Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan diplomatiyası böyük qələbələrə imza atdı

30 Dekabr 2017
 

Tarixə qovuşmaqda olan 2017-ci il ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi baxımından bir sıra mühüm hadisələrlə yadda qaldı. Azərbaycan diplomatiyası il ərzində dövlətin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın sıxlaşdırılması, ayrı-ayrı ölkələrlə qarşılıqlı faydalı əlaqələrin dərinləşdirilməsi naminə geniş fəaliyyət göstərmiş, həmçinin regional və beynəlxalq əhəmiyyətli problemlərin müzakirəsi və həllində yaxından iştirak etmişdir. Bütün bu məsələlərə yanaşmada milli maraqlar həmişə ön plana çəkilmiş, dövlətin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi naminə ardıcıl səylər göstərilmişdir.

İl ərzində Prezident İlham Əliyev çoxsaylı xarici səfərlər etmiş, eyni zamanda, xarici ölkələrin dövlət və hökumət rəhbərləri, eləcə də digər yüksək vəzifəli nümayəndələri Bakıda qəbul olunmuşlar. Danışıqlarda ikitərəfli əlaqələrin genişləndirilməsi, əməkdaşlığın dərinləşdirilməsi üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq problemlər əsas müzakirə mövzusu olmuşdur. Bütün bu təmasların nəticəsi olaraq Azərbaycan yeni tərəfdaşlar qazanmış, regional səviyyədə və beynəlxalq aləmdə nüfuzunu artırmağa nail olmuşdur. Dövlət başçısının dünya ölkələrinin liderləri ilə apardığı danışıqlarda Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır nəticələri daim diqqətə çatdırılmış, münaqişənin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsinin vacibliyi vurğulanmışdır. Beynəlxalq tədbirlərdə belə bir məqam həmişə qeyd olunmuşdur ki, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və hamı tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığına hörmət qlobal sabitliyin rəhnidir, əks təqdirdə, dünya xaos girdabına yuvarlana bilər. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə toxunarkən rəsmi Bakının dəyişməz mövqeyini təkrar-təkrar ortaya qoymuşdur: ölkəmizin ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz, Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq!
Energetika diplomatiyası Azərbaycanın xarici siyasət xəttinin prioritetlərindəndir. Bu istiqamətdə əldə edilən uğurlar diqqəti daha çox cəlb edir. Məlum olduğu kimi, hələ 1994-cü ildə dünyanın 11 aparıcı şirkətinin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının (AÇG) dərinsulu hissəsinin birgə istismarı və neft hasilatının pay bölgüsü haqqında beynəlxalq müqavilə - “Əsrin müqaviləsi” imzalandı. Ardınca xarici tərəfdaşlarla bağlanmış sazişlər digər karbohidrogen yataqlarının istismarına şərait yaratdı. Beləcə, Azərbaycan neftinin tarixində yeni mərhələ başladı, həm də Xəzərdə beynəlxalq əməkdaşlığın əsası qoyuldu. Daha sonra Azərbaycanın “qara qızıl”ının dünya bazarlarına ixracı məsələsi həll olundu. Nəticədə Xəzərin Azərbaycan sektorunda hasil olunan neftin ixracı üçün boru kəmərləri, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri inşa edilib istifadəyə verildi. Beləliklə, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində mühüm mərhələ qət edildi, həm də ölkənin inkişafı üçün geniş üfüqlər açıldı.
Bu il sentyabrın 14-də “Əsrin müqaviləsi” yenidən gündəmə gəldi. Bu dəfə müqavilənin müddəti 2050-ci ilədək uzadıldı. Yeni saziş 30 il müddətinə bağlanmış “Əsrin müqaviləsi”nin düzəliş edilmiş və yenidən tərtib olunmuş formasıdır. Müqavilənin icra olunduğu 23 il ərzində layihəyə 33 milyard dollar investisiya qoyulmuş, təxminən 436 milyon ton neft hasil olunmuşdu. Azərbaycanın layihədən əldə etdiyi birbaşa mənfəət 125 milyard dollardan çox idi.
