Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağsu inkişafın yeni mərhələsindədir

29 Dekabr 2017
 

Rayonda həyata keçirilən tədbirlər yaxın gələcəkdə ağsuluların güzəranının daha da yaxşılaşacağından xəbər verir

 

Bu gün ölkəmizdə sosial-iqtisadi inkişafın daha da sürətlənməsi üçün ardıcıl tədbirlər görülür. Sözsüz ki, əldə olunan uğurların əsas müəllifi Prezident İlham Əliyevdir. Dövlət başçısının müəyyənləşdirdiyi iqtisadi kursun yerlərdə uğurla həyata keçirilməsində isə icra strukturlarının müstəsna xidmətləri var. Götürək Ağsu rayonunu. Uzaq tarix olmadığından yəqin ki, çoxları Ağsu rayonunun təxminən 10 il əvvəlki və hazırkı vəziyyətini göz önünə gətirərək müqayisə apara bilər. 10 il əvvəl bütün sahələr üzrə ölkənin geridə qalan rayonu olmuş Ağsu hazırda respublikamızın ən abad bölgələrindəndir. Bu da birmənalı şəkildə dövlətin verdiyi dəstəyin və rayon rəhbərliyinin həmin dəstəkdən səmərəli istifadə etməsinin nəticəsidir.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bizimlə söhbət zamanı bildirdi ki, son illər rayonda görülən işləri uğurlu hesab etsə belə, olanlarla qənaətlənmək niyyətində deyillər. İndiki halda abadlıq, quruculuq işləri heç də yalnız rayon mərkəzi ilə məhdudlaşmır: “Bir çox kəndlərimiz yaradılan şəraitə, infrastrukturun səviyyəsinə, asudə vaxtın səmərəli təşkilinə görə heç də şəhərdən fərqlənmir. Bununla belə, məqsədimiz bütün kəndlərdə sakinlərə Azərbaycan vətəndaşının layiq olduğu həyatı bəxş etməkdir”.
Artıq tarixə qovuşmaqda olan 2017-ci il Ağsu rayonunda da ürəkaçan nəticələrlə yola salınır. Xüsusən, iqtisadiyyatın ayrı-ayrı sahələrində sürətli inkişafa nail olunub, sistemli proqramlara əsaslanan islahatlar həyata keçirilib.

 

İnvestisiya qoyuluşları uğurlu perspektivə hesablanıb

 

İnvestisiya qoyuluşlarından bəhs edən Ənvər Seyidəliyev dedi ki, bu gün iş adamları Ağsuya sərmayə qoyuluşunda maraqlıdırlar. İndiyədək RİH-in köməyi ilə müxtəlif sahələrə 21 milyon 470 min manat vəsait qoyulub. Bütün mənbələr üzrə sərmayə qoyuluşu 50 milyon manata yaxın olub.
Kənd təsərrüfatına 12 milyon 121 min manat sərmayə qoyulub. Bu vəsait hesabına qarğıdalı və taxıl sahələri üzrə pilot layihələr çərçivəsində istixanalar qurulur. Növcü kəndində badam ağacları əkilir. Girdmançay hövzəsində isə “Padar-Aqro” MMC 3 milyon manatlıq layihə həyata keçirir. Yaradılan təsərrüfatda 500 baş qaramal, 1000 baş davar, 1000 baş quş, 500 arı ailəsi bəslənəcək. Kompleksdə balıqçılıq təsərrüfatı da yaradılacaq. Gəgəli kəndi ərazisində isə heyvandarlıq kompleksi tikilir. Rayonda həmçinin taxılın qəbulu, çeşidlənməsi və saxlanılması ilə bağlı iki yerdə böyük taxıl anbarları inşa olunur.
Bunlardan əlavə, Ağsu şəhərində məişət və iaşə xidməti kompleksi tikilir. 2 milyon 100 min manata başa gələcək kompleksdə 24 yerlik hotel, mini bazar, kafelər, restoranlar olacaq. Eyni zamanda, burada böyük hotel və uşaq əyləncə mərkəzinin tikintisi nəzərdə tutulur. Bunun üçün şəhərdə 3 hektar sahə ayrılıb. Artıq hazırlıq işləri görülür. Respublikanın ehtiyacı nəzərə alınaraq Ağsu ərazisində karton taralar istehsal edən bir müəssisə də yaradılacaq ki, həmin işlərə 2018-ci ildə başlanacaq.
“Azqranata” MMC-də də ciddi işlər gedir. İndi orada bütün içkilər bir yerdə istehsal olunduğu üçün alkoqollu içkilər üçün ayrı bina tikilir. İşlər gələn ilin aprelinə qədər yekunlaşmalıdır.
İcra hakimiyyəti başçısının sözlərinə görə, bütün bu işlərdə 250 nəfərə qədər adam çalışır. Yeni ildən isə daha 600-ə yaxın adam işlə təmin olunacaq.

