Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilik Fondu bölgələrdə hüquqi maarifləndirmə mühazirələri təşkil edib

29 Dekabr 2017
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Hüquqi maarifləndirmə” proqramı çərçivəsində Ağdaş rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Bilik Fondundan  bildirilib ki, rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Ağdaş Bilik Evinin müdiri Aynur Novruzova tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, insan hüquq və azadlıqlarının təminatı sahəsində dövlətimizin başçısı tərəfindən imzalanmış hüquqi aktların xalq tərəfindən ruh yüksəkliyi ilə qarşılandığını deyib.

Sonra Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev “Yüksək keyfiyyətli hüquqi yardım insan hüquq və azadlıqlarının zəruri təminatı kimi” mövzusunda məruzə ilə çıxış edib.

Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamını xatırladan İ.Vəliyev bu əsasda cinayət, mülki və inzibati prosessual qanunvericiliyə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində edilmiş əlavə və dəyişikliklərin əhəmiyyətindən danışıb. O, Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı istiqamətində yaradılmış qanunvericilik bazasının bəzi sivil Avropa ölkələrinə nümunə olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun cinayət hüququ və cinayət prosesi şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə elmlər doktoru Nazim Əliyev mühazirəsində 40-dək cinayətə görə azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi, cəza növünün tətbiqi əsasları və digər istiqamətlərdə qanunvericiliyə gətirilmiş yeniliklər barədə məlumat verib.

Bilik Fondu və AMEA təmsilçilərinin eyni mövzuda hazırladıqları mühazirələr Göyçay rayon Heydər Əliyev Mərkəzində də təşkil olunub.

Növbəti görüş isə Gəncə şəhər Heydər Əliyev Mərkəzində keçirilib. Şəhər icra hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov Gəncənin iqtisadi sahədə əldə etdiyi uğurlardan danışıb, Bilik Fondu ilə sıx əməkdaşlıq çərçivəsində göstərdikləri fəaliyyətin mahiyyətini açıqlayıb.

Tədbirdə AMEA-nin nümayəndəsi Nazim Əliyev eyni mövzuda mühazirə oxuyub və auditoriyanın suallarını cavablandırıb.