Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gələn il “Azəri-Çıraq-Günəşli”dən 204,4 milyon barrel neft hasil olunacağı proqnozlaşdırılır

29 Dekabr 2017
2018-ci ildə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan xam neft hasilatının həcminin 204,4 milyon barrel, yəni 28 milyon ton olacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının hazırladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi ilə bağlı Rəy”də deyilir. Bildirilir ki, bu, hasilatın aşağı düşməsi səbəbindən 2017-ci ilin göstəricisinə nisbətən (211,7 milyon barrel) 7,3 milyon barrel azdır.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasilat 160 milyon barrel, yəni 22 milyon ton təşkil edib. Doqquz ayda AÇG-də ümumilikdə 114 neft hasilat quyusu, 45 qaz və su quyusu istismarda olub, blokda 15 neft hasilat və 4 suvurma quyusu qazılıb.

2016-cı ildə isə “Azəri-Çıraq-Günəşli”dən hasilat 230 milyon barreldən çox, yəni 31,1 milyon ton təşkil edib. İlk neft hasilatından bəri AÇG-dən ümumilikdə 3,2 milyard barreldən çox xam neft hasil edilib.

AÇG-də iştirak payları belədir: BP (operator – 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), “TPAO” (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz).

Xatırladaq ki, bu il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.