 

Taxılçılıqda “Süsən Aqro” fərqlənib

 

2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün Ağsuda 33 min 322 hektarda taxıl əkilib. Bunun 17 min 840 hektarı buğda, 15 min 482 hektarı arpa olmuşdur. Biçilmiş sahələrdən 79 min 930 ton məhsul toplanıb və hər hektarın məhsuldarlığı 23,9 sentner təşkil edib. Toplanmış məhsulun 45 min 400 tonu buğda, 34 min 530 tonu arpadır. Hər hektara görə məhsuldarlıq buğda üzrə 25,4, arpa üzrə 22,3 sentner olub.
Rayonda fəaliyyət göstərən “Süsən Aqro” MMC-nin taxılçılıq sahəsində uğurları daha çoxdur. Belə ki, “Süsən Aqro” MMC 935 hektar taxıl sahəsindən 4 min 420 ton məhsul əldə edib. Hər hektarın məhsuldarlığı orta hesabla 47,3 sentner olub.
Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə dövlət büdcəsi hesabına verilən maliyyə yardımı tam icra olunub.
2018-ci ilin məhsulu üçün 14 min 92 hektar sahədə buğda, 13 min 678 hektar sahədə arpa əkilib. Şum çıxarılması və payızlıq səpin işləri davam edir.

 

İstixanalar çoxalır, ipəkçiliyə maraq artır

 

Rayon ərazisində 5 hektar torpaq sahəsində müasir tələblərə cavab verən yeni texnologiyalar əsasında istixana kompleksi tikilərək istifadəyə verilib. Əlavə olaraq tərəvəz məhsulları istehsalının genişləndirilməsi üçün “Sahil” firması tərəfindən hazırda Pirhəsənli bələdiyyəsi ərazisində 6 hektar sahədə yeni istixana kompleksində son tamamlama işləri aparılır.
Bundan başqa, Bakı şəhər sakini, fiziki şəxs Rauf İslamov ət və süd məhsullarının istehsalı ilə məşğul olmaq üçün yeni fermanın tikintisini planlaşdırıb. Hazırda Ərəbsarvan və Növcü bələdiyyələri ərazisində mövcud heyvandarlıq komplekslərinin yenidən qurulması və istehsal şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri işlər görülür.
Ağsu üçün ənənəvi sahələrdən olan baramaçılığı inkişaf etdirmək məqsədilə keçən il Çin Xalq Respublikasından ölkəmizə yüksək məhsuldar 1,5 milyon tut tingi idxal olunub. Həmin tinglərdən 30 mini Ağsu rayonuna gətirilərək təsərrüfatlara təhvil verilib və mütəxəssislərin köməkyi əsasında əkilib. Tut tinglərinin becərilməsi lazımi qaydada aparılır.
2017-ci ilin noyabr ayında isə 33 min tut tingi əkilib və ilin sonunadək daha 25 min tingin əkilməsi nəzərdə tutulur.
Cari ilin aprel ayında rayona 2660 qram barama qurdu gətirilərək 14 kənd inzibati ərazi dairəsi üzrə 54 vətəndaşa paylanılıb. Kümçülər tərəfindən 5491 kiloqram barama yetişdirilərək “Şəki İpək” ASC-yə təhvil verilib.

 

Pambıq yığımı davam edir

 

