Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın dəniz nəqliyyatı sistemi beynəlxalq miqyasda ən yaxşı nümunələr sırasındadır

28 Dekabr 2017
 

Dövlət Dəniz Administrasiyası 2017-ci ili uğurla başa vurur

 

Qlobal miqyasda tüğyan edən sosial-iqtisadi çətinliklərə rəğmən Azərbaycan 2017-ci ili də nailiyyətlərlə başa vurur. Bunu həyata keçirilən sosial-iqtisadi layihələrin uğurlu nəticələri, eləcə də qeyri-neft iqtisadiyyatındakı, kənd təsərrüfatındakı artan iqtisadi göstəricilər, ölkənin valyuta ehtiyatları, sabit maliyyə vəziyyəti bir daha təsdiqləyir. İlin ən yaddaqalan uğurları isə “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması, 2 milyard ton neft hasilatı və Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi oldu.
Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyaya uyğun olaraq Azərbaycanın həm neft-qaz ixracı, həm də nəqliyyat-tranzit potensialının artırılması ilə bağlı qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfələr verdi.

 

Logistika və ticarət iqtisadi artımın mühüm təkanverici qüvvəsidir

 

Mühüm transmilli layihələrin həyata keçirilməsi ilə Cənubi Qafqazın ən böyük və perspektivli dövləti olan Azərbaycan regionda gedən əsas proseslərin və transmilli maraqların mərkəzində dayanmaqla geoiqtisadi cəhətdən dünyanın aparıcı dövlətləri, böyük şirkətləri üçün cəlbedici tərəfdaş olduğunu, eyni zamanda Avrasiya məkanının mühüm logistik mərkəzlərindən birinə çevrildiyini bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiya ölkənin bütövlükdə iqtisadiyyatının şaxələndirilməsinə, xüsusən də inkişafına yönəldilib. Logistika və ticarət isə sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkanverici qüvvəsinə çevrilməklə əsas sektorlarda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır.
Ölkəmizdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit potensialının artırılması istiqamətində dövlət başçısının təşəbbüsləri uğurla həyata keçirilir və bu sahəyə yönələn irihəcmli dövlət investisiyaları nəzərdə tutulan işlərin maneəsiz aparılmasına real zəmin yaradır. Xəzər hövzəsində ən böyük ticarət limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, dəmir yolu xətlərinin inşası və yenidən qurulması, yeni beynəlxalq hava limanlarının tikintisi, müasir avtomobil yolları şəbəkəsinin yaradılması Azərbaycanın tranzit daşımalarında iştirak miqyasını dəfələrlə artırır.

 

Dəniz nəqliyyatı - strateji hədəflər və prioritet istiqamətlər

 

Azərbaycanın iqtisadi infrastrukturunun mühüm tərkib hissəsindən biri olan dəniz nəqliyyatı ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Digər nəqliyyat vasitələri ilə müqayisədə dəniz nəqliyyatının üstün cəhətlərindən biri yükdaşıma dəyərinin aşağı olmasıdır. Dünya ticarətinin təxminən 80 faizdən artıq hissəsinin dəniz nəqliyyatı ilə həyata keçirildiyini nəzərə alaraq, Azərbaycanın dəniz nəqliyyatı sahəsinin rəqabətqabiliyyətliliyini və davamlı inkişafını təmin etmək məqsədilə strateji hədəfləri və prioritet istiqamətləri əhatə edən tədbirlər planı hazırlanıb. Strategiya ticarət gəmiçiliyi sahəsinin səmərəli təşkili və beynəlxalq qaydaların effektiv tətbiq edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın İpək yolu üzərindəki geostrateji mövqeyi, neft və qaz ehtiyatları, gəmiçilik şirkətləri, o cümlədən dənizçi kadr potensialının formalaşdırılması ənənələri iqtisadiyyatın inkişafına təkan verən amillərdir. İqtisadi inkişafın zərərli təsiri BMT tərəfindən Dayanıqlı İnkişaf Konsepsiyasının hazırlanmasını zəruri etmiş və dünyanın dayanıqlı inkişafının təkmilləşdirilməsinin təmin edilməsinə istiqamətlənən Dayanıqlı İnkişaf Məqsədləri müəyyənləşdirilib. Tərtib edilmiş strategiya təhlükəsiz və səmərəli Dayanıqlı Nəqliyyat Sisteminin təkmilləşdirilməsinə, eləcə də dəniz mühitinin çirkləndirilməsinin qarşısının alınmasına, enerji səmərəliliyinin yüksəldilməsinə və təbii resursların qorunmasına xidmət edir.

