Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Həmrəyliyə çağırışın Azərbaycan nümunəsi

27 Dekabr 2017
 

İslam aləminin birliyi üçün ən böyük siyasi iradəni İlham Əliyev göstərdi

 

İslam dünyası ilə sıx əməkdaşlığın edilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Çünki çoxəsrlik və zəngin tarixi boyu xalqımızın keçdiyi inkişaf yolu müsəlman dünyasında gedən proseslərlə bağlı olmuşdur. Bu mənada Azərbaycan hər bir müsəlman dövləti ilə müəyyən ortaq mənəvi dəyərləri bölüşür. Məhz bu mənəvi ortaqlıqdan irəli gələrək Azərbaycanın müsəlman dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq, ikitərəfli siyasi, iqtisadi mədəni münasibətlər yaratmağa müvəffəq olması reallıqdır.

 

Müsəlman həmrəyliyinin ideya mərkəzi

 

Avropa ilə yanaşı, müsəlman ölkələriylə bərabərhüquqlu əməkdaşlığın Azərbaycanın xarici siyasət kursunun istiqamətlərindən biri olması məhz bu səbəbdən irəli gəlir. Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq son bir neçə ildə Azərbaycanın müsəlman dünyası ilə əlaqələri daha da möhkəmlənmiş, münasibətlərin dinamikası yeni mərhələyə qədəm qoymuşdur. Əsas diqqəti cəlb edən məqam isə Şərq dövlətləri ilə əlaqələrinin coğrafiyasının genişləndirilməsidir. Əvvəllər münasibətlərimiz olmayan ölkələrlə əlaqələr qurulmuş, bəzi dövlətlərlə əməkdaşlıq daha da dərinləşdirilmişdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin təkcə bu ilin əvvəlindən Səudiyyə Ərəbistanı, Qətər, İran kimi ölkələrə səfərləri və digər bir neçə müsəlman ölkəsi rəhbərlərinin ölkəmizə gəlişi təsdiq edir. Ən əsası, Azərbaycanın müsəlman dünyasına yönəlik xarici siyasətinin uğurlu nəticəsi kimi bu gün İslam aləmində və beynəlxalq münasibətlər sistemində öz çəkisi ilə seçilən dövlətlər nəinki ölkəmzin haqlı mövqeyini dəstəkləyir, habelə işğal olunmuş Azərbaycan torpaqları azad edilməyincə Ermənistanla hər hansı münasibət qurmurlar. Bu ölkələr işğalçı Ermənistanla diplomatik əlaqələr yaratmaqdan qəti şəkildə imtina ediblər.
Lakin Qərb dünyasından fərqli olaraq İslam aləmində onilliklərdir ki, ciddi təlatümlər yaşanır. Müasir dövrümüzdə dünyanın üzləşdiyi problemlərdən daha çox əziyyət çəkən müsəlmanlardır. Xüsusən ötən əsrin 70-80-ci illərindən müsəlman dünyasında inkişaf yaransa da, sonrakı onilliklərdə bunu müharibələr, siyasi çəkişmələr əvəz etdi. Hazırda İslam dünyasında ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranlar yaşanır. Bir sıra müsəlman ölkələrinin nizamı pozulub. Müharibələrin, hərbi-siyasi çəkişmələrin nəticəsi olaraq onların bir qisminin iqtisadiyyatı dağılıb, tənəzzülə uğrayıb. Qərb ölkələrində isə islamofobiya baş alıb gedir, məqsədyönlü şəkildə İslamı terrora bağlayırlar. Məsələnin ən təəssüf doğuran tərəfi isə müsəlman dövlətləri arasında məzhəb, fikir ayrılığının getdikcə daha da dərinləşməsidir.
Belə vəziyyətdə İslam dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Bu mənada Prezident İlham Əliyevin 2017-ci ili Azərbycanda “İslam həmrəyliyi ili” elan etməsi ölkəmizin müsəlman aləminin birliyi üçün nümayiş etdirdiyi mühüm siyasi iradənin göstəricisidir. Prezident İlham Əliyev 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməklə həm də müxtəlif xalqların, o cümlədən müsəlmanların müharibələrdən əzildiyi, fəlakətlərə düçar edildiyi indiki dövrdə dünyaya mesaj verdi. Bütün dünyaya göstərildi ki, müsəlman həmrəyliyi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Beləliklə, qlobal miqyasda sülh və əməkdaşlığa, sivilizasiyalararası dialoqa böyük töhfə verən Azərbaycan bu sahədə yeni fəaliyyət mərhələsinə qədəm qoydu. Respublikamız İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrildi.