“Əsrin müqaviləsi” imzalananda AÇG-də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Amma ehtiyatlar proqnozları üstələdi. Hazırda yataqlar blokunda hələ hasil edilməmiş 500 milyon ton neft olduğu təsdiqlənmişdir. “Yeni əsrin müqaviləsi”nə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin layihədə iştirak payı 25 faiz təşkil edəcək. Ölkəmizə çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz olacaq. Saziş çərçivəsində qoyulacaq investisiyanın məbləği 40 milyard dolları ötəcək. Bununla yanaşı, xarici tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Beləliklə, milli iqtisadiyyatın lokomotivi olan neft sənayesinın tarixində yeni mərhələ başladı. Saziş Azərbaycanın ixracat potensialını və nəticə etibarilə gəlirlərini artıracaq.
“Əsrin müqaviləsi”nin müddəti başa çatmamış yeni sazişin imzalanması tamamilə zəruri idi. Hər şeydən əvvəl ona görə ki, indiki Azərbaycan artıq 1994-cü ildəki ölkə deyil. O vaxt riskin səviyyəsi son dərəcə yüksək idi və bu, müqavilənin şərtlərinə də təsirini göstərmişdi. İndi isə Azərbaycan Respublikası kifayət qədər oturuşmuş, maliyyə baxımından imkanlı, regionda və beynəlxalq aləmdə nüfuz sahibi olan dövlətdir. Odur ki, Azərbaycanın maraqlarına tamamilə cavab verən yeni müqavilə bağlamaq lazım idi. Rəsmi Bakı doğru addım ataraq yeni sazişin bağlanmasına nail oldu. Ölkəmizin gələcək inkişafına əsaslı zəmin yaradan “Yeni əsrin müqaviləsi” Azərbaycan energetika diplomatiyasının möhtəşəm qələbəsi kimi tarixə düşdü.
Azərbaycan Asiya ilə Avropa arasında körpü rolu oynayaraq bu missiyanı müvəffəqiyyətlə həyata keçirir. Bu baxımdan ölkəmizin iştirakı ilə “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılması həm regional, həm də beynəlxalq ticarətin fəallaşmasına böyük töhfə verəcək. “Şərq-Qərb” dəhlizi artıq fəaliyyət göstərir. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi ilbəil artır. Bu il oktyabrın 30-da dünyada dəmir yolu nəqliyyatının inkişafı naminə daha bir layihənin icrası başa çatmışdır. Həmin gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirildi və yeni polad magistral istifadəyə verildi. Dəmir yolu xəttinin ümumi uzunluğu 846 kilometr təşkil edir ki, bunun da 504 kilometri Azərbaycanın, 263 kilometri Gürcüstanın və 79 kilometri Türkiyənin payına düşür.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası bir sıra obyektiv səbəblərdən yubanmışdı. Belə ki, Ermənistanın Qərbdəki havadarları işğalçı dövlətin növbəti iri inkişaf layihəsindən kənarda qalmasını istəmir və onun reallaşmasına cidd-cəhdlə mane olurdu. Beynəlxalq maliyyə təsisatları yeni dəmir yolunun inşasına kredit verməkdən boyun qaçırmışdı, Qərb KİV-i isə layihənin perspektivsiz olacağını iddia edərək hər cür dezinformasiya yayırdı. Lakin bütün bunlar əbəs idi. Layihənin təşəbbüskarı olan Azərbaycan Türkiyə və Gürcüstanla birgə qəti iradə nümayiş etdirdi və nəhayət, Bakı-Tbilisi-Qars dəmir yolu - Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı yol işə düşdü. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, daha sonra isə bundan da böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Diqqətəlayiq haldır ki, Bakı-Tbilisi-Qars dəmir yolu Asiya ilə Avropa arasında ən qısa yol olmaqla yanaşı, Avrasiyada bütün polad magistrallarını birləşdirmək imkanına malikdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasında ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Eyni zamanda, bu yol sabitliyə və təhlükəsizliyə xidmət edəcək. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti layihənin iştirakçısı olan ölkələrin geosiyasi əhəmiyyətini artıracaq və onlar üçün əlavə imkanlar yaradacaq.