 

Dövlət Dəniz Administrasiyası tapşırıq və tövsiyələri uğurla yerinə yetirir

 

Azərbaycanın nəqliyyat sektorunu dəniz sferası olmadan təsəvvür etmək çətindir. Çünki tarixi inkişaf yolu keçən dəniz nəqliyyatı bütün zamanlarda öz əhəmiyyətini saxlayıb. Müasir dövrdə respublikamızda dəniz nəqliyyatı sahəsinin tənzimlənməsi mühüm səciyyə daşıyır. Bu vacib prosesin həyata keçirilməsində mərkəzi icra hakimiyyəti orqanı funksiyasını daşıyan Dövlət Dəniz Administrasiyası Azərbaycan Prezidentinin 6 fevral 2006-cı il tarixli sərəncamına əsasən yaradılıb.
Sərəncamda Azərbaycanda dəniz nəqliyyatı sahəsində aparılan siyasətin, habelə BMT-nin Beynəlxalq Dəniz Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyaların icrasına nəzarətin həyata keçirilməsi Dövlət Dəniz Administrasiyasının səlahiyyətlərinə aid edilib. Dövlət başçısının 2006-cı il 20 aprel tarixli fərmanı ilə təsdiq edilmiş “Əsasnamə”yə müvafiq olaraq, administrasiya ölkə ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərməkdədir.
Administrasiya yaradıldığı gündən Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri, verdiyi tapşırıq və tövsiyələri uğurla yerinə yetirir. Dövlət başçısının diqqət və qayğısı sayəsində Dövlət Dəniz Administrasiyası əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi və inkişafı istiqamətində də vacib addımlar atılıb.
Dəniz nəqliyyatı sahəsində mühüm nailiyyətlər qazanan Dövlət Dəniz Administrasiyası da 2017-ci ili uğurla başa vuran qurumlar sırasındadır.
İl ərzində Dövlət Dəniz Administrasiyası tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, dövlət başçısının fərman və sərəncamları, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr və Prezidentin 20 aprel 2006-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə” rəhbər tutularaq dəniz nəqliyyatı sahəsində dövlət siyasəti və tənzimlənməsi istiqamətində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi təmin edilib.
Bu ilin 28 may - 6 iyun tarixlərində dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupu administrasiyada audit yoxlaması həyata keçirib. Bu müddət ərzində Beynəlxalq Dəniz Təşkilatı tərəfindən Azərbaycanın dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların tətbiqi səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi məqsədi ilə ölkəmizdə fəaliyyət göstərən limanların akvatoriyaları daxil olmaqla bütün ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, gəmilərə dair tələblərə əməl olunmasına nəzarət mexanizmi, gəmilərin hərəkətinin idarə edilməsi, limanlara daxil olan və limanlardan çıxan gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılması və giriş-çıxışına icazə verilməsi, dəniz mühitinin mühafizəsi, eləcə də bu sahədə mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosesi dəqiq şəkildə və incəlikləri ilə araşdırılıb.

