməsinin daxil olunmasını müsbət qiymətləndiririk.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. O deyib: “Biz ATƏM-in (sonradan ATƏT adlandırıldı) Minsk Konfransının və sonradan ATƏT-in Minsk Qrupunun sədri olmuş İtaliya parlamentinin üzvü və İtaliyanın xarici işlər nazirinin müavini Mario Rafaelli tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən hazırlanmış Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan “Təcili tədbirlər haqqında vaxt cədvəlini” çox yaxşı xatırlayırıq. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” BMT TŞ-nın 853 saylı qətnaməsinin əlavəsi kimi təqdim edilib.

Bu əlavə barədə məlumat verən H.Hacıyev qeyd edib ki, BMT Təhlükəsizlik Şurası 874 saylı qətnamədə ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan “Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yenilənmiş vaxt cədvəli” adlı sənədini alqışlayır və təqdir edir. Həmçinin BMT TŞ-nın 874 saylı qətnaməsində ATƏM-in Minsk Qrupunun “Yenilənmiş vaxt cədvəlində” nəzərdə tutulan qarşılıqlı və təcili tədbirlərin həyata keçirilməsinin təmin olunması, xüsusən işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb olunur. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” o zaman ATƏM-in Minsk konfransının üzvü olan 9 ölkə tərəfindən birlikdə hazırlanıb.

1993-cü ilin iyulun 28-də Mario Rafaelli ATƏM-in Minsk Konfransının sədri statusunda Minsk Konfransının 9 ölkəsi adından verdiyi bəyanatında və BMT Baş katibinə təqdim etdiyi hesabatında bildirib: “Güc yolu ilə işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması sülh danışıqlarının irəli aparılması üçün ən mühüm amildir” (BMT Təhlükəsizlik Şurasının S/26184 1993-cü il 28 iyul tarixli sənədi).

“Ümid edirik ki, İtaliya Respublikası ATƏT-in fəaliyyətdə olan sədri statusunda BMT TŞ-nın müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılıq nümayiş etdirəcək”, - deyə XİN-in mətbuat xidmətinin rəhbəri əlavə edib.