2017-ci ildə Azərbaycan üçün regional və beynəlxalq əməkdaşlıq baxımından ən çox diqqətçəkən hadisələrdən biri Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatının formalaşması istiqamətində atılmış addımlar oldu. Xatırladaq ki, keçən ilin avqust ayında üç dövlətin başçıları - İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin arasında Bakıda keçirilmiş görüş və üçtərəfli sammit çərçivəsində əldə olunmuş razılaşmalar fövqəladə əhəmiyyəti ilə yadda qalmışdı. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə irəli sürülmüş yeni regional əməkdaşlıq formatının meydana çıxması üç ölkənin ikitərəfli əlaqələrinin yüksəldiyi səviyyəni əks etdirirdi. Belə ki, həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkə - Azərbaycan milli müstəqilliyini bərpa edəndən bəri hər iki qonşusu ilə müxtəlif sahələrdə qarşılıqlı əlaqələri yüksək səviyyədə qurmuşdur. Öz növbəsində Rusiya-İran əlaqələri xüsusilə son illər nəzərəçarpacaq şəkildə inkişaf etmişdir. Bütün bunlarla yanaşı, yeni əməkdaşlıq formatının iştirakçısı olan ölkələri bir araya gətirən təkcə sırf coğrafi yaxınlıq - qonşuluq yox, həm də onların oxşar maraqları bölüşməsi, regional və beynəlxalq problemlərə münasibətdə ortaq məxrəcə gəlmək istəyidir.
Azərbaycan-İran-Rusiya formatı regional əməkdaşlıqda konkret olaraq bir sıra mühüm nəticələr vəd edir. Söhbət ilk növbədə regional təhlükəsizliyin möhkəmləndirilməsi məsələsindən gedir. Məlum olduğu kimi, beynəlxalq terrorizm və ekstremizm ən əcaib formalarda təzahür etdiyi Yaxın Şərq regionumuzdan çox da uzaq deyil. Burada cərəyan edən hadisələr Azərbaycan, Rusiya və İranı da ciddi narahat edir. Odur ki, yeni regional formatın üzvü olan ölkələr beynəlxalq terrorizmlə mübarizədə uğurun yalnız birgə səylər hesabına təmin ediləcəyinə əmindirlər. Digər tərəfdən, üç ölkə başqa bir mühüm infrastruktur layihəsini - “Şimal-Cənub” nəqliyyat dəhlizini reallaşdırmaq əzmindədir. Ümumi uzunluğu 7200 kilometr olan beynəlxalq nəqliyyat dəhlizi Hindistan, İran və Fars körfəzi ölkələrindən Azərbaycan və Rusiya ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin və sərnişinlərin daşınması üçün optimal imkanlar yaradır.
Bu il üç ölkənin liderləri növbəti dəfə bir araya gəldilər. II Azərbaycan-İran-Rusiya sammiti noyabrın 1-də İranın paytaxtı Tehranda keçirildi. Zirvə görüşü hər şeydən əvvəl onu göstərdi ki, yeni regional əməkdaşlıq formatı tamamilə ciddi təşəbbüsdür və iştirakçı ölkələr onu reallaşdırılmaq əzmindədir. Sammitin iştirakçıları əvvəllər əldə olunmuş razılaşmaların icrasının vəziyyətini müzakirə etdilər. İlk növbədə, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin gerçəkləşdirilməsi istiqamətində görülmüş işlər nəzərdən keçirildi. Bildirildi ki, nəqliyyat dəhlizinin Azərbaycan sahəsində bütün inşaat işləri artıq başa çatmışdır. 2017-ci ilin ilk doqquz ayı ərzində “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə dəmir yolu vasitəsiylə 4,7 milyon ton yük daşınmışdır ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 21,6 faiz çoxdur. Liderlər qarşıda duran vəzifələri də müzakirə etdilər. Onların fikrincə, üçtərəfli əməkdaşlığı reallığa çevirmək üçün görüləsi işlər də az deyil. Belə ki, qarşılıqlı ticarəti yaxşılaşdırmaq üçün gömrük prosedurlarını sadələşdirmək, malların və xidmətlərin sərbəst hərəkəti yolunda mövcud maneələri ləğv etmək lazımdır. Həmçinin üç ölkə “yaşıl gömrük” dəhlizi yaratmaq və vahid gömrük standartlarına riayət etmək niyyətindədir. Prezidentlər həlli vacib olan digər məsələləri də nəzərdən keçirdilər.
