Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

AMEA-da Dövlət Dil Komissiyasının yeni tərkibdə ilk iclası keçirilir

28 Dekabr 2017
Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Dövlət Dil Komissiyasının yeni tərkibdə ilk iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə ötən illər ərzində Azərbaycan dilinin dövlət dili olaraq qorunması və təkmilləşdirilməsi məqsədilə müxtəlif qanun, fərman və sərəncamların verildiyini deyib. Qeyd edilib ki, bu istiqamətdə fəaliyyəti davam etdirmək və Azərbaycan dilinin işlənmə imkanlarını daha da genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin yekunları barədə məlumat verib. O, AMEA-nın magistrant və doktorantları arasında təşkil olunan müsabiqə qaliblərinin adlarını açıqlayıb.

Sonra müsabiqə qalibləri mükafatlandırılıblar.

AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəylinin “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Dili Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamı və qarşıda duran vəzifələr” mövzusunda məruzəsi dinlənilib. Dilimizin keçdiyi tarixi mərhələlərdən söz açan İ.Həbibbəyli Azərbaycan dilinin saflığının qorunması, ədəbi dilin daha da zənginləşdirilməsi və tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Vurğulanıb ki, həmin Sərəncam zamanında imzalanmış vacib sənəddir. Bu sənədi Azərbaycan dilinin qorunması və milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirmək olar.

Tədbir çıxışlarla davam edib.