Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib

31 Dekabr 2017
 

Dekabrın 30-da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilib:
1. 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları.
2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin təsdiq edilməsi.
3. İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi.
4. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi.
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə edib.
Məruzəçi demişdir ki, başa çatmaqda olan 2017-ci ildə də muxtar respublikanın sosial-iqtisadi həyatında inkişaf təmin olunmuş, sosial infrastruktur və əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılmışdır. Tərəqqi və inkişafın davamlı xarakter alması ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiqliyin və ölkə Prezidentinin blokada şəraitində yaşayan muxtar respublikaya göstərdiyi diqqət və qayğının nəticəsidir.
2017-ci ilin nəticələri bundan əvvəlki dövrlərin göstəriciləri ilə müqayisədə xeyli artmışdır. Daxili imkanlardan səmərəli istifadə hesabına yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxsahəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, yeni sosial layihələrin həyata keçirilməsinə imkan yaratmışdır. 2017-ci ilin ötən dövrü ərzində ümumi daxili məhsulun həcmi 1,6 faiz artaraq 2 milyard 357 milyon manatdan çox olmuşdur. Ümumi daxili məhsul istehsalının 57 faizdən çoxu real sektorun payına düşmüşdür.
Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, əlverişli biznes mühitinin yaradılması sahəsində həyata keçirilən tədbirlər də muxtar respublikanın istehsal potensialının güclənməsinə səbəb olmuşdur. Nəticədə biznes mühiti üçün imkanlar yaxşılaşmış, sahibkarlıq subyektlərinin sayı artmışdır.
Muxtar respublikada kreditlər üzrə tətbiq edilən faiz dərəcələrinin ən aşağı səviyyədə olması muxtar respublikanın kredit bazarında canlanma yaratmışdır. Cari ildə sahibkarlara 8 milyon 664 min manatdan çox kreditlər verilmişdir. Sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada 368 növdə məhsul istehsal olunur, 344 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.
Həyata keçirilən tədbirlər, yeni emal müəssisələrinin fəaliyyətə başlaması sənaye sahəsində inkişafa əhəmiyyətli təsir göstərmişdir. Cari ildə bu tendensiya qorunmuş, istehsal edilən sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsulunun həcmini 2,3 dəfə üstələyərək 880 milyon manata yaxın olmuşdur.
Bununla yanaşı, muxtar respublikada kənd təsərrüfatı əsas məşğulluq sahəsi kimi öz aktuallığını qoruyub saxlamışdır. Kənddə şəhər rahatlığının yaradılması, məhsul istehsalçılarına maliyyə dəstəyinin gücləndirilməsi, texnika və gübrə ilə təminatın yaxşılaşdırılması, suvarma sistemlərinin yenilənməsi, hazır məhsulun satışı və saxlanılması üçün əlverişli şəraitin yaradılması kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmışdır. 2017-ci ilin məhsulu üçün 61 min 531 hektar sahədə kənd təsərrüfatı məhsulları əkilmişdir. Strateji əhəmiyyəti nəzərə alınaraq əkilmiş sahələrin 51 faizində, yaxud 31 min 632 hektarında taxıl səpini aparılmış, zəmilərdən 93 min 419 ton məhsul götürülmüşdür.
Tütünçülüyün inkişafı məqsədilə Kəngərli rayonu ərazisində tütünyetişdirmə təsərrüfatı yaradılmış, uzunmüddətli fasilədən sonra ilk dəfə olaraq 9 hektar sahədə tütün əkini aparılaraq 11 tondan çox quru tütün istehsal olunmuşdur.
Meyvə və tərəvəzçiliyin inkişafını nəzərdə tutan 1-ci və 2-ci dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin icrası bu sahəyə olan marağı daha da artırmış, unudulmuş bəzi yerli sortların bərpasına, yeni sortların əldə edilməsinə səbəb olmuş, məhsuldarlıq yüksəlmiş, ixracat üçün yeni imkanlar yaranmışdır.
2017-ci ildə qəbul olunmuş “Toxumçuluq haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu yüksək məhsuldarlığa malik, ziyanvericilərə və iqlim şəraitinə dözümlü bitki sortlarının yetişdirilməsi sahəsində imkanları artırmışdır.
Əkinəyararlı torpaqların məhdud həcmdə olması səbəbindən kənd təsərrüfatının inkişafında intensiv amillərin roluna diqqət artırılmış, əl əməyini yüngülləşdirən, az vaxt ərzində daha çox iş görməyə imkan verən texnika və avadanlıqların gətirilməsi 2017-ci ildə də davam etdirilmişdir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xəttilə daha 273 ədəd müxtəlif adda texnika gətirilmiş, məhsul istehsalçılarına 5 min 338 tondan çox gübrə verilmişdir.