Beləcə, Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatı zaman keçdikcə reallığa çevrilir. Üçtərəfli formatın iştirakçısı olan ölkələr bu formatın regional təhlükəsizliyə, regional və beynəlxalq əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyinə, sabitləşdirici amilə çevriləcəyinə əmindir. Növbəti sammit isə gələn il Rusiyada keçiriləcək.
Ümumiyyətlə, Azərbaycanın Avrasiyada əməkdaşlığın genişləndirilməsi məqsədilə irəli sürdüyü təşəbbüslər, reallaşdırdığı infrastruktur layihələri onu regionun aparıcı dövlətinə çevirmişdir. Ölkəmizin coğrafi mövqeyi onun belə bir rol oynamasına imkan verir. Lakin coğrafiya hər şeyi həll etmir. Əsas məsələ coğrafiyanın verdiyi imkanlardan səmərəli istifadədir. Bu baxımdan Azərbaycanın gördüyü işlər diqqətəlayiqdir. Rəsmi Bakı regional əməkdaşlığın inkişafını təmin etmək üçün heç bir fürsəti fövtə vermir. Elə bu yaxınlarda Azərbaycan paytaxtı daha bir mühüm regional tədbirə evsahibliyi etmişdir. Dekabrın 2-də Bakıda “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda VII Nazirlər Konfransı keçirilmişdir. Azərbaycan və Əfqanıstan prezidentləri İlham Əliyev və Məhəmməd Əşrəf Qaninin iştirak etdikləri foruma xarici ölkələrin və beynəlxalq təşkilatların 250-dən çox nümayəndəsi qatılmışdı. 2011-ci ildə təsis edilmiş “Asiyanın Qəlbi - İstanbul Prosesi” platformasının əsas vəzifəsi Əfqanıstanda inkişafa yol açan sülhün və sabitliyin bərqərar edilməsinə dəstək verməkdir. Məlum olduğu kimi, bu dost ölkə uzun illərdir silahlı münaqişədən, terrorizmdən, narkoticarətdən əziyyət çəkir. Aydındır ki, “Asiyanın Qəlbi” kimi geniş bir regionda yerləşən Əfqanıstanın qarşılaşdığı ciddi problemlər həll edilmədən tammiqyaslı regional inkişafdan söhbət gedə bilməz. Odur ki, regionun ölkələri sözügedən problemlərin tənzimlənməsi üçün bütün mümkün səyləri göstərməlidir.
Bu baxımdan Azərbaycanın atdığı addımlar diqqətəlayiqdir. Yeri gəlmişkən, Nazirlər Konfransında çıxış edənlər bu məqamı xüsusi olaraq vurğuladılar. Azərbaycan hər şeydən əvvəl, dost ölkə ilə inkişaf yolunda əldə etdiyi təcrübəni bölüşür. Əfqanıstan da Azərbaycanın inkişaf təcrübəsinə yaxından maraq göstərir və iki ölkə arasında qarşılıqlı əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verir. Öz növbəsində Azərbaycan Əfqanıstanla idarəçilik, hərbi, hüquq-mühafizə və minaların təmizlənməsi sahələri üzrə təlimlər vasitəsilə təcrübəsini paylaşır.