 

172 dünya dəniz dövləti arasında ön sırada

 

Bu araşdırmalar zamanı gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılmasını həyata keçirən nəzarət müfəttişlərinin yalnız dənizçilərdən formalaşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulan ixtisas tələbləri yüksək qiymətləndirilib, bu tələblərin və dəniz nəqliyyatı sahəsində formalaşdırılan digər bir sıra nəzarət mexanizmlərinin dəniz dövlətləri üçün ən yaxşı təcrübə (“Best practise”) ola biləcəyi vurğulanıb.
Azərbaycanda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlərin, qəbul edilən normativ-hüquqi aktların, gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılmasının, administrasiyanın tabeliyində olan liman kapitanlarının fəaliyyətinin, liman akvatoriyalarında, ümumiyyətlə, Azərbaycanın bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil olunması xüsusilə qeyd edilib və audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə görə respublikamız 172 dünya dəniz dövləti arasında qabaqcıl olan Avropa dövlətlərini geridə qoyaraq statistika üzrə ön sırada yer tutub.
Audit yoxlaması nəticəsində müəyyən olunub ki, respublikamızda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlər, qəbul edilən normativ-hüquqi aktlar Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğundur. Keçirilmiş audit yoxlaması zamanı Prezident
İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun həyata keçirilən davamlı islahatlar və bu məqsədlə təsdiqlənmiş mövcud normativ-hüquqi aktlar, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü və ciddi tədbirlərin həyata keçirilməsi audit ekspert qrupu tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

 

200-ə yaxın gəmidə nəzarət yoxlaması aparılıb

 

2017-ci il ərzində Azərbaycan bayrağı altında üzən 140 gəmidə, xarici dövlətlərin bayrağı altında üzən 59 gəmidə geniş nəzarət yoxlaması həyata keçirilib. Aparılan yoxlamalar nəticəsində Azərbaycan bayrağı altında üzən gəmilərdə ümumilikdə 1365 uyğunsuzluq halı aşkar edilib. Bu uyğunsuzluqlardan 811-i “Dənizdə insan həyatının mühafizəsi haqqında Beynəlxalq Konvensiya”nın (SOLAS), 333-ü “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın (STCW), 156-sı “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya”nın (MARPOL), 7-si “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya”nın (COLREG) və 58-i digər beynəlxalq konvensiyaların tələblərinin pozulması ilə əlaqədar olub.
Eyni zamanda, beynəlxalq konvensiyalar üzrə xarici dövlətlərin bayrağı altında üzən gəmilərdə ümumilikdə 466 uyğunsuzluq halı aşkar edilib. Həmin uyğunsuzluqlardan 370-i “Dənizdə insan həyatının mühafizəsi haqqında Beynəlxalq Konvensiya”nın (SOLAS), 27-si “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya”nın (MARPOL), 35-i “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”nın (ICLL), 3-ü “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya”nın (COLREG) və 29-u digər beynəlxalq konvensiyaların tələblərinin pozulması ilə əlaqədar olub. Uyğunsuzluqların aradan qaldırılmasına nəzarət edilərək bunların hamısının aradan qaldırılmasına nail olunub.

 

Xarici dövlətlərin bayrağı altında üzən 1418 gəmiyə bələdçi xidməti göstərilib

 

Bu il Azərbaycanın dəniz limanlarına 16219 gəminin girişi və 16259 gəminin çıxışı rəsmiləşdirilib, həmçinin 3624 gəmi jurnalı təsdiq edilərək təhvil verilib, xarici dövlətlərin bayrağı altında üzən 1418 gəmiyə bələdçi xidməti göstərilib.
Bundan əlavə, administrasiyanın tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən 13175 gəmi izlənərək keçirilib, gəmilərə 788 hava haqqında məlumat və 1164 fırtına xəbərdarlığı ötürülüb, eləcə də 440 gəminin yedəkləmə əməliyyatı nəzarətə götürülərək təhlükəsiz yedəklənməsi əməliyyatı yerinə yetirilib. Həmçinin gəmilərdə xəstə olan dənizçilərlə bağlı 5 məlumat daxil olub, onların sahilə təxliyə edilməsi təşkil edilərək müvafiq tədbirlər həyata keçirilib.
Eyni zamanda, Azərbaycan Respublikasının ərazi sularında yerləşən və dəniz limanlarına gedən kanallardan, farvaterlərdən, tövsiyə yollarından kənarlaşma halları aşkar edilib və qəza hallarının baş verməsinin qarşısı alınaraq 4 gəminin hərəkət istiqamətinin koordinasiyası təmin edilib.

