Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mehriban Əliyevanın fəaliyyəti Rusiyada da yüksək qiymətləndirilir

28 Dekabr 2017
 

Müqəddəs Mələksima Knyaginya Olqa ordeni kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlara verilir

 

Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan, ölkəmizin tərəqqisi naminə böyük xidmətlər göstərən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün fəaliyyəti xeyirxah işlərə, elmin, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafına, sosial problemlərin həllinə yönəlib.
Respublikamızın beynəlxalq miqyasda yüksək imiclə tanınmasında, dünyada söz və nüfuz sahibi olmasında da Mehriban xanım Əliyeva misilsiz işlər görür.
Müstəqil respublikamız bu gün həm də dünyada sülhün, sabitliyin bərqərar olmasında, bütün bəşəriyyəti narahat edən qlobal problemlərin həllində çıxış edir. Bu böyük məqsədlər uğrunda həyata keçirilən işlərdə Azərbaycanın Birinci vitse-prezidentinin xidmətləri əvəzsizdir. Dünyanın mötəbər qurumlarında ölkəmizi təmsil etməsi, ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən titul və mükafatlara layiq görülməsi də Mehriban xanım Əliyevanın əməyinin bəhrələridir.
Azərbaycanın Birinci vitse-prezidentinin növbəti mükafatı II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni oldu. Mehriban xanım Əliyevanı bu ordenlə Rus Pravoslav Kilsəsinə və Həştərxan şəhərinin abadlaşdırılmasına göstərdiyi köməkliyə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill təltif etdi.
Dekabrın 26-da Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidentinə ordenin təqdim edilməsi mərasimi keçirildi. Mərasimdə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenini təqdim etdi. Patriarx Kirill çıxışında Mehriban xanıma gördüyü işlərə görə səmimi-qəlbdən təşəkkürünü bildirdi: “Siz ölkənizin və xalqınızın həyatında çox mühüm rol oynayırsınız. Böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi Siz vətəninizdən uzaqlarda da bir çox işlər görürsünüz. Bu gün Sizə Rus Pravoslav Kilsəsinin fəaliyyətinə köməyə və Həştərxan şəhərinin həyatında xüsusi iştirakınıza görə mükafat təqdim edilib. Həştərxana səfər edəndə mənə bir çox işlər barədə danışdılar. Amma yəqin ki, ən çox Sizin haqqınızda və bu şəhər üçün gördüyünüz bir çox işlər barədə danışdılar.
Məhz buna görə Həştərxanda olarkən mən Sizi Rus Pravoslav Kilsəsinin Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülməyiniz barədə qərar qəbul etdim. Knyaginya Olqa Rusiyanı xristianlaşdıran və vahid rus dövlətinin qurulmasında həlledici rol oynayan Knyaz Vladimirin nənəsi olub”.
Qeyd edək ki, 1988-ci ildə Rusiyada xristianlığın qəbul edilməsinin 1000 illiyi ilə əlaqədar təsis olunan Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər.
Belə fəxri mükafata və fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın Patriarxına təşəkkürünü və onun missiyasına sonsuz hörmətini ifadə etdi: “Biz Sizin mədəni və mənəvi irsin qorunmasındakı xidmətlərinizi, cəmiyyətdə qarşılıqlı anlaşmanın, qarşılıqlı hörmətin və həmrəyliyin bərqərar olmasına yönələn fəal sülhpərvər və maarifçilik fəaliyyətinizi yüksək qiymətləndiririk. Paytaxtımıza son səfəriniz zamanı Siz Təzəpir məscidini ziyarət etdiniz və Bakıdakı Müqəddəs Mirodaşıyan kafedral kilsəsində ibadət etdiniz. Bununla da Siz bir daha vurğuladınız ki, istənilən etiqad, istənilən din insanları birləşdirməyə və barışdırmağa xidmət edir”.
Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı dövlət olduğunu vurğulayan Mehriban Əliyeva bildirdi ki, multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil edir. Birinci vitse-prezident Azərbaycan torpağında müxtəlif konfessiyaların, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrinin əsrlər boyu sülh və həmrəylik şəraitində yaşadıqlarını diqqətə çatdırdı: “Ölkəmizin ərazisində yaşayan bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir. Bu sözlər Rus pravoslav icmasına da bütünlüklə aiddir. Bu gün Azərbaycanda Rus Pravoslav Kilsəsinə mənsub olan dindarların sayı 100 mindən çoxdur”.
Azərbaycan son illər dünyada tanınmış millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən birinə çevrilib. Ölkəmizin paytaxtında müntəzəm surətdə qarşılıqlı anlaşmaya və qarşılıqlı hörmətə nail olmağa yönəlmiş nüfuzlu beynəlxalq forumlar keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti 2010-cu ildə Bakıda Rusiya patriarxının da fəal iştirakı ilə düzənlənən Dünya Dini Liderlərinin Ümumdünya Sammitini, həmçinin 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu xatırlatdı. Bildirdi ki, bu il dekabrın 21-də keçirilən “İslam həmrəyliyi ili”nin yekunlarına həsr edilmiş konfransın mövzusu yenə də xalqların və müxtəlif dinlərin nümayəndələri arasında dialoqun qurulması idi. Azərbaycanın Birinci vitse-prezidenti təmsil etdiyi ölkənin öz köklərinə, ənənələrinə, tarixinə çox hörmət bəslədiyini qürurla dilə gətirdi: “Lakin bununla bərabər, Azərbaycan dünyaya açıq ölkədir. Biz başqa dövlətlərlə, başqa ölkələrlə dostluq münasibətləri qurmaq istəyirik və bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur. Azərbaycan və Rusiya strateji tərəfdaşlardır və əlbəttə ki, bizim humanitar sahədə əməkdaşlığımız bu tərəfdaşlığın çox mühüm hissəsidir. Bizim çox böyük ortaq mədəni irsimiz var və humanitar sahədə əməkdaşlığımız hələ Azərbaycan və Rusiya eyni dövlətin hissələri olduğu illərdə formalaşıb. Çox sevindirici haldır ki, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra bu potensialı nəinki itirməyib, hətta əksinə, çoxaldıb. Bu gün Azərbaycanda böyük rus ədəbiyyatına və mədəniyyətinə tükənməz maraq var. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb. Bizim ölkəmizdə təhsil prosesinin tamamilə rus dilində olduğu 300 məktəb, hətta 300-dən çox məktəb fəaliyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı, Slavyan Universiteti fəaliyyətdədir. Rusiyanın aparıcı ali məktəblərinin Azərbaycanda filiallarının açılması meyli yaranıb - bizdə Lomonosov adına Moskva Dövlət Universitetinin filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı çox uğurla fəaliyyət göstərir. Bu, bizim uğurlu əməkdaşlığımızın daha bir nümunəsidir”.
Həştərxan vilayəti ilə çox səmimi dostluq, qonşuluq münasibətlərimizdən və uğurlu əməkdaşlıq nümunələrindən danışan Mehriban xanım Əliyeva 2013-cü ildə Müqəddəs Mələksima Knyaz Vladimirə abidə ucaldılmasını, bu abidənin açılışının bizim üçün xüsusi əhəmiyyət kəsb etdiyini dedi. Xatırlatdı ki, bu abidənin yaradılması üzərində Azərbaycanın ən yaxşı rəssamları və memarları çalışıb, bir il ərzində möhtəşəm monument yaradıblar.
Çıxışının sonunda Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya patriarxına səmimi salamını və ölkəmizə yenidən səfər etməyə dəvətini çatdırdı.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rus Pravoslav Kilsəsinin baş məbədi olan Xilaskar İsa Məbədi ilə tanış oldular. XIX əsrdə inşa edilmiş məbəd ötən əsrin
90-cı illərində yenidən bərpa olunmuş və burada hazırda Rusiya üçün dini baxımdan əhəmiyyətli tədbirlər təşkil edilir.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”