Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Görkəmli dövlət xadimi, mahir elm və səhiyyə təşkilatçısı

31 Dekabr 2017
 

Azərbaycan Tibb Universitetinin yaradıcısı və qurucusu, səhiyyə sisteminin təşkilatçılarından biri, ilk milli tibb kadrlarının hazırlanmasında, tibb elminin və təhsilinin inkişafında müstəsna xidmətlər göstərən, xeyirxah əməlləri, vətən təəssübkeşliyi ilə xalqın qəlbində əbədiyaşarlıq timsalına çevrilən əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin unudulmaz xatirəsi hər zaman səmimiyyətlə, xoş duyğularla anılır. Bütün bunlar əyani surətdə təsdiqləyir ki, Əziz Əliyev XX əsrin əvvəllərində Azərbaycan səhiyyəsinin inkişafında və möhkəmləndirilməsində, bu bünövrənin monolitliyinin təminində ümdə xidmətləri, birbaşa iştirakı olan, özünəməxsus dövlətçilik üslübu ilə dünyada tanınan, əbədiyaşar şəxsiyyətlərimizdəndir. 

Tərəddüdsüz demək olar ki, Azərbaycan alimi Əziz Əliyev öz sağlam əqidəsi, düşüncəsi, ideyaları və qüsursuz fəaliyyəti, nəcibliyi ilə həyatı boyu əldə etdiyi bənzərsiz nəticələrə, beynəlxalq aləmdə qazandığı nüfuza görə dünyanın ən mötəbər mükafatlarına layiq görülüb.
Mən 2016-cı ilin dekabr ayının sonlarında Dağıstan Muxtar Respublikasının paytaxtı Mahaçqala şəhərində, 2017-ci ilin yanvar ayının əvvəllərində isə Bakı şəhərində dünya şöhrətli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edərkən bir daha onun möhtəşəm xidmətlərinin şahidlərindən oldum. Mahaçqala şəhərində dövlət səviyyəsində təşkil edilmiş təntənəli tədbirlərdə xarici ölkələrdən gəlmiş nümayəndələrlə yanaşı, Rusiyanın bir çox bölgələrindən təşrif buyurmuş nüfuzlu insanlar da iştirak edirdi. Əziz Əliyevin İkinci Dünya müharibəsi dövründə Dağıstan Muxtar Sovet Sosialist Respublikası Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində (1942-1948-ci illər) işə başladığı dövrdən 76 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, Rusiya Federasiyasının bir hissəsini təşkil edən Dağıstan Muxtar Respublikasının böyükdən-kiçiyə qədər bütün əhalisi bu böyük şəxsiyyətin yubiley təntənələrini tükənməz sevgi ilə qeyd edir, Azərbaycan oğluna olan hörmət və məhəbbətlərini səmimiyyətlə, bitib-tükənməz sevgi ilə nümayiş etdirirdilər. Azərbaycanın nümayəndə heyətinin də iştirak etdiyi yubiley tədbirlərində çıxış edənlərin hamısı Əziz Əliyev haqqında ürəkdən gələn xoş sözlər, unudulmaz xatirələr söyləyirdilər. Dünya şöhrətli həmyerlimizin müharibənin ağır illərində Dağıstanın dünya xəritəsindən silinəbilmə təhlükəsinin qarşısının alınmasında, müharibənin qızğın çağlarında Dağıstan xalqının vətənpərvərliyinin, qəhrəmanlığının, iradə və təmkininin, möhkəmliyinin, dəyanətinin bəşər övladlarına tanıdılması yolunda göstərdiyi hərbi-siyasi xidmətlərinə görə hamı onu yad edir, şəninə minnətdarlıq dolu xoş sözlər ünvanlayırdılar.
Millətlər arasında heç bir ayrı-seçkiliyin olmadığını dəfələrlə xeyirxah əməllərində sübuta yetirən Əziz Əliyev Azərbaycanda elmin, təhsilin, səhiyyənin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafı naminə nə işlər görmüşdüsə, ondan da artığını Dağıstan xalqı üçün etmişdi. O, Mahaçqalada Akademik Mərkəzin yaradılmasına böyük əmək sərf etmişdir. Sonralar həmin mərkəzin əsasında SSRİ Elmlər Akademiyasının Dağıstan filialı, hazırda isə Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzi yaradılıb. Əziz Əliyevin şəxsi təşəbbüsü və iştirakı ilə Dağıstanda Elmi-Tədqiqat Məktəblər İnstitutu, Qadın Müəllimlər İnstitutu, Pedaqoji Məktəb tikilib istifadəyə verilib.
