Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Paytaxt Yeni il ab-havasındadır

30 Dekabr 2017
 

Turistlər artıq Azərbaycanı “ikinci vətən” adlandırırlar

 

Hər il ölkəmizdə həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il təmtəraqla qarşılanır. Bayrama hazırlıq təkcə paytaxtda deyil, Azərbaycanın bütün bölgələrində də müşahidə olunur. Kiçikdən-böyüyə hamı həyəcanla yeni ilin gəlişini gözləyir.

 

Bakı 2018-ə hazırdır

 

Bayramla bağlı reportaj hazırlamaq məqsədilə insanların sıxlıq təşkil etdiyi, Bakının məşhur küçəsi olan Fəvvarələr meydanına yollandıq. Qarşılaşdığımız mənzərədən təəccüblənmədik. 2018-ə sayılı günlər qala paytaxt sakinləri yüksək əhvali-ruhiyyədədir. Artıq şəhər infrastrukturu da buna tam uyğunlaşdırılıb. Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacısız təsəvvür etmək qeyri-mümkündür. Həmçinin ətrafın aksesuarlarla bəzədilməsi, bayram yarmarkalarının təşkil edilməsi, şəhərin mərkəzində  əyləncəli məkanların yaradılması  və s. buna canlı sübutdur.

Fəvvarələr meydanında təşkil olunan “Soyuq əllər, isti ürək” adlı xeyriyyə yarmarkası isə bayrama xüsusi rəng qatır. İnsan özünü burada nağıllar aləmində hiss edir.

 

Turistlər bayramı Bakıda keçirəcəklərindən məmnundurlar

 

Paytaxt sakinləri ilə yanaşı, turistlərin də maraqla əyləndiklərini görüb təəssüratlarını soruşduq.

Rza Hüseyni İran vətəndaşıdır. Bir ildir Bakıda yaşayır və ingilis dilinin tədrisi ilə məşğuldur: “Bakı gözəl və müasir şəhərdir. Ölkənizi Dubaya bənzədirəm. İnsanlarınız çox mehribandır. Burada yaxşı həyat tərzi sürmək üçün hər şey var. Heyifslənirəm ki, əvvəllər bura gəlməmişəm. Yeni ilə yüksək səviyyədə hazırlıqların getdiyinə şahid oluram. Bayramı burada keçirəcəyimə çox şadam”.

Səudiyyə Ərəbistanı vətəndaşı olan Fatimah Mustafa isə Bakının xüsusi arxitekturaya malik gözəl şəhər olmasından danışdı: “Amerikada təhsil alıram. Ancaq dördüncü dəfədir turist kimi Azərbaycana gəlirəm. Ölkəniz mənim çox xoşuma gəlir. Bura böyük sürətlə inkişaf edir. Parklarınız, fəvvarələr, piyada gəzintisi üçün yerləriniz, təmizlik məni valeh edir. Yeni ilə gəldikdə isə hər şey çox maraqlı, əyləncəli təşkil edilib. Etiraf edim ki, Azərbaycan artıq mənim ikinci vətənimə çevrilib”.

Ebi Hider isə İngiltərə vətəndaşıdır. Azərbaycana ilk dəfədir gəlir: “Bakıya gəlməmişdən əvvəl ölkəniz haqqında çoxlu məlumatlar oxumağa başlamışdım. Ölkənizin zəngin və qədim tarixə malik olması haqqında xeyli məlumat əldə etdim. Buraya gəldiyimdə isə əldə etdiyim məlumatların şahidi oldum. Azərbaycan müxtəlif irq, din, mədəniyyətləri bir araya gətirən tolerant məkandır. Gözəl şəhəriniz var, insanlarınız çox qonaqpərvərdirlər. Mətbəxinizə isə söz ola bilməz. Yeni ili burada keçirəcəyim üçün çox həyəcanlıyam. 2018-ci ili Azərbaycanda qarşılamaq yaddaşımda maraqlı xatirə kimi həmişə qalacaq. Şəhərinizdə olan pozitivlik, rəngarənglik məni yenə Azərbaycana gətirəcək. Hər şey çox gözəldir. Bakını çox sevdim. Ölkənizin gəzməli-görməli yerlərinə də səfər edəcəyəm”.

Bakının gözəlliyinə heyran olan turistlərin əksəriyyəti Azərbaycanın paytaxtına bir daha gələcəklərini söylədilər.

Xarici qonaqlarla söhbət zamanı bayram sevincini nəvələri ilə bölüşən yaşlı bir qadın diqqətimizi cəlb etdi. 74 yaşlı paytaxt sakini Solmaz Mehdixanlı ilə söhbətdən bəlli oldu ki, artıq neçə ildir nəvələri ilə birgə Yeni ilin həyəcanını “Soyuq əllər, isti ürək”də yaşayır: “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bakıda həmişə çox gözəl şəkildə qeyd edilir. Hər dəfə yeniliklərin şahidi oluruq. İnsanlarda bayram əhvalı var. Bundan daha çox sevinən isə uşaqlardır. Nəvələrim buranı çox bəyənirlər”.

Etdiyimiz söhbətlər əsnasında belə qənaətə gəldik ki, Yeni il ab-havası hər il olduğu kimi, paytaxt sakinlərinə yenə də güclü sirayət edib.

Necə deyərlər, hər yeni il bir başqa gözəllikdir... 2018-ci il sizlərə həyatınız boyunca unuda bilməyəcəyiniz gözəlliklər yaşatsın... 

 

Səbinə MƏMMƏDOVA,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”