Bu il Ağsu rayonunda 2500 hektar sahədə pambıq əkilib ki, bu da ötən illə müqayisədə 2,3 dəfə coxdur. Əkilən pambığın 1610 hektarı Ucar Pambıq Zavodu, 890 hektarı isə “Ağsu Kənd Təsərrüfatı” MMC ilə müqavilə bağlayan fermerlər tərəfindən əkilib. Ümumilikdə rayon üzrə 18 inzibati ərazi dairəsində 2500 hektar sahədə 160 istehsalçı ilə müqavilə bağlanıb.
Bütün torpaqlar suvarılan ərazilərdir. Rayon üzrə əkilmiş ərazilərdə kultivasiya çəkilməsi, vegetasiya suvarılması aparılıb. Tarlalarda zərəvericilərlə mübarizə məqsədilə 860 hektar sahədə sovkaya, 1193 hektar sahədə isə mənənəyə qarşı dərmanlama işi görülüb. Pambıq sahələrinə 531,1 ton azot gübrəsi verilib.
İndiyədək tarlalardan 2 min 642 ton pambıq yığılaraq qəbul məntəqələrinə təhvil verilib. Hazırda pambıq yığımı davam edir. Yığıma ümumilikdə 1600 nəfərə yaxın işçi qüvvəsi, 4 pambıqyığan maşın cəlb edilib.
2018-ci ilin məhsulu üçün 5 min 300 hektar sahədə şum çıxarılıb. Yeri gəlmişkən onu da qeyd edək ki, torpaqların təyinatı üzrə istifadəsi ilə əlaqadar icarəyə götürülən 1257 hektar torpaq sahəsində təyinatı üzrə istifadə edilmədiyindən icarəçilərlə bağlanmış müqaviləyə xitam verilib. Əlavə olaraq istifadə olunmayan, lakin əkinə yaralı 4477 hektar torpaq sahəsi müəyyənləşdirilərək müvafiq təkliflər hazırlanıb. Əkin dövriyyəsinə cəlb olunan torpaq sahələri əsasən pambıqçılıq və taxılçılığın inkişafı üçün nəzərdə tutulub.

 

Tikinti işləri səngimir

 

Ağsu şəhərində 2017-ci ildə bir sıra obyektlərdə tikinti-quraşdırma işləri davam etdirilib. “Azqranata” MMC-nin yeni şərabsüzmə sexi və soyuducu anbarın, şəhərin kanalizasiya sisteminin təmizləmə qurğusunun, “Süsən Aqro” MMC-nin Gəgəli qışlağı adlanan ərazidə kənd təsərrüfatı məhsulları istehsalı kompleksinin tikintisi işləri davam etdirilib.
Hazırda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün hər biri 3 otaqdan ibarət 13 fərdi yaşayış evlərində tikinti-quraşdırma işləri başa çatmaq üzrədir. Şəhərin müxtəlif məhəllələrində tikintisi yarımçıq qalmış sahibkar obyektlərinin başa çatdırılması, binaların fasad hissələrinin müasir tələblərə uyğun üzləndirilməsi, çoxmənzilli yaşayış binalarında təmir-bərpa işlərinin aparılması istiqamətində işlər davam etdirilir. Cari ildə rayonun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun yenidən qurulması istiqamətində son tamamlama işləri aparılır.
Məmməd Əmin Rəsulzadə küçəsində yağış sularının ötürülməsi üçün drenaj qurğularının tikinisi başa çatıb. Heydər Əliyev adına seyrangahda, mədəniyyət və istirahət parkında abadlıq və bərpa işləri davam etdirilir. Eyni zamanda, Melioratorlar qəsəbəsində yeni istirahət parkı, mərasim zalı tikilib vətəndaşların istifadəsinə verilib.
Hazırda rayonda 100 yerlik uşaq bağçasının, 530 kvadratmetr ərazidə Bayraq meydanının, bayraq muzeyinin, gənclər informasiya mərkəzinin tikinti işləri aparılır, mədəniyyət sarayı əsaslı təmir olunur.
Ağsu şəhərinin Vidadi küçəsində 39 və 41 saylı 5 mərtəbəli yaşayış evlərinin ətrafında su ötürücü qurğunun tikintisi, abadlıq işləri, binaların zirzəmi hissələrində təmir-bərpa işləri başa çatıb. Bu binalara aid olan “Mərasim evi”ndə yenidənqurma işləri yekunlaşmaq üzrədir. Ağsu şəhərində hazırda abadlıq-quruculuq işləri davam etdirilir.
Ümumiyyətlə, 2017-ci ilin ötən dövrü ərzində fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə, aparılan abadlıq-quruculuq və digər mövsümi işlərdə 1734 nəfər işlə təmin olunub.

