Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hədəf kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artırmaqdır

29 Dekabr 2017
 

Prezident İlham ƏLİYEV: “Məqsədimiz ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaqdır”

 

Azərbaycan iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyub. Bu istiqamətdə radikal iqtisadi islahatlar həyata keçirilir. Məqsəd Azərbaycanın gələcək inkişafına qeyri-neft sektorunun hesabına nail olmaqdır. Kənd təsərrüfatı isə qeyri-neft sektorunda xüsusi çəkiyə və əhəmiyyətə malikdir.
Bu da səbəbsiz deyil. İlk növbədə kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin əsas təminatçısıdır. Son illər dünyada baş verən siyasi və iqtisadi proseslər göstərir ki, ərzaq təhlükəsizliyinin təminatı strateji xarakter daşıyır. Aqrar sektorda məhsul ixracının imkanları genişdir. Neftin qiymətinin aşağı düşdüyü bir vaxtda bu, çox vacib şərtdir. Digər tərəfdən, ölkə əhalisinin təxminən yarıya qədəri regionlarda yaşayır və onların da əksəriyyətinin fəaliyyəti bu və digər dərəcədə aqrar sektorla bağlıdır. Deməli, bu sektorun inkişafı eyni zamanda əhalinin məşğulluğunun təminində, insanların sosial rifahının yüksəlməsində önəmli rol oynayır.
Azərbaycanda dövlət tərəfindən aqrar sektoru inkişaf etdirmək, bu sahədə çalışanlara dəstək olmaq üçün çox iş görülüb və həmin proses indi də davam edir. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisindən savayı bütün növ vergilərdən azaddır, fermerlərə yanacaq, motor yağları, toxum, gübrə, damazlıq heyvanların verilməsində, kənd təsərrüfatı texnikalarının satılmasında böyük güzəştlər olur. Eyni zamanda dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər ayrılarkən aqrar sektorda çalışanlara üstünlük verilir.
Bütün bunlar nəticəsiz qalmır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2017-ci ilin yanvar-noyabr aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 6 milyard 200,6 milyon manat təşkil edib. Onun da 3 milyard 258,6 milyon manatı heyvandarlıq, 2 milyard 942 milyon manatı bitkiçilik məhsullarının payına düşüb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə ümumi məhsul istehsalı 4,2, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,8, bitkiçilik məhsullarının istehsalı 5,9 faiz artıb.
Sözsüz ki, belə nailiyyətlərin əldə olunmasının başlıca səbəbi bu sahəyə göstərilən diqqətdir. Son illər ölkədə aqrar sektoru müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, o cümlədən texniki və maliyyə bazasının möhkəmlənməsi üçün çoxsaylı tədbirlər həyata keçirilir. İlk növbədə ənənəvi bitkiçilik sahələri dirçəldilir və nəticədə pambıqçılıqda, üzümçülükdə, tütünçülükdə, baramaçılıqda, çəltikçilikdə, çayçılıqda, fındıqçılıqda məhsul istehsalı dəfələrlə artıb.
Xatırladaq ki, adları çəkilən məhsullar həm də geniş ixrac potensialına malikdir.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bununla bağlı demişdir: “Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq. Beləliklə, ölkəmizə daha çox valyuta gələcək, manat öz sabitliyini qoruyacaq, neftdən asılılıq azalacaq və iş yerləri açılacaq, sahibkarlıq inkişaf edəcək”.