Başqa bir mühüm vəzifə Əfqanıstanın mövcud vəziyyətdən çıxması üçün onun həm qonşu ölkələrlə, həm də uzaq xarici bazarlarla bağlantısını gücləndirməkdir. Azərbaycanın bu işə verdiyi töhfə də diqqəti cəlb edir. Belə ki, ölkəmiz “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edir. Əfqanıstan da bu nəqliyyat dəhlizlərindən, eləcə də Azərbaycan ilə İran arasında dəmir yolu nəqliyyatının birləşdirilməsindən, bu yaxınlarda istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yolundan, yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanından yararlana biləcək. Həmçinin Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistanın yenicə imzaladığı “Lapis-Lazuli” müqaviləsi Əfqanıstanı birbaşa Avropa ilə bağlayacaq beynəlxalq ticarət və nəqliyyat dəhlizinin yaradılmasına imkan verəcək.
Aydındır ki, Əfqanıstanda daxili sabitliyi təmin etmədən ölkənin inkişafından söhbət gedə bilməz. Azərbaycan uzun illərdir bu sahəyə də diqqət yetirir. Ölkəmiz “Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri”ndən sonrakı “Qətiyyətli Dəstək Missiyası”na qüvvə, təlim və maliyyə yardımı edir, Əfqanıstan milli ordusuna köməyini əsirgəmir. İki ölkə arasında əməkdaşlığın müqavilə-hüquq bazası get-gedə möhkəmlənir. Elə Nazirlər Konfransının keçirildiyi gün iki dövlətin rəhbərlərinin iştirakı ilə bir neçə hökumətlərarası müqavilə imzalanmışdır.
Azərbaycan diplomatiyasının əsas fəaliyyət istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdır. Təəssüf ki, işğalçı dövlətin qeyri-konstruktiv mövqeyi və ATƏT-in Minsk qrupu timsalında beynəlxalq vasitəçilərin passivliyi üzündən problemin nizamlanması prosesini “ölü nöqtə”dən çıxarmaq mümkün olmur. Bu il də hansısa irəliləyişdən danışmaq mümkün deyil. Bununla belə, diplomatiyamız Ermənistan rejiminin ekspansionist siyasətinin mahiyyətini, bu siyasətin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını təkrar-təkrar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Öz növbəsində təcavüzkarın vəkili kimi çıxış edən Avropa dairələri münaqişənin nizamlanmasına münasibətdə ikili standartlar nümayiş etdirir, Ukrayna, Moldova və Gürcüstan kimi xarici hərbi təcavüzə məruz qalmış dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycana gəldikdə isə eyni mövqedən çıxış etmirdi. Avropa İttifaqının noyabrın 24-də Brüsseldə keçirilmiş növbəti “Şərq Tərəfdaşlığı” sammitində isə vəziyyət dəyişdi. Ermənistan rejiminin canfəşanlığına baxmayaraq, Azərbaycan nümayəndə heyətinin təkidi ilə sammitin yekunlarına dair qəbul olunmuş birgə bəyannamədə “Şərq Tərəfdaşlığı”nın üzvü olan dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı şəkildə dəstəkləndi. Eyni zamanda, “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrdə münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli məsələsi də sənəddə əksini tapdı. Xatırlatmaq yerinə düşər ki, əvvəlki sammitlərin yekun sənədlərində münaqişələrin həlli yolu kimi dövlətlərin ərazi bütövlüyü ilə yanaşı, xalqların öz müqəddəratını təyin etməsi hüququ, güc tətbiq edilməməsi prinsipi yer alırdı. Belçikanın paytaxtında qəbul olunmuş birgə bəyannamədə isə xalqların öz müqəddəratını təyin etməsi hüququndan söhbət getmir. Brüssel sammitinin nəticələri, şübhəsiz, Azərbaycan diplomatiyasının böyük uğuru kimi qiymətləndirilməlidir.

Allahverdi MEHDİYEV,
“Azərbaycan”