Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünya liderləri Azərbaycan Prezidentini təbrik etdilər: “İlham Əliyevin rəhbərliyində Azərbaycan inkişaf yolunda inamla irəliləyir”

26 Dekabr 2017
 

Prezident seçildiyi 2003-cü ildən bugünədək Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsi, ölkəmizin dünyadakı nüfuzunun yüksəldilməsini özünün fəaliyyət kredosu kimi müəyyənləşdirən cənab İlham Əliyev 14 il ərzində yeni əsrin yeni lideri olduğunu isbatlayıb. 

Uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olunan Azərbaycan Prezidenti görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanıb.
Dekabrın 24-də doğum gününü qeyd edən cənab İlham Əliyevə dünya liderlərinin, hökumət başçılarının və nüfuzlu beynəlxalq qurumların, şirkətlərin rəhbərlərinin telefon zəngləri, ünvanladıqları təbrik məktubları bunu bir daha təsdiqləyir.

 

İlham Əliyevin liderliyi ilə Azərbaycan beynəlxalq problemlərin həllində fəal rol oynayır

 

Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə telefonla zəng edərək ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin gələcəkdə də bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Həmin gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də İlham Əliyevə zəng edərək doğum günü münasibəti ilə təbrikini çatdırıb. Söhbət zamanı dövlət başçıları iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyini vurğulayıblar.
Vladimir Putin bir gün öncə Azərbaycan Prezidentinə təbrik məktubu da ünvanlayıb. Məktubda deyilir: “Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, aktual beynəlxalq problemlərin həllində fəal rol oynayır. Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz”.
Bu yaxınlarda Soçidə və Tehranda Azərbaycan Prezidenti ilə görüşlərini xatırladan Vladimir Putin ümidvar olduğunu bildirib ki, konstruktiv dialoq və səmərəli birgə fəaliyyət davam edəcək.

 

Uzaqgörən siyasi xadim, ölkəsinin həqiqi vətənpərvəri

 

“Azərbaycanın genişmiqyaslı nailiyyətləri Sizin dövlət lideri, uzaqgörən siyasi xadim və öz ölkəsinin həqiqi vətənpərvəri kimi bənzərsiz keyfiyyətlərinizi əyani şəkildə təsdiq edir”.
Bu sözlər isə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təbrik məktubunda yer alıb. Azərbaycan Prezidentinin Belarus-Azərbaycan əməkdaşlığının inkişafına, o cümlədən mühüm müştərək layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməsini yüksək qiymətləndirən A.Lukaşenko vurğulayıb ki, bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur.
Prezident İlham Əliyevə Azərbaycan xalqının səadəti uğrunda fəaliyyətində yeni nailiyyətlər arzu edən Ukrayna Prezidenti Petro Poroşenko təbrik məktubunda qeyd edir ki, iki ölkə arasında qurulmuş etibarı və qarşılıqlı anlayışı yüksək qiymətləndirir: “Əminəm ki, fəal dövlətlərarası dialoq və birgə səylərimiz Ukraynanın və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasına yardım edəcək. Dərin tarixi köklərə malik Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri gələcəkdə də həm ikitərəfli ölçüdə, həm də beynəlxalq strukturlar çərçivəsində fəal inkişaf edəcək”.
Çin Xalq Respublikasının sədri Si Cinpinin təbrik məktubunda isə deyilir: “Son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər dinamik inkişaf edir, ölkələrimizin qarşılıqlı siyasi etimadı möhkəmlənir, hər iki ölkə əsas mənafeləri ilə bağlı məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir. İqtisadiyyat, ticarət, humanitar və başqa sahələrdə əməkdaşlıq inkişaf edir. “Bir kəmər, bir yol” layihəsinin müştərək tikintisində əməkdaşlıqda ilkin nəticələr əldə edilib”.

 

Zəngin siyasi təcrübə İlham Əliyevə dünyada böyük nüfuz qazandırıb

 

