Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan hər birimizin iftixar və güvənc yeridir

29 Dekabr 2017
 

Avstraliyadakı soydaşlarımız ana vətən naminə daim səfərbərdirlər

 

26 il əvvəl - 1991-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi Azərbaycanın yeni tarixinin mühüm siyasi hadisələrindən birinə çevrildi. Çünki ümummilli mənafelərimizin həyata keçirilməsi naminə xalqımızın bütün gücünü bir yerə toplamaq arzusunu və əzmini təcəssüm etdirən bu gün bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoydu.

 

Ulu öndərin başlatdığı missiyanı cənab İlham Əliyev layiqincə yaşadır

 

Heydər Əliyevin 1993-cü ildə xalqın yekdil arzusu ilə hakimiyyətə dönüşündən sonra ölkədə davamlı sabitlik və iqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ona görə ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir.
İndiyədək Bakıda dünya azərbaycanlılarının dörd qurultayının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun təsis edilməsi soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin güclənməsinə əlverişli zəmin yaratmaqla yanaşı, milli həmrəyliyə və yekdilliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin üzvi tərkib hissəsinə çevrildiyini nümayiş etdirib. Bütün bu tədbirlər həm sayına, həm də milli-mənəvi, intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinə, tarix səhnəsində mühüm rol oynayan mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan verib.
Son 14 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının sabit və ardıcıl inkişaf yolunda qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarına əsaslanan müstəqil dövlətimiz bu gün dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı böyük məsuliyyətlə yerinə yetirir. Xarici ölkələrdə yaşayan həmvətənlərimizlə, soydaşlarımızla münasibətlər qurmaq, onların tarixi vətənlə əlaqələrini təmin etmək dövlətimizin xarici siyasətində mühüm istiqamətlərdən biridir.
Odur ki, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız Azərbaycanın müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən, eyni zamanda həyata keçirilən diaspor siyasətindən məmnunluq duyurlar.

 

Azərbaycanlılar Avstraliyada fəaldırlar

 

Azərbaycanlıların son dövrlərdə daha da fəallaşdıqları ölkələrdən biri Avstraliyadır. Avstraliya coğrafi baxımdan kifayət qədər uzaqda yerləşməsinə baxmayaraq, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Düz 26 il əvvəl - 1991-ci ilin dekabrında Avstraliya Azərbaycanı müstəqil dövlət kimi tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci ildə yaradılıb.
Hazırda Avstraliyada təxminən 10 minə yaxın azərbaycanlı yaşayır. Sayımız az görünsə də, soydaşlarımız Azərbaycanı burada uğurla tanıda bilirlər. Təbii ki, diasporumuzun dünyanın hər yerində olduğu kimi, Avstraliyada fəallıq göstərməsi, azərbaycanlıların bu ölkənin ictimai həyatına layiqincə inteqrasiya etmələrinin əsas səbəblərindən biri Azərbaycan dövlətinin dəstəyi, həyata keçirdiyi diaspor siyasətinin nəticəsidir. Etiraf etməliyik ki, bir vaxtlar burada Azərbaycanla bağlı məlumatlar az idi. Lakin indi müxtəlif diaspor cəmiyyətlərinin, o cümlədən Azərbaycanda da hər kəsin yaxından tanıdığı Con Hammonddun prezidenti olduğu Avstraliya-Azərbaycan Dostluq Assosiasiyasının fəaliyyəti tarixi vətənimizi avstraliyalılara daha yaxından tanıdıb, həm də bu uzaq diyarda ölkəmizin dostlarının sayı kifayət qədər artıb.
Təsadüfi deyil ki, Azərbaycanın bütün dövlət və milli bayramlarında, o cümlədən 20 Yanvar faciəsinin və Xocalı soyqırımının ildönümlərində Avstraliya-Azərbaycan Dostluq Assosiasiyası Pert və digər şəhərlərdə geniş tədbirlər təşkil edir. Xüsusilə qeyd etmək istəyirəm ki, assosiasiyanın fəaliyyətinə Avstraliya parlamentinin deputatları da dəstək verirlər. Milli Məclisin Azərbaycan-Avstraliya dostluq qrupunun rəhbəri Xanlar Fətiyevin rəhbərliyi ilə nümayəndə heyətinin artıq ənənə halını almış səfərləri Avstraliyada Azərbaycanın təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Onlar tədbirlərimizdə yaxından iştirak edir, Azərbaycan həqiqətlərinin Avstraliyada yayılmasında bizə dəstək verirlər.
Prezident İlham Əliyevin sərəncamı ilə mənim ötən ilin iyun ayında keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayından sonra Azərbaycanın Avstraliyada fəxri konsulu təyin edilməyim isə fəaliyyətimizdə yeni mərhələnin əsasını qoyub. İndi qarşımızda duran əsas vəzifələr Azərbaycanla Avstraliya arasında siyasi və iqtisadi sahədə əlaqələrin daha da inkişafı üçün əzmlə çalışmaqdır. Çünki hazırda iki ölkənin mövcud potensialı əlaqələrin bütün sahələrdə daha da dərinləşdirilməsi üçün geniş imkanlar açır. İnanıram ki, Prezident
İlham Əliyevin etimadını fəaliyyətimdə layiqincə doğruldacağam, Avstraliyada Azərbaycan dövlətinin maraqlarını uğurla təmin edəcəyəm.
Təbii ki, əsas hədəflərimizdən biri Ermənistanın işğalçı dövlət olduğunu Avstraliya cəmiyyətinə çatdırmaqdır. Bu mənada Avstraliyanın Dağlıq Qarabağ münaqişəsinə obyektiv və real yanaşması Ermənistanın ifşası baxımından olduqca mühümdür. Bu ölkənin prinsipial mövqeyi cənab İlham Əliyevin elan etdiyi prioritetlərin uğurla reallaşmasının göstəricisi və Azərbaycan dövlətinin xarici siyasətinin mühüm uğurlarından biridir.

