Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ZƏFƏRİN BAYRAQDARI

24 Dekabr 2017
 

Tarix boyu tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malik olmuşdur.

Elə çətin, ağır sınaqlarla üzləşdiyi vaxtlarda xalqı öz ardınca apara bilən tarixi şəxsiyyətlər yetirmiş Azərbaycanın müstəqil dövlət kimi mövcud olması və bugünkü sürətli inkişafı da liderlik amili ilə birbaşa bağlıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyev öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edərək ölkəmizi böyük bir bəladan qurtardı.
Prezident İlham Əliyevin də dediyi kimi, ulu öndərin böyük çətinliklər hesabına Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvəni - Yeni Azərbaycan Partiyasını yaratması ölkə tarixinin ən mühüm hadisələrindən biri idi. Yarandığı gündən əsas məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olan partiyamız geridə qalan 25 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərmişdir. Məhz uğurlu fəaliyyətin nəticəsidir ki, hazırda 700 mindən çox üzvü olan YAP ölkədə keçirilmiş bütün seçkilərdə - prezident, parlament və bələdiyyə - inamlı qələbələr qazanaraq ulu öndərin, onun layiqli davamçısı Prezident İlham Əliyevin siyasi kursunun alternativsiz olduğunu sübut etmişdir.
Bu gün gənc dövlətin bünövrəsinin möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz müasir cəmiyyətdə əsl rəhbər obrazının ən mühüm xüsusiyyətlərini özündə birləşdirən dövlət başçısı İlham Əliyevin liderlik keyfiyyətlərinin, zəkasının, siyasi iradəsinin və uzaqgörənliyinin nəticəsidir.
Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev 2003-cü il prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına tarixi müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü, bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına inamını ifadə etmişdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ona bəslənilən ümidləri birmənalı şəkildə doğruldan Prezident İlham Əliyev yüksək intellekti, işgüzarlığı, mütərəqqi idarəçilik prinsipləri, müasir dövrün reallıqlarından irəli gələn siyasi mənzərəni qiymətləndirmək bacarığı ilə təkcə ölkəmizdə deyil, eyni zamanda, bütün dünyada mahir dövlət xadimi kimi böyük nüfuz qazanmışdır. Dövlət başçısının həyata keçirdiyi siyasi kursun əsas istiqamətlərinə diqqət yetirmək kifayətdir ki, onun hər addımda dövlətçiliyin inkişafına, milli maraqların müdafiəsinə, xalqın sosial rifahının yaxşılaşmasına, iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyi görünsün. Birmənalı şəkildə deyə bilərik ki, bu gün özünün liderlik keyfiyyəti ilə dünya azərbaycanlılarını ümumi ideya və məqsəd ətrafında birləşdirən cənab
İlham Əliyev dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq kimi mühüm prinsiplərin əsas təminatçısıdır. Onun yürütdüyü balanslı diplomatiya sayəsində ölkəmiz dünyanın güc mərkəzlərinin təkcə Cənubi Qafqaz regionunda deyil, həm də digər bölgələrdə toqquşan maraqlarını optimal şəkildə uzlaşdırmaqla beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən etibarlı strateji tərəfdaşa çevrilmişdir. Məhz cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Təsadüfi deyil ki, sahib olduğu təbii resurslardan düzgün istifadə etməklə respublikamız son illər yaşanan ümumdünya maliyyə böhranından nəinki ciddi zərərə məruz qalmayan azsaylı ölkələrdən biri kimi çıxdı, hətta maliyyə imkanlarını genişləndirərək bütün sosial layihələri davam etdirmək yolunu seçdi.
Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmlənməkdə, qüdrətlənməkdədir. Daim xalqın dəstəyini alan ölkə rəhbəri bütün xarici təhdidlərə, təzyiqlərə, siyasi şantajlara baxmayaraq, milli maraq və mənafeyimizi əzmlə qoruyur, daxili və xarici düşmənlərə mərkli planlarının həyata keçməsinə heç vaxt imkan verməyəcəyi mesajını qətiyyətlə verir: “Heç kim bizimlə diktə dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik”.
Əsl liderlik də məhz budur - daim xalqın yüksək sosial rifahını, ölkənin iqtisadi qüdrətini, müstəqilliyini düşünmək!

Mübariz QURBANLI,
YAP icra katibinin müavini, YAP İdarə heyətinin üzvü