 

Administrasiya tərəfindən gəmilərə sertifikatlar, şəhadətnamələr verilib

 

İl ərzində administrasiya tərəfindən gəmilərə “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə”, “Mülkiyyət hüququ haqqında şəhadətnamə”, “Minimum heyət tərkibi haqqında şəhadətnamə”, “Neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnamə”, “Əmniyyətli İdarəetmə haqqında şəhadətnamə”, “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət ilə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat”, “Azərbaycan Respublikasının Dövlət gəmi reyestrindən və berbout-çarter reyestrindən çıxarış” və “Gəmi tarixinin fasiləsiz qeydlər sənədi” verilib.
Həmçinin gəmiçilik şirkətlərinə “Dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamə” təqdim edilib, müxtəlif təyinatlı gəmilər Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və berbout-çarter reyestrində qeydiyyata alınıb, gəmilər adıçəkilən reyestrlərdə təkrar qeydiyyata alınaraq onlara müvafiq şəhadətnamələr verilib.
Eyni zamanda, gəmilərin “Dənizdə insan həyatının mühafizəsinə dair təlim və məşğələ üzrə təlimat”ı, “Yüklərin bərkidilməsi üzrə rəhbərliyi”, “Yanğınla mübarizə planının sxemi”, “Gəmi qəza yedək əməliyyatları planı”, “Yanğınla mübarizə üzrə təlimə dair təlimat”ı, “Neftlə çirklənməyə qarşı fövqəladə mübarizə planı”, “Gəminin enerji effektivliyinin idarə olunması planı” və “Dəniz mühitinin gəmilərdən çirklənməsinə qarşı fövqəladə mübarizə planı” təsdiq edilib.

 

38 gəmidə yeniləmə, 11 gəmidə ilkin, 19 gəmidə ara yoxlaması keçirilib

 

İl ərzində administrasiyanın əməkdaşları tərəfindən “Gəmi və Liman Vasitələrinin Mühafizəsinə dair Beynəlxalq Məcəllə”nin (ISPS Code) tələblərinə əsasən, Azərbaycan bayrağı altında üzən 38 gəmidə yeniləmə, 11 gəmidə ilkin, 19 gəmidə ara yoxlaması keçirilib və həmin gəmilərə “Gəminin “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamə” verilib. Həmçinin iki limanda yoxlama keçirilərək onlara “Limanın “Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında şəhadətnamə” təqdim edilib.
Qeyd edilən dövr ərzində dənizçinin şəxsiyyət sənədi, dənizçinin qeyd kitabçası hazırlanaraq sahiblərinə təqdim olunub.
“Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın, eləcə də “Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq dənizçilərə sertifikat (diplom) və xüsusi hazırlıq şəhadətnaməsi verilib.
Bunlarla yanaşı, “Tanınmış Təşkilatlar haqqında” Məcəllənin tələblərinə əsasən, Tanınmış Təşkilat və ya Təsnifat Cəmiyyətinin fəaliyyətinin qiymətləndirilməsi, onun beynəlxalq konvensiyaların və yerli qanunvericiliyin tələblərinə uyğunluğunun müəyyənləşdirməsi məqsədi ilə “Bureau Veritas” təsnifat cəmiyyətinin və “Xorvatiya Gəmiçilik Registri” təsnifat cəmiyyətinin yoxlanılması həyata keçirilib.

