Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müstəqillik “gəmisi”nin mahir sükançısı

23 Dekabr 2017
 

Cənab İlham Əliyev xalqın etimad və etibarını uzun illərdir ləyaqətlə doğruldur.

Nəhəng gəmiləri təlatümlü dəryada ustalıqla idarə etmək, onu fırtınalardan və sualtı qayalardan qoruyaraq mənzil başına sağ-salamat çatdırmaq hamının bacardığı iş deyil!
Yalnız xüsusi istedadı, uzaqgörənliyi və fəhmi, hər bir vəziyyətdən uğurla çıxmaq qətiyyəti olanlar, idarəetmənin incəliyini bilərək “gəmi heyəti”nin rəğbət və məhəbbətini qazanmaqla onları səfərbər edənlər bu çətin vəzifənin öhdəsindən layiqincə gəlirlər.
İndi dünyamız tufanlı, fırtınalı, gözlənilməz sınaq və mürəkkəbliklərlə dolu dəryanı xatırladır.
Bu dərya həm də tez-tez qana boyanır, “ərəb baharları”nın “məhsulu” olan və nədənsə “miqrant” adlandırılan qaçqınları udaraq qoynunda əbədiyyətə qovuşdurur.
Xoşbəxtlikdən “Azərbaycan”adlı müstəqil “gəmimiz” bu dəryada sürətlə və təhlükəsiz üzür, istədiyi “limanlara” sərbəst girib-çıxaraq mənzil başına sağ-salamat çatır, dünyanın rəğbət və hörmətini qazanan “müasir gəmi” imicini qoruyub saxlayır.
Çünki bu yeni və möhkəm gəminin İlham Əliyev kimi uzaqgörən, bütün məqamları qabaqcadan nəzərə alaraq düşünülmüş manevrlər edən, sualtı qayaları və fırtınaları ram etməyi bacaran mahir sükançısı və kapitanı var!
Nə qədər ki, cənab İlham Əliyev sükan arxasındadır, Azərbaycan gəmisinə heç bir zaval yoxdur!
Azərbaycanın müstəqillik yaşı çox azdır - cəmi 26-dır! 26-ya niyə az deyirik! Əvvəla qeyd edək ki, bu 26 ildə görülən işlər o qədər geniş, əhatəli, çoxtərəfli və zəngindir ki, qısa müddətdə belə uğura nail olunması yalnız fərəh və qürur doğurur!
Həm də heyrət!
Axı, bu illərin hamısı quruculuğa həsr edilməyib!
Azərbaycan büdcəsi boş qalan, xaos və anarxiya bataqlığında boğulan, sabaha ümid və inamını itirən, iki dəfə dövlət çevrilişi cəhdi və sui-qəsd əməlləri ilə üzləşən, keçmişdəki kimi kiçik xanlıqlara bölünmək təhlükəsi qarşısında qalan ölkə idi!
Əgər xalqın arzu və tələbi ilə yenidən dövlət rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin tarixi xidmətləri olmasaydı, müstəqilliyini itirərək dünya xəritəsindən silinib gedəcəkdi!
Üstəlik, ötən müddətdə Azərbaycan təkcə iqtisadi uğurlar qazanmayıb, siyasi, mənəvi və digər sahələrdə də böyük nailiyyətlərə imza atıb.
Bu barədə bir qədər ətraflı.

İQTİSADİ SAHƏDƏ GÖRÜLƏN İŞLƏR

 

2003-cü ilin Prezident seçkilərində xalqın etimadını qazanan cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi hakimiyyət sükanı arxasına keçdi.
Bu, son dərəcə məsuliyyətli və çətin bir dövr idi!
Doğrudur, ulu öndər Heydər Əliyevin nəhəng fəaliyyəti sayəsində bir çox zəruri işlər görülmüşdü. Belə ki, müstəqil dövlətin yeni Konstitusiyası qəbul edilmiş, özəlləşdirmə proqramları icra olunaraq bazar iqtisadiyyatı münasibətlərinə keçid təmin edilmiş, Azərbaycan beynəlxalq qurum və təşkilatlara üzvlüyə qəbul olunmuş, müharibədə atəşkəs, ölkədə möhkəm və dönməz sabitlik yaradılmış, “Əsrin müqaviləsi” neft kontraktı imzalanaraq Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına başlanmışdır və s. Lakin başlanan işlərin uğurla sona çatdırılmasının, bütövlükdə ulu öndərdən sonra ölkəyə rəhbərlik edilməsinin məsuliyyət yükü də ağır idi. Digər tərəfdən, müasir dövrün tələb və çağırışlarına uyğun olaraq inkişafın yeni istiqamətlərini düzgün müəyyənləşdirmək, gözlənilən neft gəlirlərindən səmərəli istifadə hesabına qısa zamanda bütün sahələrdə yüksəlişə nail olmağın da özünəməxsus çətinlikləri vardı.
Ən əsası xalqın etimadını doğrultmaq idi!
Böyük inam və enerji ilə fəaliyyətə başlayan cənab İlham Əliyev ilk növbədə, inkişafın və görəcəyi işlərin prioritetlərini müəyyənləşdirdi.
Bu mürəkkəb vəzifələrin sadə şəkildə ifadəsi belə idi:

* Neft insanlara xoşbəxtlik də gətirə bilər, fəlakət də! Biz çalışacağıq ki, Azərbaycan xalqı xoşbəxt yaşasın;
* Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır;
* Bir nəfər də olsun qaçqın və ya məcburi köçkün çadır düşərgəsində yaşamamalıdır;
* Məmur xalqın xidmətçisidir;
* Neft kapitalı insan kapitalına çevrilməlidir;
* Azərbaycan dünyanın inkişaf etmiş ölkələri cərgəsinə qoşulmalıdır!

Ölkənin yüksəlişinin başlıca prinsiplərindən biri paytaxt Bakı ilə yanaşı regionların da tarazlı inkişafı sayılırdı.

* Bu, həmin dövr idi ki, Azərbaycanın bölgələrinə gündə 6-8 saat elektrik enerjisi verilirdi.
* Xaricdən təbii qaz alındığından qış aylarında mənzillərin qızdırılması problemə çevrilmişdi.
* Kənd və qəsəbələrdə nəinki suvarma, hətta içməli su belə çətinliklə tapılırdı.
* İnflyasiya ikirəqəmli, işsizlik isə az qala fəlakət həddinə çatmış, kəndlərin əksəriyyəti boşalmışdı.

Azərbaycanın müstəqilliyi ilə barışmaq istəməyən düşmən qüvvələr isə hələ də mənfur niyyətlərindən əl çəkmirdilər və “5-ci kolon”la birləşərək məqam gözləyirdilər. Onlar 2003-cü ilin prezident seçkilərindən dərhal sonra - 15-16 oktyabrda küçələrə çıxaraq yenidən ölkəni xaos və anarxiya bataqlığına çəkməyə can atdılar, kütləvi iğtişaşlar və zorakılıqlar törətdilər.
Bu həm də yenicə seçilən, lakin hələ rəhbərliyə başlamayan yeni Prezident üçün bir sınaq sayılırdı.
İlk sınaqdan cənab İlham Əliyev şərəflə çıxdı, dövlət və dövlətçiliyi bəd niyyətlərdən qorumağa qadir qətiyyətli və qorxmaz dövlət başçısı olduğunu sübuta yetirdi!
Hakimiyyətə başladığı ilk günlərdən isə bəyan etdiyi prinsiplərə sədaqətini göstərdi.
Müəllifi olduğu “Düşünülmüş, sürətli və davamlı inkişaf” konsepsiyasına uyğun olaraq İnkişafın Azərbaycan modelini yaratdı və zaman-zaman bu istiqamətdə cəsarətli islahatlara yer verdi. Regionların sosial-iqtisadi inkişafına dair 3 dövlət proqramı imzalayaraq edilən əlavələrlə birlikdə uğurla həyata keçirilməsinə nail oldu!
Gərgin, çoxcəhətli və genişmiqyaslı fəaliyyət nəticəsində qısa zaman kəsiyində Azərbaycan iqtisadiyyatı indiyədək görünməmiş səviyyəyə yüksəldi!
Belə ki, ölkənin enerji, nəqliyyat və qismən ərzaq təhlükəsizliyi təmin edildi:

