Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik Cəmil Quliyev ölkəmizdə tarix elminin inkişafına töhfələr verən alim kimi tanınıb

29 Dekabr 2017
Dekabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tarix elmləri doktoru, Əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı, “Şöhrət” və “İstiqlal” ordenli akademik Cəmil Quliyevin 90 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, akademiyanın Rəyasət Heyəti və Tarix İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli mərhum alimin Azərbaycan tarix elminin inkişafında və təbliğində müstəsna xidmətlərindən, eləcə də onun yüksək insani keyfiyyətlərindən danışıb. Diqqətə çatdırılıb ki, C.Quliyev ölkəmizdə tarix elminin inkişafına töhfələr verən alim kimi tanınıb, sözün əsl mənasında, Azərbaycan aliminin bütün mənəviyyatını, düşüncəsini, ucalığını özündə əks etdirib.

Vurğulanıb ki, akademik C.Quliyevin rəhbərliyi və fəal iştirakı ilə on cilddən ibarət “Azərbaycan Sovet Ensiklopediyası”, ikicildlik “Uşaq Ensiklopediyası”, “Naxçıvan Ensiklopediyası” və yeddicildlik “Azərbaycan tarixi” işıq üzü görüb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov tədbirin AMEA Rəyasət Heyətinin qərarına əsasən keçirildiyini bildirib. Vurğulanıb ki, mərhum alim beynəlxalq tədbirlərdə Azərbaycan elmini dəfələrlə layiqincə təmsil edib. 1972-1978-ci illərdə Tarix İnstitutunun direktoru kimi fəaliyyət göstərən C.Quliyev Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Digər çıxış edənlər də C.Quliyevin həyat və elmi fəaliyyətindən, insani keyfiyyətlərindən danışıblar.