Dağıstan Muxtar Respublikasının rəhbərlərindən olan Məhəmmədəli Məhəmmədov çıxışlarından birində qeyd edirdi ki, Əziz Əliyev dağıstanlılar üçün istedadlı rəhbər, səmimi və xeyirxah yoldaş, beynəlmiləlçi, respublikamızın rifahı naminə çoxlu qüvvə və enerji sərf etmiş yüksək mənəvi keyfiyyətlərə malik insan olubdur və onların qəlbində bu cür də yaşayacaqdır.
Əziz Əliyev 1897-ci il yanvar ayının 1-də qədim Azərbaycan torpağı, Azərbaycan övladlarının əzəli və əbədi məskəni, dədə-baba yurdları olan İrəvan Quberniyasının (İrəvan xanlığının) Hamamlı kəndində anadan olub. O, ilk ibtidai və orta təhsilinin bir hissəsini (1908-ci ilə qədər) İrəvanda, bir hissəsini (1908-1914) Çita şəhərindəki gimnaziyada, bir hissəsini isə (1914-1917) yenidən İrəvandakı kişi gimnaziyasında alıb. O vaxtlar Əziz Əliyevin bibilərindən Göyçək xanım ailəsi ilə birlikdə Çita şəhərində yaşayırdı, ona görə də bir müddət orada təhsil alıb, sonra - 1914-cü ildə yay tətili günlərində İrəvana gəlib və həmin vaxtlarda Birinci Dünya müharibəsi ilə əlaqədar yollar bağlandığına görə Çitaya qayıda bilməyib. Kiçik yaşlarından təfəkkürü, yüksək erudisiyası ilə diqqəti cəlb edən gənc Əziz 1914-1917-ci illərdə İrəvandakı kişi gimnaziyasında təhsilini davam etdirib.
Əziz Əliyev 1917-ci ildə dünya şöhrətli alim-cərrah, akademik Mustafa bəy Topçubaşov, görkəmli filosof akademik Heydər Hüseynov, görkəmli bəstəkar, xalq artisti Səid Rüstəmov və digərləri kimi böyük mütəfəkkirlər yetirmiş bu gimnaziyanı bitirdikdən sonra xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət edib və onun verdiyi vəsaitlə Sankt-Peterburqa (Leninqrada) gedib, orada dünyanın ən məşhur ali tibb təhsili ocaqlarından sayılan Hərbi-Tibb Akademiyasına qəbul olunub. Azərbaycanlı gənc ona dərs deyən, tibbin sirlərini öyrədən müəllimlərinin rəğbətini qazanıb. Əziz Əliyev nəzəri biliklərini artırmaqla yanaşı, praktik vərdişlərə yiyələnməyə də səy göstərib. O, Sankt-Peterburqda səpkili yatalaq əleyhinə təşkil edilmiş sanitariya-dezinfeksiya briqadasında işə düzəlib, dərsdənkənar vaxtlarda bu ağır işlərin öhdəsindən bacarıqla gələ bilib. Mürəkkəb iqtisadi-siyasi çətinliklər içərisində birinci kursu bitirən gənc yay tətilində İrəvana - doğmalarının yanına qayıdıb. Lakin burada erməni şovinistlərinin törətdikləri vəhşiliklər nəticəsində azərbaycanlı ailələrin soyqırımına, deportasiyaya məruz qalması Əziz Əliyevin bir daha Sankt-Peterburqa qayıtmasına, ali tibb təhsilini davam etdirməsinə imkan verməyib.
Əziz Əliyevin həm İrəvanda orta təhsil aldığı vaxt, həm də ondan çox-çox əvvəlki dövrlərdə İrəvan və İrəvan xanlığına aid bütün bölgələr, torpaqlar tamamilə Azərbaycana və azərbaycanlılara məxsus olub. Təəssüf ki, bu torpaqlardan 1918-1920, 1948-1952, 1988-1993-cü illərdə azərbaycanlı əhali deportasiya edilib, soyqırımına uğradılıb. Lakin tarix bunu heç vaxt unutmayacaq, zəbt olunmuş Azərbaycan torpaqları erməni işğalçılarının əsarətində qalmayacaq. İnanırıq ki, ölkə Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində bir milyondan artıq qaçqın və köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıdacaq, yurd yerlərimiz düşmən tapdağından azad ediləcək.
Erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri soyqırımı, qəsbkarlıq siyasəti Əziz Əliyevin 5 il doğmalarının yanında məcburi köçkünlük həyatı yaşamasına səbəb oldu. Tarixi mənbələr göstərir ki, o, həmin ağır illərdə bir an belə boş dayanmayıb, həkim köməkçisi və əczaçı köməkçisi vəzifələrində çalışaraq ailəsini, yaxınlarını tək qoymayıb. Yalnız 1923-cü ilin may ayında gənc Əziz Əliyev Naxçıvan Muxtar Respublikası rəhbərliyinin təqdimatı ilə Bakıya köçüb və burada da möhkəm səbr, dözüm nümayiş etdirərək Azərbaycan Xalq Komissarları Şurasında müxtəlif vəzifələri ləyaqətlə yerinə yetirib, eyni zamanda Bakı Dövlət Universitetinin Tibb fakültəsinin ikinci kursuna qəbul olunub. Əziz Əliyev 1927-ci ildə həmin fakültənin terapiya kafedrasının ordinatoru vəzifəsinə təyinat alıb. Bakıda yaşamağa başladığı dövrdə o, dövlət idarəçiliyi sahələrində işə cəlb edilib, ona tapşırılan müxtəlif vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib, kafedrada həyata keçirdiyi tədris, elm, müalicə işləri ilə yanaşı, təşkilati işlərlə də ciddi məşğul olub.
Əziz Əliyev 1928-1929-cu illərdə Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri vəzifəsini yerinə yetirib, 1929-cu ildən özünün yaxından iştirakı ilə təşkil edilən Azərbaycan Klinik İnstitutunun direktoru vəzifəsində fəaliyyət göstərib. Bu, 1932-ci ilə qədər davam edib.
1930-cu ilin may ayında BDU-nun Tibb fakültəsinin əsasında Azərbaycan Dövlət Tibb İnstitutunun yaradılmasında da Əziz Əliyevin təşkilatçılıq bacarığından geniş istifadə olunub. O dövrdə Azərbaycan SSR Xalq Səhiyyə komissarı (səhiyyə naziri) vəzifəsində çalışan professor Möhsün Qədirli (İsrafilbəyli) həm də müvəqqəti olaraq Azərbaycan Dövlət Tibb İnstitutunun ilk rektoru vəzifəsini yerinə yetirib. Qısa müddətdən sonra bu vəzifəyə Bakı Dövlət Universitetinin Tibb fakültəsində dekan vəzifəsində çalışmış bacarıqlı həkim Nadir Məmmədli təyin olunub. Bir ildən bir qədər artıq rektor vəzifəsində çalışan Nadir Məmmədli rəhbərlik tərəfindən Naxçıvana göndərildikdən sonra həmin vəzifəyə Əziz Əliyev təyin edilib. O, qısa fasilə ilə 6 il (1932-1938-ci illərdə) Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru vəzifəsində işləyib. Bu illərdə professor Əziz Əliyev bütün bilik və bacarığını, əldə etdiyi həyat təcrübəsini indiki Azərbaycan Tibb Universitetinin qurulmasına, addım-addım irəliləməsinə həsr edib.
Xalq arasında “Qurucu Əziz” kimi şöhrət qazanan görkəmli alim instituta rəhbərlik etdiyi ilk günlərdən müxtəlif kafedralarda müvafiq ixtisaslar üzrə Azərbaycan dilində ilk dərsliklərin yazılmasına, həm də rus dilində olan bəzi vacib dərsliklərin ana dilimizə tərcümə olunmasına xüsusi diqqət yetirib. Yalnız belə kitablar yazılıb tələbə və müəllimlərin ixtiyarına verildikdən sonra tədrisin keyfiyyətində ciddi dönüş yaratmaq mümkün olub. Professor 1933-cü ildə təkcə Azərbaycan Dövlət Tibb İnstitutu üçün deyil, Azərbaycanın bütün regionları üçün də böyük əhəmiyyət kəsb edən və ölkə miqyaslı tarixi hadisəyə çevrilən ilk tibbi kitabxananın bünövrəsini qoyub, onun banisi olub. O, yeni tibbi kitablar əldə etmək üçün Moskvanın, Sankt-Peterburqun, Kiyevin, Xarkovun bir sıra ali məktəbləri, tibb nəşriyyatları ilə müqavilələr bağlayıb, belə bir kitabxananın gələcək perspektivlərindəki özüllərini yeni dayaqlarla möhkəmləndirib. Əziz Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Tibb İnstitutu nəzdində “Kitabxana komissiyası” yaradılıb. Komissiyaya professor R.Rostotsev rəhbərlik edib.
