Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni il - Tokiodan Londona, yanvardan dekabra kimi

31 Dekabr 2017
 

Əlli il bundan qabaq doğulduğum dağ kəndində Yeni il bayramı qaranlıq düşəndə bitərdi. Amma Moskvada oxuduğum universitetdə bu bayram az qala günortadan dan yeri ağaranadək davam edərdi. Tələbələr “suxoy zakonun” vahiməsinə baxmayaraq, o qədər içərdilər ki, səhərisi pulu qurtaranlar şüşələri yığıb bütün xərclərini bağlaya bilirdilər. Yadda qalan o idi ki, Rasim adlı azərbaycanlı tələbə zəncilərin də qoşulduğu bir estrada qrupu yaratmışdı. Onların oxuduğu “Cücələrim” mahnısının sədaları altında Lomonosovun 4-5 min “cücəsi” rəqs meydançasını səhərəcən məhz bu mahnının sədaları altında dimdikləyib sökərdilər. 

Yeni ili az qala Tokio vaxtı ilə qeyd etməyə başlayıb, Almatıya, Daşkəndə, Bakıya adlayardılar. Moskvaya çatanda tələbələrin yarısı sıradan çıxırdı, Parisə, Londona əlində qədəhlə çatan tapılmazdı.
Yəqin kiminsə heç ağlına da gəlməz ki, Yeni il şənliyi Şərqdən Qərbə qədər badələrin sərxoş cingiltisi altında uzanıb gedə bilər. Etiraz etmək ağlınıza da gəlməsin. Məsələ burasındadır ki, yeni il Lomonosov universitetindəki kimi sabahədək uzanmaqdan savayı, hətta yanvarda başlayıb dekabrda da bitə bilər. Əslində reallıq belədir: bu bayramı müxtəlif ölkələrdə ilin əvvəlindən ta axırınadək qeyd edirlər. Yəni MDU onların yanında pirə getməlidir.
Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Yeni ili Rusiya, Avstraliya, Şotlandiya, İtaliya, Avstriya, Yaponiya, Rumıniya, Kanada, ABŞ, BƏƏ, Finlandiya və bir çox başqa ölkələrdə qeyd edirlər. Yunanların Yeni ili bizim köhnə təqvimlə yanvarın 14-nə - müqəddəs Vasili gününə düşür. Müqəddəs Vasilinin mərhəmətinə inanan yunan uşaqları həmişə çəkmələrini sobanın yanına düzürlər ki, o, ayaqqabıların içini hədiyyə ilə dolduracaq. Adətən yanılmırlar.
Sonrakı Yeni il ay təqvimi ilə qeyd olunur. Bu minvalla bayram hər il eyni gündə yox, bir qayda olaraq yanvarın 21-i ilə fevralın axırı arasında rəqs edir. Bu təqvimlə Yeni il bayramı adətən bütpərəstlər keçirirlər. Çin, Malayziya, Vyetnam, Sinqapur, Koreya, hətta Monqolustan ilin ilk bayramını ay təqvimi ilə nizamlayır.
Müsəlmanlar Yeni ili iki cür qarşılayırlar. Postsovet ölkələrində Yeni ilin dekabrın 31-də keçirilməsi ənənəyə çevrilib. Digər ölkələrdə isə bayram hicri tarixi ilə müsəlman ilinin birinci ayının birinci gününə düşür və hər il 11 gün sürüşür və əksər müsəlman ölkələrində qeyd edilir.
Yeni ili yazda da qarşılayanlar az deyil. Müsəlman ölkələrinin bir çoxunda Novruz yeni gün kimi qeyd edilir, hətta fars təqvimində Novruz yeni ilin ilk gününün adıdır. Martın 21-dən 22-sinə keçən gecə, gecə ilə gündüz bərabərləşərkən Əfqanıstanda, Pakistanda, Orta Asiya respublikalarında, İranda, o cümlədən Azərbaycanda da yeni gün kimi geniş və hətta rəsmi Yeni il bayramından daha böyük təmtəraq və canfəşanlıqla qeyd olunur. Bir gün ötəndən sonra isə martın 22-də Yeni il şənlikləri Hindistana adlayır. Bu ölkədə yeni ilə tamam fərqli münasibət var və hindlilər onu 8 dəfə keçirməkdən yorulmurlar.
Rusiyanın ən deyib-gülən, yumorun vətəni sayılan Odessa şəhərində yeni ilin aprelin birinə düşməsi heç kimi təəccübləndirmir. Belə çıxır ki, odessalılar da bizim kimi yeni ili ildə iki dəfə bayram edirlər. Birmada da bu bayram aprelin 1-nə təsadüf edir. Ən isti günlərdən cana gələn birmalılar bir-birini doyunca su ilə isladır, “tincan” adlı su festivalı da keçirirlər.
Aprel ayının 13-də Şri-Lanka və Nepalda yeni il başlayır. Bir gün sonra Laos yeni ili qeyd edir. Bu zaman istilərdən üzülən əhali yağış mövsümünü səbirsizliklə gözləyir. Birmalılar isə əksinə olaraq Yeni ili tropik yağışlardan sonra, aprelin 12-17 arası, amansız istilər düşəndə qeyd edirlər. Bu ölkədə üç gün davam edən bayram günlərinin dəqiq tarixini Mədəniyyət Nazirliyi təsdiq edir.
