Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əlvida, ötən il, salam, Təzə il!

31 Dekabr 2017
 

Əlvida, ötən il,

         əlvida sənə.

Bir də görüşmərik

Biz bundan belə.

Dağ dağa  rast gələr,

        bəlkə, haçansa,

Biz isə səninlə

         bir daha,

         heç vaxt

         qarşılaşmarıq.

Hər zaman qalmayan

         gözəllik kimi,

Yanan ulduz kimi

                 parladın, söndün.

Keçmiş zaman olub,

          axan çay olub,

Şərəfli, şöhrətli

          tarixə döndün.

Gəldin Yer üzünə -

           bu kainata

Məsum körpə kimi,

           bəyaz qar kimi.

Yaşadın dəqiqə,

          saatla, ayla,

Min bir ümid dolu

         gələn sabahla.

Ömür karvanının

         bu yollarında

Elimə, günümə -

         Azərbaycana

Yeni qələbələr,

         yeni zəfərlər,

Sayı saya gəlməz

         sevinc bəxş etdin.

Ölkələr, millətlər

         arasında biz

Bir az da ucaldıq,

         boy atdıq sənlə.

Amma bir söz gəlib,

         deməsəm, olmaz.

Gərək heç dəyməsin

         o söz xətrinə.

Ötən günlərinlə,

         aylarınla sən

Bir yaş da qaladın

        yaşımız üstə.

Deməli, qocaldıq

        bir yaş da belə.

Amma kədərdən çox

        sevincimiz var.

Qocala-qocala

        hey cavanlaşan, 

Boyu çinar kimi

       göyə ucalan,

Ayağı torpaqda

       məğrur palıdtək

Vüqarla, qürurla

       möhkəm dayanan

Odlar yurdu adlı

Qüdrətli, şanlı

Elimiz, günümüz,

Vətənimiz var.

*  *  *

Salam, bir də salam,

          gələn Təzə il!

Ayağın düşərli,

          sayalı olsun!

Kimin nə arzusu,

          nə niyyəti var,

Göyərsin zəmitək,

         bol bəhər versin.

Hər kəs əkdiyinin

        bəhrəsin görsün.

Toy, şənlik bəzəsin

         hər günü, ayı.

Ondan da pay düşsün

         hər bir insana.

Göyərçin qanadlı

         sülh şüarımız

Yayılsın hər yana,

        bütün cahana!

Eşitsin cahan.

Ölkələr, millətlər

Olsun mehriban.

Hər duyan ürəkdə

         xoş niyyət olsun,

Dava da, savaş da

         qınında qalsın.

Bir körpə uşağın,

         cavan əsgərin

Burnunun ucu da

         heç qanamasın.

İşğalçı siyasət,

        ikili mövqe

İlim-ilim itsin,

        yox olub getsin.

Ərisin istiyə

        düşən qar kimi.

Gözümüz onları

        bir də görməsin.

Torpağın sinəsi

       daha yenidən

Dilim-dilim olub

       qoy sökülməsin,

Qan tökülməsin.

Min bir əzab ilə,

        alın təriylə

Tikilən, salınan

        şəhərlər, kəndlər

Nahaqdan odlara

        qoy qalanmasın,

        alovlanmasın.

Analar nisgilli

        göz yaşlarıyla

Bir daha, bir daha

        qoy ağlamasın.

Nə oğul itkisi,

        nə ər itkisi

Ana ürəyini

        qoy dağlamasın.

Qarabağ həsrəti

         vüsala dönsün.

Qaçqınlar yığışsın

         ocaq başına.

Şuşadan ucalsın

Muğamatımız,

Qızlar toplaşsınlar

        bulaq başına.

Yenə bayrağımız 

Xankəndimizdə

Vüqarla, qürurla

       qoy dalğalansın.

Düşmən qəzəbindən

       alışsın, yansın.

Arzular, istəklər

       dərya qədərdir.

Hansını söyləyim,

       hansını yazım?

Bir daha, bir daha

       yenə deyirəm:

Təzə il, qədəmin

      mübarək olsun!

 

Seyran CAVADOV,

“Azərbaycan”