* 25 elektrik stansiyası tikilərək Azərbaycan nəinki elektrik enerjisinə tələbatını ödədi, hətta xaricə enerji ixracına başladı;
* 11 min kilometrdən çox yeni yol çəkilərək müasir infrastruktur yaradıldı, çoxsaylı körpülər və yolaşırıcıları, tunellər tikildi;
* kənddə sahibkarlığın inkişafına, bu məqsədlə insanlara güzəştli kreditlər verilməsinə, yerlərdə anbarlar, soyuducu qurğular şəbəkəsinin, aqrolizinq xidmətinin təşkilinə xüsusi diqqət yetirildi, kənd təsərrüfatında çalışanlar on növ verginin doqquzundan azad edildi, subsidiyalar ödənilməsinə, fermerlərin məhsuldar toxum və cins qaramalla təminatına başlanıldı;
* Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarları yaradılaraq əkinlərin bol suvarma suyu ilə təminatı qaydaya salındı, minlərlə hektar yeni torpaqlar əkin dövriyyəsinə qaytarıldı;
* Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizi işə düşdü, Azərbaycan logistika mərkəzinə çevrildi;
* Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni terminal binası inşa olundu, bölgələrdə 4-ü beynəlxalq olmaqla 6 aeroport istismara verildi;
* Bakı Beynəlxalq Ticarət Limanı və gəmiqayırma zavodu tikildi;

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq Azərbaycanda 1,3 milyon yeni iş yeri açılmış, yoxsulluq və işsizlik 5 faizədək azaldılmış, bütövlükdə ölkəmiz Davos Ümumdünya İqtisadi Forumunun nəticələrinə əsasən, rəqabətədavamlılıq qabiliyyətinə görə 35-ci pilləyə yüksəlmişdir.

Son illər neftin qiymətinin siyasi amillər əsasında aşağı salınması dünyada maliyyə böhranı ilə nəticələnmişdir. Böhrandan yaranan çətinliklər ölkəmizdən də yan keçməmişdir. Lakin vaxtında atılan addımlar və irəlicədən görülən qabaqlama tədbirləri Azərbaycanı inkişafdan saxlaya bilməmişdir. Qeyri-neft sektoruna verilən böyük diqqət, kənd təsərrüfatında ənənəvi bitkiçilik növlərinin yenidən bərpası və inkişafı, ixracın artırılması öz müsbət təsirini göstərmişdir. Ən maraqlısı budur ki, böhran illərində belə Azərbaycanın valyuta ehtiyatı artmışdır! Yeni sənaye məhəllələrinin salınması və işə başlaması sayəsində isə nəinki idxaldan asılılıq azalmış, hətta ixracyönümlü məhsul istehsalı xeyli çoxalmışdır. Artıq “Made in Azerbaijan” markalı mallar sürətlə dünya ölkələrinin bazarlarına yol tapmaqdadır. Bu işdə də dövlət yenə sahibkarın yanındadır və daim ona öz dəstəyini göstərir.

 

SİYASİ SAHƏDƏ GÖRÜLƏN İŞLƏR

 

