Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan gəncləri ölkəmizin daha da güclənməsi üçün həmrəylik missiyasını layiqincə davam etdirirlər

28 Dekabr 2017
Azərbaycan Texniki Universitetində (AzTU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov həmrəylik gününün əhəmiyyətindən danışıb. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunur. Müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticələrindən söz açan X.Yahudov Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırıb.

Regiondakı geosiyasi vəziyyətdən danışan AzTU-nun maşınqayırma fakültəsinin dekanı Ərəstun Məmmədov mənfur qonşularımızın bizə qarşı antitəbliğat kampaniyalarına tutarlı cavab vermək üçün həmrəyliyin önəmli amil olduğunu bildirib. O, tələbələrə Vətənə sadiq, layiqli vətəndaş olmağı tövsiyə edib.

AzTU-nun radiotexnika və rabitə fakültəsinin tələbəsi Elnarə Əkbərzadə bildirib ki, Azərbaycan gəncləri ölkəmizin daha da güclənməsi üçün həmrəylik missiyasını layiqincə davam etdirirlər.

Sonra universitetin ictimai işlərində fəallıq göstərən tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.

Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.