Ərzaq təminatında xüsusi çəkiyə malik olan heyvandarlığın inkişafı da diqqətdən kənar qalmamışdır. Cari ilin ötən dövründə bu sahəyə dəstək məqsədilə fermerlərə
1 milyon 488 min manat həcmində kredit verilmiş, 11 yeni heyvandarlıq təsərrüfatı yaradılmışdır.
2016-cı il noyabrın 18-də qəbul olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi baxımdan faydalı olan arıçılığın inkişafı üçün geniş imkanlar açıb. Arıçılara 37 min manat həcmində kreditlər verilmiş, 3 arıçılıq təsərrüfatı və mum vərəqi istehsalı sahəsi yaradılmışdır.
Aqrar sektorun inkişafında ailə təsərrüfatlarının mühüm rolu nəzərə alınaraq 2017-ci ilin noyabr ayında ilk dəfə olaraq muxtar respublikada “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilmişdir.
Hesabat dövründə muxtar respublikada 388 milyon 627 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.
Həyata keçirilən sosial siyasətin mərkəzində insan amili dayanır. Əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri çərçivəsində 2017-ci ildə Naxçıvan şəhərində iki yaşayış binası tikilərək istifadəyə verilmişdir. Culfa və Şahbuz rayonlarının mərkəzi və ətraf kəndlərində, Babək rayonunun Şıxmahmud və Xəlilli kəndlərində içməli su və kanalizasiya sistemləri istismara verilmişdir. Şərur şəhəri və ona bitişik kəndlərdə içməli su və kanalizasiya şəbəkəsinin birinci mərhələsinin tikintisi başa çatdırılmışdır.
2017-ci ildə muxtar respublika üzrə 70 kilometr uzunluğunda yeni asfalt yol salınmış, 12 körpü tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
İnformasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi göstərilən xidmətlərin həcmini artırmaqla yanaşı, keyfiyyətini də yaxşılaşdırmış, ucqar dağ kəndlərinin də fiber-optik bağlantılarla təmin edilməsinə və genişzolaqlı internetin əhatə dairəsinin artırılmasına səbəb olmuşdur.
Bu gün istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təmin olunmasında heç bir problem yoxdur. 2017-ci ildə Günəş Elektrik Stansiyasının gücü 2 meqavat artırılaraq 22 meqavata çatdırılmış, Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati bina və yarımstansiya istifadəyə verilmişdir. Hazırda Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi muxtar respublikanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə hesablanıb.
Sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi hesabına məşğulluq səviyyəsi artmış, yeni iş yerləri açılmışdır. Cari ilin ötən dövrü ərzində muxtar respublika üzrə 1919 yeni iş yeri yaradılmışdır ki, bunun da 98 faizi daimi iş yerləridir.
Ümumi iqtisadi inkişafda diqqəti cəlb edən mühüm amillərdən biri də xarici ticarət əlaqələrinin genişləndirilməsi, ixrac potensialının gücləndirilməsidir. Sahibkarlığa göstərilən sistemli dövlət dəstəyi, ixracın stimullaşdırılması ilə bağlı qəbul edilmiş qərarlar muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaratmışdır. 2017-ci ilin ötən dövründə muxtar respublikanın xarici ticarət dövriyyəsi 415 milyon 628 min ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 92 faizi, yaxud 382 milyon 549 min ABŞ dolları ixracın payına düşmüşdür ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən çoxdur.
2017-ci ildə muxtar respublikanın maliyyə sektorunda da tədbirlər diqqətdə saxlanmış, dövriyyədə olan nağd pul kütləsinin azaldılması, nağdsız əməliyyatların həcminin artırılması, elektron ödəniş sistemlərinin geniş tətbiqi üçün tədbirlər görülmüşdür.
Muxtar respublikada təhsilin bütün mərhələləri üzrə infrastrukturun yenilənməsinə, müasir informasiya texnologiyaları və tədris vasitələri ilə təchiz olunmuş məktəb binalarının istifadəyə verilməsinə xüsusi diqqət yetirilir. Bu tədbirlərin davamı olaraq cari ildə Naxçıvan şəhərində 640 şagird yerlik 3 nömrəli, 376 şagird yelik 13 nömrəli, Şərur şəhərində 1020 şagird yerlik 2 nömrəli, Şərur rayonunun Çəmənli kəndində 380, Ələkli və Qarahəsənli kəndlərinin hər birində 234, Babək rayonunun Payız kəndində 240, Gərməçataq kəndində 66, Ordubad rayonunun Üstüpü kəndində 340, Şahbuz rayonunun Kolanı kəndində 360 şagird yerlik tam orta məktəb binaları istifadəyə verilmiş, 480 şagird yerlik Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin tikintisi başa çatdırılmışdır.