Siyasi islahatları iqtisadi cəhətdən təmin etmədən uğur qazanmaq mümkün deyil. Bu fikri dəfələrlə qeyd edən cənab İlham Əliyev Azərbaycanın siyasi nüfuzunun yüksəlməsini, beynəlxalq imicinin formalaşmasını daim diqqətində saxlayır, məqsədə çatmaq üçün ən müxtəlif forma və vasitələrdən məharətlə istifadə edir.
Prezident İlham Əliyevin yuxarıda xatırlatdığımız fikrində iqtisadiyyatla siyasətin sıx bağlılığı da öz əksini tapmışdır. Daxili və xarici siyasət daim bir-birini davam etdirir və tamamlayır. Azərbaycan xalqı hazırkı iqtidarın gördüyü işləri daim bəyənir və dəstəkləyir. Bunu beynəlxalq reytinq təşkilatlarının hər il ölkəmizdə bir neçə dəfə keçirdiyi sorğular da təsdiq edir. Hər belə sorğuların nəticəsində cənab İlham Əliyevin doxsan faizdən çox səs topladığı elan edilir. Ölkə daxilində xalqın rifahının yüksəlməsinə və müstəqil dövlətimizin daha da güclənməsinə və qüdrətlənməsinə hesablanan siyasət ölkə xaricində xalqın milli maraqlarının qorunmasına və Azərbaycanın dünyada söz sahibinə çevrilməsinə xidmət edir!
Ulu öndər Heydər Əliyevin məşhur bir deyimi var: “Bizim xarici siyasətimiz sanki nazik bir tükün üzəri ilə aparılır”.
Biz bu incəliyi və dəqiqliyi bu gün də görürük!
Müharibə şəraitində yaşayan, hər gün on dəfələrlə atəşkəs rejimi pozulan Azərbaycan sülh dövründə yaşayan onlarla dövlətdən daha təhlükəsiz və əmin-amandır!
Prezident İlham Əliyevin ənənə və varisliyə söykənən dövlət siyasətini qlobal çağırışlara uyğunlaşdıraraq daha da zənginləşdirməsi bu sahədəki uğurlarımızın başlıca səbəblərindəndir:
Əvvəla, Azərbaycan dünyaya sülh və əmin-amanlıq təşəbbüsləri, xoş və xeyirxah niyyətlərlə çıxır!
İkincisi, bütün dövlətlərlə bərabərhüquqlu, bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında əlaqələr qurur!
Üçüncüsü, iştirakçısı olduğu əməkdaşlıq formatlarının hamısında bütün tərəflərinin maraqlarının təmin edilməsinə çalışır!
Dördüncüsü, hər bir anlaşılmazlığın və fikir ayrılığının danışıqlar masası ətrafında həllinin tərəfdarıdır!
Ən nəhayət, bütün tərəfdaşlarından, beynəlxalq qurum və təşkilatlardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmalarını istəyir və gözləyir!
Beynəlxalq arenaya müstəqil şəkildə qədəm qoyduğu ilk günlərdən Azərbaycan bütün qurum və təşkilatlarda fəal iştirak edib, dəyərli təklifləri və atdığı addımlarla fərqlənib. Məhz cənab İlham Əliyevin rəhbərliyi altında görülən işlərin nəticəsidir ki, Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Bu gün ölkəmiz dünyanı düşündürən və narahat edən qlobal məsələlərin müzakirə olunduğu məclislərin daimi iştirakçısıdır. Dövlət başçısı cənab İlham Əliyev belə məclislərə dəvət olunaraq sinədəftər maraqlı çıxışlar edir, dəyərli fikirlər söyləyir, səmərəli təkliflər irəli sürür. Yüksək tribunalarda mütəmadi nitqlər edən cənab İlham Əliyev Azərbaycan haqqında əsl həqiqətləri söyləyir, yeni layihələr, əməkdaşlıq formatları barədə məlumat verir, ölkədə demokratiyanın inkişafından, mətbuat və söz azadlığından, insan hüquq və azadlıqlarının qorunması və genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin məhz Ermənistan tərəfinin qeyri-konstruktiv münasibəti nəticəsində ləngidiyini, beynəlxalq qurumların seyrçi mövqe tutduğunu və sanksiyaların tətbiq edilmədiyini dilə gətirir, ikili standartların mövcudluğunu qınayır.
Artıq Azərbaycanın özü də beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Neçə illərdir ki, sistemli şəkildə ölkəmizdə Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, Dünya dinləri liderlərinin görüşü keçirilir. Bu forumlarda dünyanın keçmiş və hazırkı prezidentləri, baş nazirləri, tanınmış liderləri və siyasətçiləri, Nobel mükafatı laureatları, müxtəlif sahələrin nüfuzlu xadimləri iştirak edir, dünyanı düşündürən problemlər, çağırışlar barədə fikir mübadiləsi aparılır, maraqlı və səmərəli təkliflər irəli sürülür.
Bəli, cənab İlham Əliyev Azərbaycanı həm də qlobal problemlərin müzakirə edildiyi və ağıllı mülahizələr söylənildiyi ünvana, dünyanın zəkalı və təcrübəli insanlarının həvəslə müzakirələrə qoşularaq mövqe bildirdikləri yeni məkana çevirmişdir!

 

MƏDƏNİYYƏTİN İNKİŞAFI VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİN QORUNMASI SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏR

 