Elə həmin konfransda qeyd edilmişdir ki, son dövrlər yüz minlərlə hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil olub. Bu işdə Taxtakörpü, Şəmkirçay, Tovuz və Göytəpə su anbarlarının istifadəyə verilməsi önəmli rol oynayıb. Bu qurğuların istifadəyə verilməsi sayəsində aqrar sektorda əkin suyu üçün etibarlı mənbə yaranıb. Yeri gəlmişkən qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, 2050-ci ilədək dünya əhalisinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi üçün 120 milyon hektar əlavə torpaq sahəsinin əkin dövriyyəsinə daxil olması zəruriyyəti yaranacaq. Həmin hesablamalarda irriqasiya sistemlərinin qurulması əsas şərt kimi qeyd olunur. Göründüyü kimi, ölkəmizdə bu sahədə vaxtında görülən zəruri tədbirlər qarşıdakı illərdə bizi gözlənilən problemlərdən sığortalayır.
Aqrar sektorda məhsul istehsalında yüksək texnika və texnologiyalardan istifadə edən iri fermer təsərrüfatlarının və aqroparkların da rolu böyükdür. Müasir əkin texnologiyalarından istifadə edən iri fermer təsərrüfatlarında məhsuldarlıq daha yüksək olur. Hazırda ölkəmizin 20 rayonunda 22 sahibkara məxsus 44 min hektaradək sahəsi olan 32 iri fermer təsərrüfatı fəaliyyət göstərir. Bununla yanaşı, yeni aqroparkların yaradılmasına da start verilib. Artıq Yalama Aqroparkında birinci mərhələ üzrə işlər başa çatdırılıb və payızlıq qarğıdalı üzrə rekord səviyyədə məhsuldarlığa - hər hektardan 156 sentner yüksəkkeyfiyyətli məhsul istehsalına nail olunub. Şəmkir Aqroparkında isə birinci mərhələ üzrə işlər gedir. Ümumilikdə 22 rayonda 130 min hektaradək ərazidə 27 aqrar aqroparkın yaradılması planlaşdırılıb.
Bununla belə, dünyada olduğu kimi, ölkəmizdə də kiçik və orta fermer təsərrüfatları say və malik olduğu torpaq sahələrinə görə hələ də üstündür. Elə buna görə də Azərbaycanda belə təsərrüfatlara hər cür dəstək verilir. Güzəştli kreditlərin çox hissəsinin aqrar sektorda çalışan kiçik və orta sahibkarlara ayrılması da bu dəstəyin nəticəsidir. Bununla bərabər, belə təsərrüfatlar digər güzəştlərdən də istifadə edirlər. Güzəştlər isə az deyil. Məsələn, təkcə 2016-cı ildə buğda və çəltik istehsalına görə ümumilikdə 80 milyon, ilk dəfə olaraq süni mayalama yolu ilə alınan buzovlara görə 500 min, texnikanın dəyərinin 40 faizinin ödənilməsi üçün 28 milyon, damazlıq heyvanların dəyərinin 50 faizinin ödənilməsi üçün 8 milyon manat subsidiya verilib Bunlardan əlavə, məhsul istehsalçılarının istifadə etdikləri mineral gübrələrin dəyərinin 70 faizi və ya 62 milyon manatı dövlət büdcəsindən ödənilib.
Fermerlərin işini asanlaşdıran amillərdən biri də məhsulların alınması üçün yaradılan tədarük şirkətləridir. Bu, fermerlərə məhsulu yerində satmaq imkanı verməklə bərabər, onlarda əvvəlcədən məhsulun alıcısının olduğuna əminlik yaradır. Belə hal aqrar sektorda əlavə stimullaşdırıcı amil hesab edilir.
Aqrar sektorun iqtisadi cəhətdən səmərəliliyinin yüksək olması barədə İsrail mütəxəssislərinin ölkəmizdə apardıqları araşdırmaları da xatırlatmaq istərdik. İsrailli mütəxəssislər hesablayıblar ki, Azərbaycanda çəltik üzrə gəlirlilik 400, soya üzrə 250, qarğıdalı və günəbaxan üzrə 200 faizdən çoxdur. Sonrakı yerləri müvafiq olaraq tütün, kartof, taxıl və pambıq tutur. Bu araşdırmaların nəticəsi də göstərir ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün geniş potensial mövcuddur. Yəni ölkəmizin torpaq və iqlimi, başlıcası isə aqrar sektorun inkişafına dövlət dəstəyi ərzaq təhlükəsizliyimizi təmin etməklə bərabər, xarici bazara daha çox məhsul ixrac edib yüksək gəlir götürməyə imkan verir.

Rüstəm KAMAL,
“Azərbaycan”