Naxçıvanda ali təhsilli kadrların hazırlanmasında xüsusi çəkiyə malik olan Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi qeyd olunmuş, universitetin İqtisad fakültəsi üçün yeni korpus istifadəyə verilmişdir. Naxçıvan Müəllimlər İnstitutu üçün yeni tədris kompleksi yaradılmışdır.
Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı bu gün dövlətin üzərinə götürdüyü öhdəliklər sırasında mühüm yer tutur. Cari ilin ötən dövründə Şərur Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri aparılaraq yeni avadanlıqlar quraşdırılmış, Ordubad rayonunun Üstüpü kəndində həkim ambulatoriyası, Naxçıvan şəhərinin Tumbul, Qaraxanbəyli, Şərur rayonunun Çəmənli, Arpaçay, Qarahəsənli, Ələkli, Babək rayonunun Payız, Gərməçataq kəndlərində feldşer-mama məntəqələri tikilərək və yenidən qurularaq istifadəyə verilmişdir.
Aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədilə ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılması istiqamətində ilk addımlar atılıb. Muxtar respublikanın müxtəlif rayonları üzrə uzun müddət ünvanlı dövlət sosial yardımı alan 54 ailə müəyyən edilmiş, səmərəli məşğulluğu təmin etmək, rifah halını yaxşılaşdırmaq məqsədilə onlara dövlət tərəfindən iri və xırdabuynuzlu mal-qara verilmişdir.
Milli dəyərlərimizin yaşadılması, tarixi-dini obyektlərin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması sahəsində də tədbirlər görülür. 2017-ci ilin ötən dövründə Naxçıvan şəhərində yeni istirahət parkı, 2 nömrəli təqaüdçülər klubu, Babək rayonunun Nehrəm kəndində Heydər Parkı, Sədərək rayonunda Mədəniyyət Evi istifadəyə verilmişdir. Naxçıvan şəhərində yeni məscidin, Şahbuz rayonunda Mədəniyyət Evinin tikintisi, Naxçıvan şəhərində İmamzadə Kompleksinin, Şərur rayonunun Yengicə kəndində Şərq hamamının, Babək rayonunun Nehrəm kəndində İmamzadə tarixi abidəsinin, Kəngərli rayonunda Qarabağlar Türbə Kompleksinin bərpası davam etdirilir.
Muzeylər keçmişi yaşadan, mədəni irsi qoruyan, tədqiq və təbliğ edən mədəniyyət ocaqlarıdır. Bu baxımdan qədim tarixə malik diyarımızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması istiqamətində işlər ardıcıl xarakter alır. Bu mədəniyyət ocaqları üçün yeni binalar inşa edilir, onların eksponatlarla zənginləşdirilməsi istiqamətində tədbirlər görülür.
Turizmin kompleks şəkildə inkişafını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi buraya gələn turistlərin sayını ildən-ilə artırmış, 2017-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 380 mindən çox turist gəlmişdir.
2017-ci ildə kütləvi informasiya vasitələrinin inkişafı da diqqətdə saxlanmış, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə yeni çəkiliş avtomobili verilmiş, rayonlarda dövlət televiziyasının xüsusi müxbir postları yaradılmış, teleradionun efir vaxtı bir saat artırılmış, dövlət radiosunun internet üzərindən yayımı təmin olunmuş, dövlət televiziyasında xəbərlərin ingilis dilində buraxılışına başlanılmışdır.
İqtisadi və sosial sahədə qazanılmış nailiyyətlər ordu quruculuğunda da uğurların qazanılmasına şərait yaradıb. Bu gün muxtar respublika ərazisində yerləşən hərbi hissələrin maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, ordumuz ən müasir silahlarla təchiz olunur, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır. Müstəqillik günündə Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən birləşmə və hissələrinin qüdrətinin daha bir nümayişi oldu. Əlahiddə Ümumqoşun Ordusunun Yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi isə şəxsi heyətin hərbi biliklərinin artırılmasına, müasir texnologiyaların imkanlarından faydalanmaqla təlim hazırlıqlarının yüksək səviyyədə təşkilinə şərait yaradıb.
