Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mənəvi birliyin rəmzi

31 Dekabr 2017
 

Sərhədlər doğmaları bir-birindən uzaq salanda, hər baxdıqca bitməyən ayrılıqları xatırladanda bütöv millətin dərdinə, göz dağına çevrilir. Sovet İttifaqının azərbaycanlı vətəndaşları üçün də belə idi. Amma bu hicranın yaşı sovet hökumətindən də xeyli böyükdü. Azərbaycan ikiyə bölünəndə hələ heç sosializm ideologiyası ayaq tutub yerimirdi...

XIX əsrdə İkinci Rusiya-İran müharibəsinin nəticəsi Azərbaycan üçün faciəli olmuşdu. Müharibə edən bu iki dövlət arasında 1828-ci il fevralın 10-da Türkmənçay kəndində bağlanan müqaviləyə əsasən Araz çayından şimaldakı bütün ərazilərimiz Rusiyanın, cənubdakı ərazilərimiz isə İranın tərkibinə daxil edilmişdi.
Başqa ölkələrin tərkibində olsalar da, o taylı-bu taylı azərbaycanlıların bir-birlərinə əlləri yetir, ünləri çatırdı. Ancaq 1935-ci ildə qohumlarını görmək üçün Arazın o tayına gedənlərimiz evlərinə dönə bilmədilər. 1937-ci ildə sovet hakimiyyətinin həyata keçirdiyi repressiyadan öncə Azərbaycan xalqına belə dəhşətli faciələr yaşadıldı. İranla sərhədləri qəflətən tamamilə bağladılar. Daha qaçaqlar belə kimsəni o üz-bu üzə keçirə bilmədilər.
Sovet dövlətinin qadağaları müxtəlif səbəblərdən - baş verən ictimai-siyasi hadisələr, müharibələr, inqilablar, deportasiyalar nəticəsində, yaxud təhsil almaq, iş tapmaq ümidi ilə gedənlərimizin Vətənə dönən yollarını bağladı, doğmaları bir-birindən ayrı saldı. Vətəndə yaşayan azərbaycanlılar da başqa ölkələrdə məskunlaşmış həmvətənləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum oldular.
Sərhədlərimizi belə sovet hökuməti uzun illər bizə “etibar etmədi”. Azərbaycanlı sərhədçiləri doğma sərhədlərimizdə xidmətə göndərmədilər.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. O vaxtdan bu əlamətdar bayram azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrildi.
Bu gün Rusiya, Ukrayna, Türkiyə, Almaniya, Fransa, İngiltərə, Amerika və digər ölkələrdə soydaşlarımız yaşayıb fəaliyyət göstərirlər. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd edilir. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır.
Azərbaycanlılar arasında birliyin və həmrəyliyin təmin olunması, eləcə də Azərbaycan icmalarının, cəmiyyətlərinin, birliklərinin fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin müzakirəsinin zəruriliyini nəzərə alaraq ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-10-da Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında sərəncam imzaladı. 2001-ci ilin noyabrında keçirilən Dünya Azərbaycanlılarının I qurultayı xaricdə diasporumuzun formalaşması və inkişafının prinsipial istiqamətlərini müəyyənləşdirdi, diaspor quruculuğu işini gücləndirdi.
Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldilməsi, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl mübarizənin təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr idi. Qurultaydan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə diaspor sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi üçün yeni komitə yaradıldı, eyni zamanda bu sahədə fəaliyyəti tənzimləyən “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun qəbul olundu.
Həmvətənlərimizin təşkilatlanması prosesinin daha geniş vüsət almasını təmin etmək məqsədilə 2003-cü ildə Almaniyanın Maynts şəhərində Dünya Azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I forumu keçirildi. Forumda Azərbaycan diasporunun problemləri barədə səmərəli fikir mübadiləsi aparıldı, icma və birliklərin fəaliyyətinin əlaqələndirilməsi, Avropa azərbaycanlılarının vahid təşkilatda birləşdirilməsi ideyası gündəliyə gətirildi. İdeyanın reallaşdırılmasının zəruriliyini nəzərə alaraq
2004-cü ilin aprelində Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) təsis konfransı keçirildi. AAK-ın təsis edilməsində başlıca məqsəd Avropada fəaliyyət göstərən Azərbaycan diasporunun vahid təşkilatda birləşdirilməsinə nail olmaqdı.
Həmin ilin mayında Türkiyə Respublikasının İsgəndərun şəhərində təsis olunan Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının da əsas məqsədləri həmin ölkədə fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan dərnəklərini, müxtəlif qurumları və onların timsalında bütün həmvətənlərimizi ətrafında birləşdirməkdir. 2005-ci ildə eyni məqsədlə Kanadanın Toronto şəhərində də Azərbaycan Təşkilatları Federasiyası təsis edildi.
Prezident İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə rəvac verdi.
Bakıda 2011-ci ilin iyununda olan Dünya Azərbaycanlılarının III qurultayı ölkəmizin diaspor quruculuğu sahəsində böyük uğurlar qazandığını bir daha təsdiq etdi.
Bu gün Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində xaricdəki soydaşlarımızın təşkilatlanması istiqamətində fəal iş aparılır. Hər il Azərbaycan Prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar təbriki soydaşlarımıza həm də bir çağırış kimi səslənir. Bu il Azərbaycan Prezidenti təbrikində bir daha qeyd etdi ki, qəlbi həmişə doğma yurda sevgi hissi ilə döyünən bütün soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlılığı və Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ölkəmizin rəhbəri bildirdi ki, ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər xaricdə yaşayan həmvətənlərimizin daha sıx birliyinin təşəkkül tapmasına təkan verib, ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı faydalı münasibətlərinin inkişafında diaspor təşkilatlarının rolunu xeyli gücləndirib.
Bu gün respublikamızın böyük iqtisadi, siyasi və mədəni potensiala malik olduğunu və bu potensialın dövrün mürəkkəb çağırışlarına adekvat cavab vermək üçün bizə geniş imkanlar açdığını diqqətə çatdıran Prezident İlham Əliyev yola saldığımız ilin uğurlarından danışdı: “Müstəqil dövlət kimi öz yolunu inamla davam etdirən ölkəmizdə qlobal maliyyə-iqtisadi böhranın təsirləri aradan qaldırılıb, sosial-iqtisadi inkişafın dayanıqlığı və davamlı ictimai-siyasi sabitlik təmin olunub. Təşəbbüskarı olduğumuz transmilli layihələrin həyata keçirilməsində yüksək nailiyyətlər qazanmışıq. Nəhəng neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasına dair sazişin imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmizdən keçən hissəsində işlərin başa çatdırılması respublikamızın tərəqqisi və xalqımızın rifahının yüksəlməsinə xidmət edir, Azərbaycanın dünyadakı geostrateji əhəmiyyətini artırır”.
Ölkə rəhbəri mədəniyyətlərarası dialoqun təşviqi və ümumbəşəri problemlərin həlli sahəsində dövlətimizin ardıcıl və qətiyyətli mövqeyinin beynəlxalq aləmdə rəğbət hissi ilə qarşılandığını vurğuladı. Bildirdi ki, 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilməsi, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi Azərbaycanın multikulturalizmə və tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev sonda bir daha bütün dünyada yaşayan soydaşlarımızı Azərbaycan naminə birliyə səslədi: “Biz Vətənimizin hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əzmlə çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidirlər. İnanıram ki, sizin məqsədyönlü və birgə fəaliyyətiniz gücümüzü daha da artıracaq, hamımızı dərindən narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasına, ölkəmizin ərazi bütövlüyünün bərpasına sanballı töhfəsini verəcək”.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”