Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

RİİB-in təşkilatçılığı ilə Qəbələdə onkoloji müayinələr keçirilib

24 Dekabr 2017
 

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB), Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin (MOM) birgə təşkilatçılığı ilə Qəbələ rayonunda ödənişsiz onkoloji müayinələr keçirilib. Profilaktik onkoloji müayinələri Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyevin başçılıq etdiyi 12 nəfərlik həkim briqadası aparıb. Müayinələr müasir tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə, həmçinin Qəbələ Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində 300-dən çox region sakini qalxanabənzər vəzi, boyun şişləri, ultrasəs, süd vəzilərinin mammoqrafiyası və digər müayinələrə cəlb olunub. Xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkar olunan xəstələr müvafiq profilli xəstəxanalara göndərilib, eləcə də yerində məsləhətlər verilib.

Layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərini erkən müayinədə aşkar edərək vaxtında dəqiq müayinə və müalicəsini aparmaqdır.

RİİB nümayəndələri və könüllüləri müayinələrə ehtiyacı olan şəxslərin layihədə iştirakını təşkil ediblər.

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyinə bölgələrdən səhiyyə ilə bağlı müxtəlif problemlərin, o cümlədən onkoloji xəstəliklərin müayinə və müalicəsinə kömək göstərilməsi ilə bağlı daxil olan müraciətlər üzrə bugünədək müxtəlif layihələr, o cümlədən ödənişsiz tibbi müayinələr həyata keçirilib.

* * *

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB), Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin (MOM) birgə təşkilatçılığı ilə dekabrın 23-də Qəbələ Heydər Əliyev Konqres Mərkəzində ətraf 15 rayonda onkologiya və ümumi terapiya sahəsində fəaliyyət göstərən 150-dən çox həkim üçün “Onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda Milli Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkim heyəti müxtəlif məruzələrlə çıxış ediblər.

Konfransda xərçəng xəstəliyinin cərrahi əməliyyatlarında tətbiq edilən yeni üsullar videogörüntülər vasitəsilə izah olunub, suallar cavablandırılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.