Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2017-ci ili uğurla yola salan Azərbaycan Yeni ili yeni ümidlərlə, yeni qələbələr sorağı ilə qarşılayır

01 Yanvar 2018
2017-ci il sona çatdı. Yola saldığımız il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atıb, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyib. Eyni zamanda, dünya azərbaycanlıları daha sıx birlik və həmrəylik nümayiş etdiriblər. Bunun nəticəsidir ki, xalqımız 2017-ci ili könül xoşluğu ilə yola salır, yeni ili yeni ümidlərlə, yeni qələbələr sorağı ilə qarşılayır. 2018-ci ilin ilk dəqiqələrində Dənizkənarı Milli Parkda yaşanan izdiham və möhtəşəm atəşfəşanlıq bunun əyani təzahürü kimi qiymətləndirilə bilər.

AZƏRTAC xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Dənizkənarı Milli Parkda təşkil olunan bayram atəşfəşanlığını paytaxtın minlərlə sakini izləyib.

Bulvar ərazisində ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verirdi. Bu mənzərəni seyr etmək, Yeni ilin sevincini paylaşmaq üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraq və heyranlıqla tamaşa edirdilər.

Bir neçə dəqiqə əvvəl tarixə qovuşan 2017-ci il bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Bu bayram axşamı onlardan bəzilərini xatırlamaq yerinə düşər.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının davamı olaraq, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi müddəti 2050-ci ilə qədər uzadıldı. Təkcə regionda deyil, dünyada böyük maraq doğuran Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Azərbaycanda iki milyardıncı ton neft hasil olundu. Azərbaycan özünün istehsal etdiyi ilk gəmini - “Xankəndi” gəmisini suya buraxdı. Dünyada ən nadir qurğu olan Heydər Əliyev adına yarımdalma qazma qurğusu istifadəyə verildi.

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin Sərəncamı ilə qısa müddətdə bərpa edildi və sakinlər uzun ayrılıqdan sonra yenidən doğma torpağa qovuşdular. Bu hadisə Qarabağa “Böyük qayıdış”ın başlanğıcı kimi qiymətləndirilir.

Dünyanın sivilizasiyalar və dinlərarası dialoq mərkəzlərindən biri kimi tanınan Azərbaycan ötən il bir sıra mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdi. Bu sırada ən yüksək səviyyədə keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, V Qlobal Bakı Forumunu, “Asiyanın Qəlbi – İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransını və digər tədbirləri qeyd etmək olar.

Azərbaycan, həmçinin IV İslam Həmrəylik Oyunlarına, Formula-1 Azərbaycan Qran-Prisinə, qadın voleybolçular arasında Avropa çempionatına və digər mötəbər yarışlara ev sahibliyi etməsi, beynəlxalq turnirlərdə qazandığı parlaq qələbələri ilə idman ölkəsi olduğunu bir daha təsdiqlədi. Bu uğurlar sırasında “Qarabağ” komandasının ölkə futbolu tarixində ilk dəfə olaraq, UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması xüsusi qeyd edilməlidir.

2017-ci il Azərbaycanın İslam həmrəyliyi təşəbbüsü ilə çıxış etməsi ilə də yadda qaldı. Prezident İlham Əliyev tərəfindən elan olunmuş “İslam Həmrəyliyi İli” ölkəmizin müsəlman aləminə dəyərli töhfəsi oldu.

Ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində ölkəmizin mövqeləri daha da möhkəmləndi. Respublikamızın hərbi potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atıldı. Bu gün bütün beynəlxalq reytinqlər Azərbaycan Ordusunun nəinki regionda, dünya miqyasında güclü ordular sırasında olduğunu göstərir.

2017-ci il Azərbaycan tarixində dərin və konkret nəticələr verən iqtisadi islahatlar ili kimi də qalacaq. Davos Ümumdünya İqtisadi Forumunun reytinqində ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 35-ci yerə yüksəlib.

Yurdumuza qədəm qoyan 2018-ci ildə bizi bir sıra əlamətdar hadisələr gözləyir. Azərbaycan Xalq Cümhuriyyətinin, Silahlı Qüvvələrimizin, parlamentimizin yaradılmasının 100 illik, ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri qeyd olunacaq, ölkəmizdə növbəti Prezident seçkiləri keçiriləcək. Yeni ildə bizi daha bir tarixi hadisə - TANAP layihəsinin açılışı gözləyir.

Qədəmlərin uğurlu olsun, 2018-ci il.