Monteneqronun Prezidenti Filip Vuyanoviçin məktubunda isə deyilir ki, sürətlə dəyişən bugünkü dünyada cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sabitlik amili kimi özünü sübut edib. Azərbaycanın beynəlxalq qurumlar çərçivəsində məsələləri dialoq vasitəsilə həll etməyə sadiqliyi digərləri üçün mükəmməl modeldir. Eyni zamanda, Azərbaycan dövləti öz xalqı üçün uzunmüddətli rifahı təmin etməyə müvəffəq olub.
“Sizin dövlət başçısı vəzifəsində səmərəli fəaliyyətiniz və zəngin siyasi təcrübəniz haqlı olaraq Sizə nəinki Azərbaycanda, onun hüdudlarından uzaqlarda da böyük nüfuz qazandırıb”. Bu fikirlər isə Moldova Prezidenti İqor Dodonun təbrik məktubunda yer alıb.
Albaniya Prezidenti İlir Metaninin isə məktubunda vurğulanır ki, Azərbaycan məhz İlham Əliyevin rəhbərliyi ilə xüsusilə son 10 il ərzində əhəmiyyətli dərəcədə inkişaf edib, xalqın rifah halı xeyli yaxşılaşıb: “Ölkələrimiz arasındakı münasibətlər də əvvəlki illərdə heç zaman olmadığı qədər möhkəmlənib və inkişaf edib. İqtisadi əlaqələr və Transadriatik boru kəməri layihəsinin həyata keçirilməsi ölkələrimizin ortaq gələcəyi üçün möhkəm təməl yaradıb”.
Dövlət başçısını təbrik edənlər sırasında Bolqarıstan Prezidenti Rumen Radev, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç və Makedoniya Prezidenti Gyorge İvanov da var. Hər üç dövlət başçısı səmimiyyətə, qarşılıqlı hörmətə və inama, hüquq bərabərliyinə söykənən və dostluq xarakteri daşıyan əlaqələrin möhkəmləndirilməsinə verdiyi şəxsi töhfələrə görə Azərbaycan Prezidentinə minnətdarlıq edib.

 

Azərbaycan cəmiyyətinin dəstəyini qazanmış lider

 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin məktubunda qeyd edilir ki, cənab İlham Əliyevin həyat təcrübəsi və peşəkarlığı bundan sonra da Azərbaycanın sabit inkişafına və rifahına xidmət edəcək. Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətləri strateji tərəfdaşlıq əsasında gələcəkdə də durmadan inkişaf edəcək.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrik məktubunda deyilir: “Biz Sizi haqlı olaraq atanızın başladığı böyük işlərin layiqli davamçısı, ölkənizdə və beynəlxalq aləmdə böyük nüfuza malik təcrübəli siyasi xadim, Özbəkistanın ən yaxın dostu hesab edirik. Azərbaycanın daxili və xarici siyasətində əldə edilən bütün nailiyyətlərin Sizin adınızla və uzaqgörən müdrik siyasətinizlə bağlı olduğunu və həqiqətən dünya miqyasında tanındığını xüsusi vurğulamaq istəyirəm”.
Tacikistan Prezidenti Emoməli Rəhmonun məktubunda vurğulanır ki, cənab İlham Əliyevin yüksək peşəkarlığı və cəmiyyətinin geniş dəstəyinə əsaslanan qurucu siyasəti Azərbaycanın daha da firavanlaşmasına və onun beynəlxalq nüfuzunun artmasına daim şərait yaradır.
“Əminəm ki, Sizin peşəkarlığınız və dövlətçilik fəaliyyəti sahəsində zəngin təcrübəniz qardaş Azərbaycanın daha da firavanlaşmasına və onun beynəlxalq nüfuzunun artmasına şərait yaradacaq”. Bu fikirlər isə Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovun məktubunda öz əksini tapır.

 

Uzaqgörən siyasi xadim, müdrik rəhbər

 

Rusiya Federasiyası hökumətinin sədri Dmitri Medvedevin təbrik məktubunda qeyd edilir ki, Azərbaycan Prezidentinin köməyi ilə qarşılıqlı ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar fəaliyyət möhkəmlənir, sənaye, infrastruktur, energetika və başqa sahələrdə iri müştərək layihələr həyata keçirilir. İkitərəfli əməkdaşlığın bütün kompleksinin bundan sonra da inkişafı, regionlararası əlaqələrin və işgüzar münasibətlərin genişlənməsi iki ölkənin maraqlarına tamamilə uyğundur.
MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevin məktubunda deyilir: “Siz çoxillik dövlət idarəçiliyi təcrübəsinə maliksiniz və haqlı olaraq uzaqgörən siyasi xadim, müdrik rəhbər hesab edilirsiniz. Sizin rəhbərliyinizlə Azərbaycan cəmiyyət həyatının bütün sahələrində təkmilləşmə və modernləşmə yolu ilə ardıcıl surətdə irəliləyir”.
Onun fikrincə, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və dünyada baş verən proseslərə münasibətdə fəal mövqeyi məhz cənab İlham Əliyevin adı ilə bağlıdır. MDB ölkələrində Azərbaycan Prezidentini sülhün və qarşılıqlı anlaşmanın qorunub saxlanmasına yönəlmiş konstruktiv və bərabərhüquqlu beynəlxalq əməkdaşlığın tərəfdarı kimi yaxşı tanıyır və yüksək qiymətləndirirlər.
Cənab İlham Əliyevin siyasi iradəsi və müdrik dövlətçilik mövqeyi bundan sonra da iqtisadi cəhətdən güclü və inkişaf etmiş dövlətin formalaşmasına şərait yaradacaq, MDB çərçivəsində əldə edilmiş razılaşmaların reallaşmasına yönəlmiş birgə səylər Azərbaycanın və MDB iştirakçısı olan digər dövlətlərin rifahı naminə daha sanballı praktiki nəticələrə gətirib çıxaracaq.

