Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Naxçıvanda əsgərlər üçün bayram şənliyi təşkil olunub

02 Yanvar 2018
 

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun ön xətdə yerləşən bölmələrində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram konserti olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Zaur Həmidov Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Komandanı, general-leytenant Kərəm Mustafayevin təbrik məktubunu hərbi qulluqçuların nəzərinə çatdırıb.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəmov çıxış edərək bildirib ki, bu gün ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülür, muxtar respublika ərazisindəki hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir. Əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı gücləndirilir.

Vurğulanıb ki, 2017-ci ildə də bu sahədə görülən işlər davam etdirilib, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Əlahiddə Ümumqoşun Ordusunun Naxçıvan şəhərində yerləşən hərbi hissəsində 900 yerlik əsgər yataqxanası və əsgəri-məişət kompleksi istifadəyə verilib.

Qeyd edilib ki, 2017-ci ildə də birləşmə və hərbi hissələr hər bir tapşırığı peşəkarlıqla yerinə yetiriblər. Belə ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 12-15-də Naxçıvanda iki ölkənin Silahlı qüvvələrinin birgə əməliyyat taktiki təlimləri keçirilib. Təlimə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri ilə yanaşı, Əlahiddə Sərhəd Diviziyasının, Əlahiddə Əməliyyat Briqadasının və Mülki Müdafiə Alayının bölmələrinin, ümumilikdə, 5 minə yaxın şəxsi heyəti, 250-dən artıq zirehli və 500-ə yaxın avtomobil texnikası cəlb edilib, qarşıya qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib.

“2017-ci il oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub, hərbi parad keçirilib. Paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 minə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib”, - deyən Mirqiyas Rüstəmov diqqətə çatdırıb ki, Əlahiddə Ümumqoşun Ordusu 2017-ci ildə hazırlıq planına əsasən görülən işlərin nəticələrinə, döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülüb.

Bayram tədbirində çıxış edən keçmiş döyüşçülər, tanınmış ziyalılar, mədəniyyət və ictimaiyyət nümayəndələri əsgərləri əlamətdar bayramlar münasibətilə təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.

Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının maraqlı proqramlarla çıxışları, mahnı və rəqsləri şəxsi heyətdə xoş ovqat yaradıb.