Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

12 medal qazanan boksçularımız komanda hesabında birinci olublar

25 Dekabr 2017
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir başa çatıb.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Bakıda keçirilən yarışda yığmamızla yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları güclərini yoxlayıblar. Komandamız turnirdə 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb.

Millimizin heyətində Maqsud Xasmətov (49 kq), Əflatun Babayev (52 kq) və Amid Əlizadə (56 kq) bütün rəqiblərinə qalib gələrək çempion tituluna yiyələniblər. Yalnız finalda uduzan Məhəmməd Yusifovla (75 kq) Zaur Musayev (81 kq) ikinci yeri tutublar. Digər boksçularımızdan Nurlan Səfərov (60 kq), Səlim Səlimov (64 kq), Cavid Qurbanov (69 kq), Elmir Süleymanov, İbrahim Məhəmmədhəbib (hər ikisi - 81 kq), İsmayıl Yaqubov (91 kq) və Elgün Nəzərli (91 kq-dan yuxarı) bürünc medalla kifayətləniblər.

Bu nəticə Azərbaycanı komanda hesabında birinci edib. Yarışda ikinci yer Özbəkistana qismət olub. Asiyalılar Abbas Ağalarov turnirində 2 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələniblər. İlk üçlüyü isə Ukrayna yığması qapayıb. Ukraynalı boksçular 2 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar.

Qaliblərə diplom və kubok verilib.