 

Beynəlxalq səviyyədə dəstəklənən təşəbbüs

 

2017-ci ili “İslam həmrəyliyi ili” elan etməklə Prezident İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə istinadən dilindən, dinindən asılı olmayaraq dünya ölkələrini ümumbəşəri önəm kəsb edən sülh və ədalət ideyalarının ətrafında cəm olmağa çağırdı. İl ərzində Azərbaycanda İslam həmrəyliyinə həsr olunmuş müxtəlif tədbirlər həyata keçirildi. Hər bir tədbir ölkəmizin bu sahədə təşəbbüslərinin bütün İslam aləmi tərəfindən dəstəkləndiyini göstərdi.
Dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş “2017 - İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans bunu bir daha əyani təsdiq etdi. Konfransda çıxışında Prezident İlham Əliyev İslam həmrəyliyinin Azərbaycan üçün prioritet olduğunu bəyan etdi: “Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Bu məsələ bizim üçün prioritet məsələlərdən biridir. Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli-mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir”.
Xatırladaq ki, beynəlxalq konfransda 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Bu, Azərbaycanın təşəbbüsünə beynəlxalq səviyyədə göstərilən maraq və dəstəyin bariz nümunəsidir.
Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda dini münasibətlərdə ən düzgün və zamanın sınaqlarından layiqincə çıxan model formalaşıb. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı İslamın gözəlliklərini, saflığını hər zaman qoruyub saxlayır, ona dinimizə zidd ideyalar qatmır. Odur ki, Azərbaycanda İslami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunəsi mövcuddur. Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Əksər müsəlman cəmiyyətlərindən fərqli olaraq Azərbaycanda müqəddəs dinimiz xalqımızı birləşdirir, həmrəy edir, dövlətimizin möhkəmlənməsinə və inkişafına xidmət edir.
Bütün bunlar, Azərbaycandakı dini maarifçilik və məzhəblərarası səmərəli əməkdaşlıq və etimad mühiti İslam ölkələrinin həmrəyliyi üçün uğurlu nümunədir. Azərbaycan nüfuzundan və təcrübəsindən irəli gələrək müsəlman ölkələri arasında da birləşdirici və barışdırıcı rol oynamağa qadirdir. Reallıq da göstərir ki, Azərbaycanın təşəbbüsləri dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verir. Ən əsası, İslam dünyasında sülhün və əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynayır. Elə tək bu il ərzində İslam Həmrəyliyi Oyunlarına, müsəlman aləmində münasibətlərin genişləndirilməsinə həsr olunan beynəlxalq konfranslara evsahibliyi edən, xaricdə bu yönümdə tədbirlər keçirən Azərbaycan birlik və əməkdaşlıq çağırışlarının real fəaliyyət istiqamətini ortaya qoydu.
Təbii ki, ölkəmiz qarşısına qoyduğu məqsədləri bu illə yekunlaşdırmayacaq və növbəti dövrdə də bu xətt davam etdiriləcək. Bu gün Azərbaycanın gücü, nüfuzu və imkanları, o cümlədən mövcud potensialı və beynəlxalq ictimaiyyətin ona olan etimadı İslam həmrəyliyinə nail olunması kimi mühüm missiyanı üzərinə götürməyə imkan verir. Əminik ki, ölkəmiz bu missiyanı da layiqincə həyata keçirəcək, görüləcək işlər İslam dünyasının həmrəyliyinə böyük töhfələr verəcək.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”