Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Pakistan əlaqələri inkişaf edir

23 Dekabr 2017
Dekabrın 23-də ölkəmizdə səfərdə olan Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidrinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclis sədrinin birinci müavini, parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovla görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Pakistanın dost və qardaş ölkələr olduğunu deyən Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində Pakistan Azərbaycana çox kömək edib. Ölkəmizdə İslam həmrəyliyinə və İslam dininə böyük önəm verilir. Təsadüfi deyil ki, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub.

Ziyafət Əsgərov diqqətə çatdırıb ki, münasibətlərimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi rol oynayıb, bir sıra vacib sənədlər imzalanıb. Ölkələrimiz beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edir və biz bu tərəfdaşlığın daha da güclənməsində maraqlıyıq. Milli Məclis sədrinin birinci müavini qonağın iki gün əvvəl Bakıda keçirilmiş “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında xalqımızın milli-mədəni irsini məhv etməsi barədə etdiyi çıxışı yüksək qiymətləndirib.

Ziyafət Əsgərov Pakistanın beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi daimi dəstəyə, həmçinin Xocalı soyqırımı ilə bağlı Pakistan Milli Assambleyasında qəbul olunmuş qətnamələrə görə təşəkkürünü bildirib.

Ölkəsinin Azərbaycanla sıx tarixi köklərlə bağlı olduğunu deyən Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidri “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransa dəvət olunduqlarına görə Azərbaycan hökumətinə təşəkkür edib. Qonaq belə bir önəmli konfransın Azərbaycanda təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

Pakistanda mövcud olan Kəşmir, Azərbaycanda isə Dağlıq Qarabağ münaqişələrinin oxşarlığından danışan qonaq bu münaqişələrin həllində Pakistan və Azərbaycanın həmişə bir-birinə dəstək verməsindən məmnunluğunu bildirib. Söhbət zamanı bu münaqişələrin həlli üçün əlaqələrimizin bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.