 

2017-ci ili uğurla başa vururuq

 

Başa çatmaqda olan 2017-ci il də Azərbaycan-Avstraliya əlaqələrinin inkişafı, bütövlükdə qarşımızda dayanan vəzifələrin icrası baxımından uğurlu mərhələ oldu. Bu ilin mühüm tədbirlərindən biri Sidney, Melbrun və Pert şəhərlərində Xocalı soyqırımının 25-ci ildönümünün anım mərasimlərinin keçirilməsi oldu. Azərbaycanın Avstraliyadakı fəxri konsulluğu tərəfindən təşkil edilən bu tədbirlərdə Avstraliya parlamentinin deputatları Kreyq Kelli, Culian Hill, Anne Alli, sənaye və elm nazirinin müavini Kreyq Londi, Qərbi Avstraliya Qanunverici Şurasının üzvü Elizabet Behzat, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond, Avstraliya Azərbaycanlıları Cəmiyyətinin sədri Mikayıl Oyta, Azərbaycanın və Türkiyənin diplomatik missiyalarının nümayəndələri, çoxsaylı ictimai xadimlər, media təmsilçiləri, sakinlər iştirak ediblər. Milli Məclisin deputatı Xanlar Fətiyevin rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı isə anım tədbirlərinin bu ölkədə daha maraqla qarşılanmasına böyük töhfə verdi.
May ayında isə Pert şəhərində avstraliyalı sahibkarlar üçün Azərbaycanın iqtisadi və investisiya imkanları barədə təqdimat keçirdik. Görüşdə Avstraliyanın kənd təsərrüfatı, süd məmulatları istehsalı, heyvandarlıq sahələrində bizneslə məşğul olan şirkətlərinin, eləcə də neft-qaz, nəqliyyat və turizm şirkətlərinin 60-dan çox nümayəndəsi iştirak edirdi. İqtisadi potensialın təqdimatı böyük marağa səbəb oldu və iştirakçıların bir hissəsi oktyabr ayında Bakıda keçirilən Azərbaycan-Avstraliya biznes forumunda da iştirak etmək arzusunda olduğunu ifadə etdi.
İyun ayında Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə ilə birgə bu ölkənin beynəlxalq inkişaf və Sakit okean əməkdaşlığı naziri xanım Konçetta Fierravanti-Uells ilə görüşdük. Nazir Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi məsələsində Avstraliya hökumətinin dəyişməz mövqeyini bir daha vurğuladı. O, həmçinin Azərbaycanla həm siyasi, həm də ticari və iqtisadi sahələrdə əlaqələrin genişləndirilməsində böyük maraqları olduqlarını ifadə etdi və dövlətlərarası münasibətlərin vacib hissəsi sayılan parlamentlərarası münasibətlərin möhkəmləndirilməsinin önəmini vurğuladı.
Bundan bir neçə gün sonra nazir Konçetta Fierravanti-Uellsin Azərbaycan ilə Avstraliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafında mühüm addım oldu. Xatırladım ki, bu, Avstraliyadan Azərbaycana nazirlər səviyyəsində edilən ilk səfər idi.