Bununla yanaşı, professor Əziz Əliyev oxuculara onları maraqlandıran bir təlimat göndərib. Təlimatda deyilirdi ki, kitabxana plan üzrə SSRİ-də tibbə aid nəşr olunan bütün təzə kitabları, o cümlədən dövri tibbi-bioloji ədəbiyyatı alır. Bunlardan əlavə, kitabxana SSRİ-nin 231 elmi müəssisəsi və 87 xarici ölkə ilə kitab mübadiləsi aparır. Bundan sonra Əziz Əliyevin Azərbaycanda yaratdığı ilk tibbi kitabxana inkişaf edib böyüyərək hazırkı innovativ texnologiyalara malik yüksək səviyyəyə çatdırılıb. Hazırda universitetdə fəaliyyət göstərən kitabxananın bir milyona yaxın zəngin kitab fondu var. Həmin illərdə ATİ rəhbərliyinin qarşısında duran ən çətin işlərdən biri də tibb nəşriyyatının yaradılması məsələsi idi. Əziz Əliyev bunun da öhdəsindən bacarıqla gələ bilmişdi. 1934-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunda yaradılan “Tibb nəşriyyatı” ölkədə bir sıra tibb jurnallarının çap olunmasına əlverişli şərait yaradıb. Görkəmli alimin yaratdığı möhtəşəm ilklər sırasında “Praktiki və nəzəri tibb jurnalı”nın, eləcə də ATİ-nin orqanı olan çoxtirajlı “Tibb kadrları uğrunda” adlı qəzetin nəşrinə başlanılması da özünə möhkəm yer tutub. 1933-cü ildən fəaliyyətə başlayan bu maarifləndirici qəzet hazırda yeni formatda ATU-da “Təbib” adı altında nəşr olunur. Maraqlı hallardan biri də ondan ibarətdir ki, bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin himayəsi ilə çap olunan və dünyanın hər yerində tanınan “Azərbaycan Tibb Jurnalı” bir müddət Əziz Əliyevin ATİ-də yaratdığı nəşriyyatda çap olunub. Əziz Əliyev 1929-cu ildən bu sanballı jurnalın məsul katibi, 1935-ci ildən isə onun baş redaktoru vəzifəsində çalışıb.
1934-cü ildə Bakı şəhərində yayılmaqda olan infeksion xəstəliklərin əhaliyə vurduğu böyük ziyanların qarşısını almaq məqsədilə Əziz Əliyev Bakı şəhər səhiyyə şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib. O, qısa müddətdə bu çətin vəzifəni bacarıqla yerinə yetirərək mövcud yoluxucu xəstəliklərin yayılmasının qarşısını ala bilib. Bundan sonra Əziz Əliyev yenidən ATİ-nin rektoru vəzifəsinə qaytarılıb. 1937-ci ildə Bakı Dövlət Universitetində yaranmış vəziyyətlə əlaqədar hər bir çətinliklərdən məharətlə çıxmağı bacaran alimə, eyni zamanda BDU-nun rektoru vəzifəsini yerinə yetirmək də həvalə olunub. Tükənməz təşkilatçılıq istedadına malik olan alim bu işin də öhdəsindən yüksək səviyyədə gəlib.
