Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dəri üçün çay maskaları

23 Dekabr 2017
Çay gündəlik həyatda ən çox istifadə olunan içkilərdən biridir. O, soyuq günlərdə qəlbə hərarət, isti havalarda isə sərinlik gətirir. Əslində isə onun keyfiyyəti təkcə bununla məhdudlaşmır.

AZƏRTAC xəbər verir ki, çay təbii və effektli kosmetoloji vasitə hesab olunur, təmiz, qızartısız, sızanaqsız və ləkəsiz dəriyə sahib olmaqda müstəsna rola malikdir.

Əl-üzü yuyarkən sabun və su əvəzinə dondurulmuş yaşıl çayın buz parçalarından istifadə etmək olar. Dondurulmuş yaşıl çay dərini təravətli edir, yorğunluq izlərini aradan qaldırır, dərini tonusda saxlayır. Səhər və axşam yatmazdan əvvəl, yaxud günün istənilən vaxtında üzü təravətləndirmək üçün buz parçaları ilə silmək lazımdır. Makiyaj üçün istifadə edilən vasitəni zəif çay məhlulu ilə əvəz etmək olar. Sızanaqlar və üzdə olan digər iltihabi proseslər zamanı dərini karkade çayı ilə silmək çox faydalıdır. Çay maskaları üzdə yaranan iltihab, dəri məsamələri və damarların genişlənməsi zamanı günəşin təsirindən qoruyur. Bunun üçün tənzif çayda isladılır və 10-20 dəqiqə müddətində dərinin üzərinə qoyulur. Dəri quru olanda maskadan sonra qidalandırıcı krem çəkmək olar. Bir xörək qaşığı un tünd çay ilə qarışdırılaraq xama konsentrasiyasına çatdırılır və bir yumurta sarısı əlavə edilərək dərinin üzərinə çəkilir, 10-15 dəqiqə saxlanandan sonra isti su ilə yuyulur.

Günəş altında qaralmış dərinin rəngini saxlamaq üçün də çay maskasından istifadə etmək olar. Səhər və axşam əl-üzü yuyandan sonra çay məhlulu ilə üz silinir, gözaltı tuluqlarda və göz qapaqlarının şişkinliyində dəm çaynikinin dibində qalmış çay qalığı xama ilə qarışdırılaraq 5-10 dəqiqə müddətində göz qapaqlarının üstündə saxlanılır.