İl ərzində torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə, həmçinin xidməti vəzifəsini icra edərkən sağlamlıqlarını itirmiş hərbçilərin sosial müdafiəsi də diqqətdə saxlanılmış, 4 nəfərə minik avtomobili verilmişdir.
Ordumuzun günü-gündən artan qüdrəti gənclərdə hərb sənətinə marağı artırmışdır. 2017-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə 176 şagird qəbul olunmuş, lisey məzunlarından 211-i müxtəlif ali hərbi məktəblərin, ümumtəhsil məktəblərinin məzunlarından isə 28-i xüsusi təyinatlı ali məktəblərin tələbəsi adını qazanmışdır.
Hüquq mühafizə orqanlarının maddi-texniki bazasının və bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi də həyata keçirilən mühüm tədbirlərdən olub. Dövlət Təhlükəsizliyi Xidmətinin Xüsusi Təyinatlılar Şöbəsinin inzibati binasının və təlim mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün yaşayış binasının tikintisi başa çatdırılmış, Daxili İşlər Nazirliyinin inzibati binasında yenidənqurma işləri aparılmışdır.
Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, sabitlik və təhlükəsizliyin təmin edilməsi muxtar respublikada cinayətkarlığın aşağı səviyyəsinin qorunub saxlanılmasına, məskunlaşmaya və əhali rifahının yaxşılaşmasına öz təsirini göstərmiş, 2017-ci ildə muxtar respublika əhalisinin sayı artaraq 452 min nəfərdən çox olmuşdur.
Hər il olduğu kimi, 2017-ci ildə də qazanılan nailiyyətlərdə xidməti olanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkə Prezidentinin sərəncamları ilə 105 nəfər müxtəlif orden, medal və fəxri adlarla təltif olunmuş, 10 nəfər Prezident mükafatına layiq görülmüş, 1 nəfərə ali xüsusi rütbə verilmişdir. 30 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları, 21 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 36 nəfər isə “Rəşadətli əməyə görə” nişanları ilə təltif edilmişdir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının xarici ölkələrlə əlaqələri də genişlənmişdir.
Ümumilikdə 2017-ci il ərzində muxtar respublikaya Türkiyədən 14, İrandan 8, Amerika Birləşmiş Ştatlarından 1, Gürcüstandan 3, Birləşmiş Ərəb Əmirliklərindən 1, Çindən 2, Avstriyadan 1, Fransadan 1, Niderlanddan 1, İtaliyadan 1, Almaniyadan 1 səfər həyata keçirilmiş, Azərbaycanda akkreditə olunmuş Hindistan, Almaniya, Macarıstan, İsrail, Niderland, Qazaxıstan, Belçika, Koreya, Norveç, Fransa, Rumıniya, İsveçrə, Kuba, Yunanıstan səfirliklərinin nümayəndə heyətlərinin, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatının, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Avropa Şurasının və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliklərinin muxtar respublikaya səfərləri olmuşdur.
Xarici ölkələrin diplomatik nümayəndəlik və mütəxəssislərinin də rəylərinin əks olunduğu “Caspian European Club”un nəşrləri dünyanın 70 ölkəsinin dövlət və hökumət başçılarına, dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinə təqdim olunur və geniş beynəlxalq oxucu auditoriyasının diqqətinə çatdırılır.
İlin yekunları ilə bağlı ilkin nəticələr həyata keçirilən siyasətin doğru olduğunu, nəzərdə tutulan tədbirlərin yerinə yetirildiyini bir daha təsdiq edir. Ölkə rəhbəri cənab İlham Əliyevin də dediyi kimi, “Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Məqsəd ondan ibarətdir ki, vətəndaşımız daha da yaxşı yaşasın”.
* * *
Sonra Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış ediblər.
“Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin təsdiq edilməsi” barədə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov çıxış edib, “Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsi” səsə qoyularaq təsdiq olunub.
Sessiyada “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi haqqında” məsələyə də baxılıb, “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunub.
Gündəlikdə duran dördüncü məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev çıxış edib və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsi haqqında” Qanun qəbul edilib.
Ali Məclisin Sədri 2018-ci ildən etibarən pensiyaçıların istəkləri nəzərə alınmaqla pensiyaların kənd yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi barədə aidiyyəti qurumlara tapşırıqlar verib.
Sessiyanın gündəliyində duran beşinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilib və bununla əlaqədar qərar layihəsi qəbul edilib.
Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası öz işini başa çatdırıb.