 

Əhali ekoloji cəhətdən təmiz su ilə təmin olunur

 

Rayonda yeni sənaye zonasının yaradılması, çoxmənzilli evlərin inşası, bir çox kəndlərdə modul tipli sutəmizləyici qurğuların tikilməsi üçün layihələrin hazırlanması və həyata keçirilməsi istiqamətində işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə rayon əhalisinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 20 kənddə su çəkilişi və 9 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması nəzərdə tutulub.
Cari ilin oktyabr ayına kimi rayonun Ərəbsarvan, Hacıqədirli, Axundlu, Növcü, Yuxarı Növcü, Məlikçobanlı, Navahı, Ülgüc və Qaraməmmədli kəndləri içməli su ilə təmin olunublar. Xəlilli, Göydəlləkli, Gursulu, Kəlağaylı, Nəmirli, Bənəcik kəndlərində isə işlər başa çatmaq üzrədir. Ərəbmehdibəy, Dədəli, Qasımbəyli, Padar, Bico kəndlərində isə içməli su xəttinin çəkilişinə yaxın günlərdə başlanacaq.
2017-ci ildə Ağsu rayonu ərazisində nəzərdə tutulan modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri rayonun Hacıuşağı, Cəfərli, Təklə, Muradlı, İlxıçı, Dəllər kəndlərində tamamlanıb. Rayonun Hacısəmədli kəndində işlər davam etdirilməklə yanaşı, Pirhəsənli və Şahbəyli kəndlərində bu günlərdə quraşdırma işlərinə başlanılıb.

 

Sənaye zonası yaradılacaq

 

Bunun üçün Ağsu-Kürdəmir şose yolunun 7-ci kilometrliyində, cənub tərəfində olan Dövlət Torpaq Fondundan 10 hektar ərazi ayrılıb. “Azərtikinti-İnvest” şirkəti tərəfindən parkın baş planı hazırlanıb və razılaşdırılıb. Layihənin həyata keçirilməsi üçün şirkət tərəfindən biznes planının 95 faiz hissəsi, həmçinin istehsal sahələri üçün hesabatlar hazırlanıb. Beynəlxalq partnyorlarla təchizat üçün şirkətlərlə niyyət sazişləri imzalanıb. İlkin mərhələdə Sənaye parkında mürəbbə və cem, yun, biyan kökü fabriklərinin, eyni zamanda, pendir istehsalı müəssisəsinin tikilməsi nəzərdə tutulub.
Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyi üçün Ağsu rayonu ərazisində Ağsu-Kürdəmir şose yolunun 7-ci kilometrliyində yolun cənub tərəfində dövlət mülkiyyətinə aid olan sahədə 6 hektar torpaq sahəsi ayrılıb. Həmin ərazidə pambıq qəbulu məntəqəsi tikilərək istifadəyə verilib.

 

Təhsildə də nümunə göstərilir

 

Ali təhsil müəssisələrinə qəbul ümumtəhsil məktəblərinin mühüm göstəricilərindən biridir. 2010-cu ildən başlayaraq Ağsuda hər il ali məktəblərə qəbul olan məzunların sayı artmaqda davam edir. Bu say 2010-cu ildə 35 nəfər idisə, ötən il 106 nəfərə çatıb. Bu il isə həmin rəqəm 115 nəfər təşkil edib. 10 nəfər 500-dən, 1 nəfər 600-dən çox bal toplayıb. Həmçinin 1 nəfər - Muradlı kənd tam orta məktəbin məzunu Səbinə Niftəliyeva qızıl medala layiq görülüb və yüksək nəticə ilə ali məktəbə qəbul olunub.
Qeyd etmək lazımdır ki, əvvəlki illərə nisbətən ali təhsil müəssisələrinə qəbulda ərizə verənlərlə qəbul olanların faiz göstəricisi yüksələrək 46 faizə çatıb. Digər göstəricilər də yüksəlib. Əgər 2016-cı ildə 0-100 bal toplayanlar ümumi sayda 34,29 faiz idisə, 2017-ci ildə 32,44 faiz, 300-500 bal toplayanlar müvafiq olaraq 17,14 faiz və 19,85 faiz, 500-700 bal toplayanlar müvafiq olaraq 2,04 və 3,44 faiz olub. Deməli, ötən ilə nisbətən 0-100 bal toplayanların sayı azalıb. Əvəzində 300-500 və 500-700 arası bal toplayanların sayı artıb.
Ənvər Seyidəliyev sonda bir daha əmin etdi ki, ağsulular Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında bundan sonra da daha sıx birləşərək ölkəmizin sosial-iqtisadi tərəqqisi naminə dövlətimizin genişmiqyaslı iqtisadi strategiyayasının həyata keçirilməsinə öz töhfələrini verməkdə davam edəcəklər.

Əli SƏLİMOV,
“Azərbaycan”