Əziz Əliyev 1933-cü ilin avqust ayında Almaniyada elmi ezamiyyətdə olduqdan sonra doktorluq dissertasiyası işini tamamlayıb və 1934-cü ildə müdafiə edib tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Onun doktorluq dissertasiyası 1937-ci ildə Moskvada gənc alimlərin müsabiqəsində SSRİ Elmlər Akademiyasının və Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin mükafatına və diplomuna layiq görülüb. Professor Əziz Əliyev Azərbaycanın ali tibb təhsili müəssisəsinə rəhbərlik etdiyi illərdə elmi və pedaqoji fəaliyyətini bir an belə dayandırmayıb. Onun həmin dövrdə qələmə aldığı “Klinik analizlər” kitabı bu gün də öz müasirliyini, aktuallığını qoruyub saxlayır. O dövrdə alimin əsərlərinin bir neçəsi “Azərbaycan Tibb Jurnalı”nda çap olunub. Bunlardan “Həzm zamanı qanın xloridləri”, “Malyariyanın Karno metodu ilə müalicəsi” və başqa əsərlərini misal göstərmək olar. Əziz Əliyev uzun müddət eksperimental nefritin tədqiqi üzrə elmi axtarışlar aparıb. Azərbaycan Tibb Universitetinin Birinci terapiya və diyar patologiyası kafedrasının assistenti və dosenti vəzifələrində çalışaraq mahir pedaqoq kimi milli tibb kadrlarının yetişməsinə öz dəyərli töhfələrini verib.
Əziz Əliyevin ATİ-yə rəhbərlik etdiyi dövrdə onun yaratdığı əlverişli şəraitdən istifadə edən gənclərdən 41 nəfəri müxtəlif ixtisaslar üzrə doktorluq və namizədlik dissertasiyası müdafiə edib. Onlardan 19 nəfərinin milli kadr olması ozamankı elmi kadr meyarları üçün çox böyük müvəffəqiyyət, kəskin dönüş, uğurlu irəliləyiş hesab edilirdi ki, bu da məhz görkəmli alimin adı ilə bağlı idi. Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alan tələbə-gənclərin gələcək taleyi Əziz Əliyevi dərindən düşündürürdü. 1933-cü ildə onun təklifi, təşəbbüsü və bilavasitə iştirakı ilə indiki Kliniki Tibbi Mərkəzin yaxınlığında “Tibb şəhərciyi”nin inşasına başlanılıb. Sonralar həmin şəhərcikdə tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları da inşa edilib.
Sonralar isə işlərin geniş vüsət alması ulu öndər Heydər Əliyevin sayəsində mümkün olub. ATU-nun 11 mərtəbəli tədris binasının, unikal akt zalının, Tədris Stomatoloji Klinikanın istifadəyə verilməsi deyilənlərin sübutlarındandır. Son onillikdə isə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən layihələr sayəsində bu kontekstdə ATU-nun unikal tədris klinikalarının tikilib istifadəyə verilməsi həm də bir növ Əziz Əliyev ideyalarının həyata keçirilməsinin təzahürünə çevrilib.
1933-1934-cü illərdə ölkədə yaranan iqtisadi çətinliklər zamanı Əziz Əliyevin təşəbbüsü ilə Bakıdakı orta məktəblərdən birində tələbə yeməkxanası təşkil edilib və burada Tibb İnstitutunun tələbələrinə pulsuz yemək verilib. Bunun ardınca Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunda rektorluq fondu yaradıb. O, bu fondun köməyi ilə yaxşı oxuyan imkansız tələbələri geyimlərlə təmin edər, onların daha həvəslə oxumalarına şərait yaradardı.
Əziz Əliyev hər il Azərbaycan Dövlət Tibb İnstitutunun son kurs tələbələrinin ən bacarıqlılarını Moskvanın, Sankt-Peterburqun, Kiyevin məşhur ali tibb məktəblərinə göndərər, onların həm nəzəri, həm də təcrübi biliklərə yiyələnmələrinə hər cür imkanlar yaradardı.
1936-1940-cı illərdə Əziz Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə malyariya və traxomaya qarşı mübarizəyə başlanılıb. Bacarıqla həyata keçirilən tədbirlər sayəsində ölkəmizdə tüğyan edən bu dəhşətli xəstəliklərin qarşısı alınıb. Onun rəhbərliyi altında müalicə-profilaktika məqsədilə respublikamızda xüsusi dispanserlər, şəhər və kəndlərdə göz xəstəxanaları açılıb. Əziz Əliyevin tələbəsi, tibb elmləri doktoru, professor Abdulla Quliyev həmin dövrü belə təsvir edirdi: “1936-1940-cı illərdə qızdırma xəstəliyi respublikamızın əhalisini, demək olar ki, şikəst edirdi. Xalqın iztirablarını sözlə ifadə etmək mümkün deyildi... Bax, elə o gərgin, təlaşlı vaxtda Əziz Əliyev səhiyyə komissarı və həkim kimi qızdırmaya qarşı öz qəhrəmanlıq “müharibəsinə” başladı... Onun şəxsi göstərişlərinə və əmrlərinə əsasən, xəstəlik yayılan rayonlarda qısa müddət ərzində qızdırma əleyhinə dispanserlər və stansiyalar yaradıldı, texniki avadanlıqla təchiz edildi, qızdırma üzərinə kütləvi hücum başlandı. Qərəz, öz həmvətənlərini dəhşətli epidemiyadan xilas etmək yolunda Əziz Əliyev bütün istedad və bacarığını səfərbərliyə almışdı. Əziz Əliyev qızdırma ilə yanaşı, traxomaya da qarşı mübarizə aparırdı. Bu vuruşda da onun tükənməz təşkilatçılıq, həkim-alim enerjisi özünü tam mənası ilə büruzə verdi. Ümumi profilaktik tədbirlərin hər bölməsinə, müalicə ocaqlarının yaradılmasına, kadrların seçilib hazırlanmasına özü rəhbərlik edirdi, hamıyla birgə çalışırdı”.
