Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gələn il real artım tempi ümumi ÜDM üzrə 1.5 faiz, qeyri-neft sektoru üzrə isə 2.9 faiz olacaq

29 Dekabr 2017
Mərkəzi Bank 2018-ci ildə də özünün pul siyasəti hədəflərini makroiqtisadi proqnozlar nəzərə almaqla formalaşdırıb. Müxtəlif ssenarilər üzrə aparılan simulyasiyalara görə, Azərbaycanın başlıca makroiqtisadi göstəriciləri üzrə 2017-ci ildə başlamış pozitiv dinamikanın növbəti ildə də davam edəcəyi gözlənilir. Hökumətin son proqnozlarına görə 2018-ci ildə real artım tempi ümumi ÜDM üzrə 1.5 faiz, qeyri-neft sektoru üzrə isə 2.9 faiz olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Dövlət tələbi iqtisadi artımın əsas amillərindən biri olaraq qalacaq. 2018-ci ildə dövlət büdcəsi xərclərinin başlıca olaraq investisiya xərcləri hesabına artırılacağı nəzərdə tutulur ki, bu da qeyri-neft sektorunda artımı dəstəkləyəcək.

Makroiqtisadi sabitlik çərçivəsinin dayanıqlılığının gücləndirilməsi 2018-ci ildə Mərkəzi Bankın pul siyasətinin başlıca məqsədini təşkil edəcək, inflyasiya gözləntilərinin azaldılmasına yönəldilmiş siyasət davam etdiriləcək.

Bəyanatda qeyd edilib ki, proqnozlaşdırılan neft qiymətləri ilə (45 ABŞ dolları) tədiyə balansının cari əməliyyatlar hesabında profisitin olacağı gözlənilir. İdxalın əvəzlənməsi və ixracın stimullaşdırılması istiqamətində qəbul edilmiş qərarların cari əməliyyatlar hesabına müsbət təsiri növbəti ildə və ortamüddətli perspektivdə də davam edəcək. Kapital və maliyyənin hərəkətinə isə əsasən iri enerji layihələrinin reallaşdırılması ilə bağlı kapital axınları təsir edəcək.

Ümumilikdə qiymətləndirmələr göstərir ki, proqnozlaşdırılan tədiyə balansı və Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərin həcmi 2018-ci ildə valyuta bazarında stabilliyi təmin etməlidir. Manatın məzənnəsinin uzunmüddətli trendini məhz bu fundamental makroiqtisadi amillər formalaşdırır. Valyuta bazarının uzunmüddətli sabitliyi üçün tətbiq edilən valyuta nəzarətinin optimallaşdırılması da mühüm əhəmiyyətə malikdir.