 

Parlaq şəxsiyyət, prinsipial və ardıcıl mövqeli siyasi xadim

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvlərinin təbrik məktubunda isə deyilir: “Yarandığı gündən etibarən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz möhkəm dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin rəhbərliyiniz sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cəmi beş il ərzində dünyada tanınmış institutlardan birinə çevrilib. Biz qəti əminik ki, Sizin rəhbərliyiniz və davamlı dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha da inkişaf edəcək və Azərbaycanın milli qürur mənbəyi kimi fəaliyyət göstərəcək”.
Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov isə məktubunda qeyd edir ki, cənab İlham Əliyev çoxmillətli Azərbaycanda və onun hüdudlarından kənarda böyük hörmət və nüfuz qazanıb: “Sizin vətəninizə sədaqətlə xidmət etməyiniz Azərbaycan Respublikasının möhkəmlənməsinə, onun beynəlxalq mövqeyinin güclənməsinə və ölkə əhalisinin rifahının yaxşılaşmasına şərait yaradır. Azərbaycanın qazandığı parlaq uğurlar bütün dünyaya göstərir ki, Siz görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini layiqincə davam etdirirsiniz”, - deyə məktubda vurğulanır.
Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin sədri Ruslan Edelgeriyevin məktubunda qeyd edilir ki, məhz cənab İlham Əliyevin səyləri sayəsində Azərbaycan bundan sonra da demokratik dövlətçilik təsisatlarının təkmilləşdirilməsi, davamlı iqtisadi və sosial inkişaf yolu ilə irəliləyəcək. Xalqın daimi dəstəyi və etimadı, respublika vətəndaşlarının həyatını daha da firavanlaşdırmaq istəyiniz bundan sonra da Sizin dövləti fəaliyyətinizdə uğurlara şərait yaradacaq.
“Siz ali dövləti vəzifənizdə özünüzü qeyri-ordinar, parlaq şəxsiyyət, prinsipial və ardıcıl mövqeli siyasi xadim və dövlətin lideri kimi göstərmisiniz. Sizin rəhbərliyinizlə Azərbaycanda sosial-iqtisadi inkişafda, başqa ölkələrlə ticari-iqtisadi əməkdaşlığın genişlənməsində sanballı uğurlar qazanılıb, daxili bazara xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradılıb”. Bu fikirlər isə Rusiyanın “LUKoyl” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərovun təbrik məktubunda yer alıb.
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsi sədrinin birinci müavini Dmitri Savelyevin məktubunda maraqlı fikirlər yer alıb: “Sizin parlaq siyasi istedadınız və müdrik diplomatik qabiliyyətiniz sayəsində bu gün Azərbaycan dünyanın siyasi arenasında nüfuzlu yer tutur. Siz ölkənizi qətiyyətlə yeni qələbələrə doğru aparırsınız. Azərbaycan xalqı Sizin müdrik rəhbərliyinizlə ölkənin gələcəyini qurmaq üçün ətrafınızda sıx birləşib”.
Dövlət başçısını təbrik edənlər sırasında Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev, Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Arxangelsk vilayətinin qubernatoru İqor Orlov, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina, Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyasının baş katibi Vladimir Şerbakov, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, SSRİ xalq artisti İosif Kobzon, eləcə də “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller də var. Bu şəxslərin Prezident İlham Əliyevə ünvanladıqları təbrik məktublarında vurğulanır ki, Azərbaycan Prezidenti artıq dünya birliyində böyük nüfuz sahibidir. Bu fikirlərə əsaslanaraq əminliklə söyləmək olar ki, beynəlxalq birlik Prezident İlham Əliyevin şəxsən özünə və siyasi fəaliyyətinə layiqli qiymət verir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”