Professor Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi vəzifəsində çalışıb. O, eyni zamanda İkinci Dünya müharibəsi illərinin əvvəllərində alay polkovniki rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana göndərilib.
1942-1948-ci illərdə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində olanda Əziz Əliyev özünü bacarıqlı rəhbər, dövlət xadimi kimi göstərə bilib. Əziz Əliyev 1949-1950-ci illərdə Moskvada ÜK(b)P MK-nın təlimatçısı, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru olub, Sabunçu xəstəxanasında işləyib, 1956-cı ildən etibarən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsində fəaliyyət göstərib. Əziz Əliyev həmçinin müxtəlif illərdə I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II çağırış Dağıstan MSSR Ali Sovetinin deputatı seçilib. Görkəmli dövlət xadiminin vətən və xalq qarşısındakı misilsiz xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni, “I dərəcəli Vətən Müharibəsi” ordeni, “Səhiyyə Əlaçısı” döş nişanı, bir çox medallar, o cümlədən 1948-ci ildə “Moskvanın yaranmasının 800 illik xatirə medalı” və çoxsaylı fəxri fərmanlarla təltif edilib. 1960-cı ildə Əziz Əliyevə “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı verilib. Hazırda Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakının və Mahaçqalanın mərkəzi küçələrindən biri, Sumqayıtda və Kaspiyskdə bir tibb məktəbi Əziz Əliyevin adını daşıyır.
2016-cı il noyabrın 18-də Prezident İlham Əliyev görkəmli alim Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalamışdı. 2017-ci ilin yanvar ayında Azərbaycan Tibb Universitetinin böyük akt zalında Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirildi, onun materialları toplu şəklində çap olundu. Əziz Əliyevin anadan olmasının 120 illik yubileyi münasibətilə ATU-da keçirilən elmi konfransın materiallarına həsr olunmuş topluya görkəmli dövlət və elm xadimlərinin, şair, yazıçı və incəsənət adamlarının onun haqqında söylədikləri xatirələr də daxil edilib.
Əziz Əliyevin anadan olmasının 100 illik yubileyində geniş nitq söyləyən ümummilli lider Heydər Əliyev görkəmli dövlət və elm xadiminin vətən və xalq qarşısındakı xidmətlərini səciyyələndirərkən demişdir: “Azərbaycanın elmini, təhsilini, səhiyyəsini, iqtisadi potensialını və sənayesini yaratmış insanlar Azərbaycanın bugünkü müstəqilliyinin bünövrəsini qoymuşlar. Bu adamlar arasında Əziz Əliyev də var”.
Azərbaycanın ziyalı oğlunun əziz xatirəsi ölkə ictimaiyyəti tərəfindən hər zaman ehtiramla anılır və yad edilir.
Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti, çoxminli tələbələri universitetimizin dünya şöhrətli məzunu, ATU-nun yaradıcı və yenilikçi rektoru olmuş Əziz Əliyevin anadan olmasının 121-ci ildönümünü yüksək əhvali-ruhiyyə ilə qarşılayır, onun tibb elmi və tibb təhsili sistemlərinin, ölkə səhiyyəsinin inkişafı naminə göstərdiyi əvəzsiz xidmətləri uca tutur, qüdrətli alimin zəngin irsindən daim bəhrələnirlər.

Gəray GƏRAYBƏYLİ,
Azərbaycan Tibb Universitetinin rektoru, professor