Diplomatik münasibətlərin 25 illiyi münasibətilə Avstraliyanın Federal Parlamentində qəbul keçirilib. Tədbirdə Avstraliya parlamentinin üzvləri, Kanberrada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, eləcə də
Avstraliyadakı Azərbaycan icmasının üzvləri iştirak ediblər. Azərbaycanın
Avstraliyadakı fəxri konsulluğunu qəbulda Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun ilk sədri, sabiq millət vəkili, Azərbaycanın dostu Lyuk Simpkins təmsil edib.
Oktyabr ayında Bakıda keçirilən biznes forumu isə iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafının sürətləndirilməsi baxımından mühüm hadisəyə çevrildi. Avstraliya şirkətləri Azərbaycanda xüsusilə turizm, logistika, nəqliyyat, neft-qaz sənayesi, kənd təsərrüfatı, qida məhsullarının emalı, eyni zamanda ölkəmizdə müxtəlif sektorlara investisiyaların yatırılması və ticarətin genişləndirilməsində maraqlıdırlar. Tədbirdə Avstraliyadan müxtəlif sektorları təmsil edən 20-yə yaxın iş adamı iştirak edirdi. Təbii ki, bu forumun nəticəsi olaraq tezliklə iqtisadi əlaqələrdə yüksəlişi müşahidə edəcəyik.
Noyabr ayında Azərbaycan ilk dəfə Pert şəhərində keçirilmiş beynəlxalq milli mətbəx festivalında iştirak edib. Burada yaradılan Azərbaycan pavilyonu bu ölkədəki konsulluğumuz, Azərbaycan-Avstraliya Dostluq Cəmiyyəti və Avstraliyada yaşayan həmvətənlərimiz tərəfindən təşkil edilmişdi. Festivalın qonaqlarına və iştirakçılarına Azərbaycan milli mətbəxindən müxtəlif nümunələr, eləcə də mədəni proqram təqdim olundu. Təbii ki, 25 ölkə arasında Azərbaycan mətbəxinin nümunələri böyük maraqla qarşılandı.
Göründüyü kimi, Azərbaycanla Avstraliya arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycan diasporu və diplomatik nümayəndəliklər isə ikitərəfli əməkdaşlığın dərinləşməsi üçün əzmlə səy göstərir. Bu günlərdə Prezident İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hər birimizi ürəkdən salamlaması və ən xoş arzularını çatdırması dünyanın hər yerində, o cümlədən Avstraliyada yaşayan soydaşlarımızı sevindirdi. Bu təbrik bir daha göstərir ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətinin və Prezidentinin diqqətindədir. Bu isə bizi daha da həmrəy edir. Bu siyasətin nəticəsidir ki, Avstraliyada yaşayan azərbaycanlılar hər bir məsələdə sıx həmrəylik nümayiş etdirir və onlar ana vətənimiz uğrunda daim səfərbərdirlər.

Aydan RZAYEVA,
Azərbaycanın Avstraliya İttifaqında fəxri konsulu