 

Təlim-tədrislə bağlı məsələlərə xüsusi diqqət ayrılıb

 

“Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və Müdafiə Nazirliyi arasında əməkdaşlığa dair Təlimat” və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığa dair Fəaliyyət Planı” imzalanıb.
Administrasiyanın aparatında çalışan dövlət qulluqçularının təlim-tədrisi ilə bağlı məsələlərə xüsusi diqqət ayrılıb. Administrasiyanın əməkdaşlarının beynəlxalq tədbir və təlimlərdə iştirakı təmin olunub. Bütün bunlar qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmasına xidmət etməkdədir. Əməkdaşlar ezamiyyələrə göndərilərkən onların qulluq funksiyalarına və dil bilgilərinə xüsusi diqqət yetirilib.
Dəniz nəqliyyatı sahəsi ilə bağlı inzibati məsuliyyəti müəyyən edən normativ-hüquqi aktların, İnzibati Xətalar Məcəlləsinin və Ticarət Gəmiçiliyi Məcəlləsinin müvafiq hissələrinin bir daha nəzərdən keçirilməsini, dəyişikliklərin edilməsini, inzibati prosedurların yenidən işlənib hazırlanmasını nəzərdə tutan “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı Tvinninq layihəsi çərçivəsində ispan mütəxəssislərin iştirakı ilə, həmçinin İtaliya Respublikasında dəniz təhlükəsizliyinin həyata keçirilməsinə dair italyan mütəxəssislər tərəfindən seminarlar, həmçinin Fövqəladə Hallar Nazirliyi ilə birgə “Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə” üzrə və “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında Konvensiya”nın (MARPOL) tətbiqinə dair təlim kursları keçirilib.
Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin əməkdaşlarının təcrübi biliklərinin təkmilləşdirilməsi məqsədi ilə İspaniya Krallığında yerləşən Beynəlxalq Mayak Xidməti Assosiasiyası tərəfindən akkreditasiya olunan “Centro Jovellanos” təlim-tədris mərkəzində gəmilərin hərəkətinin idarəetmə xidmətinin operatorları üçün olan müvafiq kurslarda iştirakı təmin edilib.

 

Dəniz nəqliyyatının dinamik inkişafı üçün böyük imkanlar yaradılıb

 

Eyni zamanda, “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı Tvinninq layihəsinin 2017-ci il 8 dekabr tarixində yekun iclası keçirilib. Belə ki, respublikamızda dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilən bu layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə tam nail olunub.
İl ərzində Dövlət Dəniz Administrasiyasında vətəndaşların qəbulu işinin təşkili “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli 1308-IVQ nömrəli qanuna və dövlət başçısının 20 aprel 2006-cı il tarixli fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”nin 8.13-cü bəndinə uyğun olaraq “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəhbərliyi və aparatın struktur bölmələrinin müdirləri tərəfindən vətəndaşların qəbul edilməsi qrafiki”ndə göstərilən günlər üzrə həyata keçirilib və zəruri hallarda vətəndaşlar qəbul günləri olmayan günlərdə də administrasiyanın rəhbərliyi və aparatın struktur bölmələrinin müdirləri tərəfindən qəbul ediliblər.
Bütün bunlar respublikamızda dəniz nəqliyyatı sahəsinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən xüsusi əhəmiyyətli zəruri və önəmli işlərin, dəniz nəqliyyatı sahəsi üzrə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən tədbirlərin uğurlu nəticələr verdiyini bir daha təsdiqləyir.
Ölkəmizdə iqtisadiyyatın bütün sahələri ilə yanaşı, dəniz nəqliyyatı sahəsinin də sürətli inkişafı, dövlətin nəqliyyat-tranzit dəhlizlərinin formalaşmasında iştirak etməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir.
Bu gün Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq Azərbaycan Şərq-Qərb ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir və ən əsası isə dünyanın əsas qloballaşma və regional inteqrasiya mərkəzləri Azərbaycanı üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə kimi qəbul edir. Azərbaycanın tranzit imkanları artdıqca planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə etibarlı tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur.
Davamlı və dinamik yüksəlişi özündə ehtiva edən milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda tərəqqisinin keyfiyyətcə yeni mərhələsini yaşayaraq beynəlxalq aləmdə də ardıcıl uğurlara imza artmaqdadır. İqtisadiyyatın bütün sahələri kimi, dəniz nəqliyyatı sektorunun inkişaf etdirilməsi də Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu gün inamla deyə bilərik ki, cənab
İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dəniz nəqliyyatı sahəsinin dinamik inkişafı üçün böyük imkanlar yaradılıb.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”