Bu minvalla yazdan yaya adlayan bayram iyulun 16-da Maya qəbilələrinə gəlib çatır, avqustda isə Cibuti və Nigeriyada bayram şənliklərinə start verilir. Sentyabrın 1-də biz alışmışıq ki, dərslər başlasın, amma Suriyada bu günü ölkə Yeni il kimi qeyd edir. Həmçinin payızda yəhudilər də yeni ili bütün yəhudi ailələrində Roş-xa-Şana adlı bayramla qarşılayırlar.
Sentyabrın 11-də Yeni il şənliklərinə Efiopiya qollarını açır. Bu, yağış mövsümünün bitməsi ilə qeyd edilən bir bayramdır. Təxminən bir ay sonra oktyabrın 7-də Yeni il Qambiyaya adlayır və elə o ayda da İndoneziyaya gəlir. Hamı geyinib-kecinir və bir-birindən ötən il qəlblərinə dəydiklərinə görə üzr istəyirlər.
Yeni il Yəmənin ərazisinə noyabrın 18-də qədəm qoyur, Havay adaları və Okeaniyaya noyabrın ortalarında çatır. Məşhur hellouin gecəsi də Yeni il ənənələri ilə bağlıdır. Lakin bundan başqa, əhalinin hələ də kelt dilində danışdığı ölkələrdə - Şotlandiya, İrlandiya və Men adasında məhz bu günü keltlər “Samaynu” bayramı ilə qarşılayırlar. Belə çıxır ki, bizim il boyu, ta noyabrın axırına kimi Yeni ili keçirmək imkanlarımız var. Sadəcə təqvimə baxın, ölkəni və adətləri seçib süfrənizi bəzəyin. Əlbəttə, əgər ürəyiniz bayram istəyirsə. Amma bunun üçün Yeni il yolkasını da seçməlisiniz. Belə ki, əksər ölkələrin küknar (yolka) ağacları da eyni olmur.
Yeni il ənənəsi Avropa ölkələrində özünü təsdiq etdiyindən bayramın əsas atributu oyuncaqlarla bəzədilmiş küknar ağacıdır. Bu ağac hər ölkədə bitməsə də, heç kimə problem yaratmır. Hər xalq ürəyinə yatan bir ağac tapıb küknar yerinə oyuncaqlarla bəzəyir.
Sudanda qoz ağacı Yeni ilin rəmzi sayılır. Belə bir inanc da var ki, onun yaşıl meyvələri evə xoşbəxtlik gətirir.
Nikaraquada Yeni il yolkasını məhsuldarlıq və ailənin ruzisi kimi qırmızı meyvəli qəhvə ağacı əvəz edir. Balidə düyü samanı ilə sütunları bəzəyib Yeni il yolkasının əvəzində müxtəlif rənglərlə rəngləyirlər. Hindistanda nəhəng çiçək hörükləri bu ağacı əvəz edir. Onlarla evin içini də, bayırını da, bəzən damları da bəzəyirlər. Braziliyada küknar ağacı bitsə də, süni Yeni il yolkasını hazırlamaq üçün kağız, lent və ağac yonqarlarından istifadə edirlər. Bəzən braziliyalılar palmanı da bəzəyirlər.
Meksika isə Yeni il palmaları ilə məşhurdur. Onlar həm də bu ağacın dibinə dostları və qohumları üçün hədiyyələr də qoyurlar. Bəzi Şərq ölkələrində, Vyetnam, Koreya və Kambocada bahalı bəzəklərlə bəzədilmiş çılğırlar yeni ilin rəmzi sayılır. Kimin varıdırsa, o gecə sübhədək xoşbəxtliyi bayır-bucaqdan evinə çılğırlaya biləcək.
Kubada isə bəzədilmiş piniya və kaktus yolkanı əvəz edir. Afrikada baobab ağacını elə küçələrdə, evə gətirmədən yeni il üçün bəzəyirlər. Vyetnamda bambuk, Yaponiyada kadomatsu küknarı əvəz edir. Filippində əsl ağacı yox, plastik və məftillərdən hazırlanan yolkanı bəzəyirlər. Hətta baş yolka üçün armatur da istifadə edə bilərlər.
İsraildə xüsusi şitilliklərdə sərv qələmlərini yetişdirib bütün arzu edənlərə paylayırlar. Amma o da var ki, artıq harada yaşamalarından asılı olmayaraq, süni küknar ağacını dünyanın əksər ölkələrində yeni il yolkası kimi bəzəyirlər.
Çində isə küçələrə “Alovlu ağacları” düzüb, onları saysız-hesabsız müxtəlif rəngli “odlar”la bəzəyirlər. Evlərinə də cırtdan mandarin ağaclarını düzürlər. Havay adalarında küknar olmasa da, dəniz sahillərindəki qumluqlarda bitən iynəyarpaqlı araukaryadan corabları hədiyyə kimi asırlar. Artıq Azərbaycanda da bu dekorativ ağac kimi satılır və onu yeni ilə bəzəməkdən zövq alan ailələr də az deyil. Beləliklə, Yeni ili istənilən vaxt keçirmək, istənilən ağacı bəzəmək üçün onlarca variant var. İstədiyinizi seçib, istədiyiniz ölkənin bayram şənliklərinə “səyahət” edə bilərsiniz.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”