Xalqı yaşadan, inkişaf etdirən və tanıtdıran yalnız onun iqtisadiyyatı və siyasəti deyil, həm də mədəniyyəti, milli-mənəvi dəyərləridir. Qədim mədəniyyətə və zəngin milli-mənəvi dəyərlərə sahib olan Azərbaycan xalqı müstəqillik dövründə onların qorunması və inkişafı sahəsində yeni imkanlar əldə etmişdir. Yaranan imkanlardan isə maksimum istifadə olunmuşdur.
Mədəniyyət sahəsində siyasətin başlıca istiqamətini ulu öndər Heydər Əliyev göstərmişdir: “Biz üzümüzü Qərbə tutsaq da, şərqli olduğumuzu heç zaman unutmamalıyıq”.
Bu sözlərdə böyük hikmət var.
Əvvəla, öz mədəniyyətimizi unutmamalı, onu daha da zənginləşdirməliyik. İkincisi, Avropadan nə götürdüyümüzün fərqində olmalı, milli-mənəvi dəyərlərimizə zidd hallardan uzaq durmalıyıq. Dahi rəhbərin digər tövsiyəsi isə öz mədəniyyətimizlə dünya mədəniyyətinə yeni töhfələr verməyimiz idi. Ulu öndərin göstərişlərinə bu gün də əməl olunur.
Mədəniyyət sahəsində dövlət siyasəti iki istiqamətdə davam edir: Xalqımızın zəngin maddi və mənəvi mədəniyyət nümunələrinin qorunub saxlanması və yeni şəraitdə daha da inkişaf etdirilməsi, eyni zamanda, dünya və Avropa mədəniyyətinin seçilmiş nümunələrinin öyrənilməsi və təbliği. Şübhəsizdir ki, heç bir xalq özünə qapanıb qalmaqla irəli gedə bilməz. Necə deyərlər, dünya gör-götür dünyasıdır. Ancaq gördüklərinin, yaxud sənə təqdim olunanların hamısını saf-çürük etmədən götürmək də olmaz! Bax, bu mənada Azərbaycanın müasir dövrdəki mədəniyyət siyasəti ən doğru siyasət sayıla bilər.
Yetmiş il kommunizm ideologiyasının təsiri altında yaşayan ölkəmizə keçmişdən ağır miraslar qalmışdı: Millətlərin silinməsi və vahid “sovet xalqı”nın yaradılması uğrunda mübarizə gedirdi. Beləliklə, insanlara milli mədəniyyətləri inkar edən, vahid dilə (rus dilinə) üstünlük verilən, hamını zorla ateizmə səsləyən, milli adət-ənənələri “sovet ənənəsi” ilə əvəz edən dünyagörüşü sırınırdı! Müstəqilliyin ilk illərində bu sahədə də hər şeyə yenidən başlamalı olduq. Ulu öndər Heydər Əliyevin başladığı işləri cənab
İlham Əliyev uğurla davam etdirərək yeni mərhələyə qaldırdı. Xalq soykökünə, milli kimliyinə, adət-ənənəsinə qaytarıldı. Azərbaycançılıq ideologiyası və millətin “azərbaycanlı” adı cəmiyyətdə öz yerini tutdu. Novruz bayramı bütün xalqlar tərəfindən, həm də dövlət səviyyəsində təntənə ilə qeyd olunmağa başladı. Azərbaycanda yaşayan bütün millətlərin və etnik qrupların milli mədəniyyətinin yaşamasına şərait yaradıldı, üstəlik, dövlət tərəfindən böyük dəstək verildi. Tolerantlığı adi yaşayış normasına çevirən Azərbaycan xalqı “Multikulturalizmin Azərbaycan modeli”ni yaradaraq onu dünya üçün nümunəyə çevirdi. Qürurverici haldır ki, dünyanın bir çox ölkələrində və universitetlərində “Multikulturalizmin Azərbaycan modeli” öyrənilir, tədris edilir. Dövlətin dəstəyi və Heydər Əliyev Fondunun səmərəli fəaliyyəti nəticəsində Novruz bayramı, Azərbaycanın aşıq sənəti, tar ifaçılığı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınaraq dünyada təbliğ olunmağa başlandı. Prezidentliyinin ilk illərində cənab İlham Əliyev dünya ədəbiyyatı nümunələrinin və Azərbaycan klassiklərinin seçilmiş əsərlərinin yenidən latın qrafikası ilə çap edilərək kitabxanalara pulsuz paylanması barədə sərəncam imzaladı. Beləliklə, Azərbaycan gənclərinin bu zəngin xəzinədən ayrı düşməsinə yol verilmədi. Köhnəlmiş, baxımsızlıq üzündən acınacaqlı duruma düşmüş teatr binaları, klublar, mədəniyyət evləri və kitabxanalar əsaslı təmir edilərək inventarla təmin olundu, təzələri tikildi. Yeni muzeylər şəbəkəsi, habelə indiyədək ölkəmizdə olmayan “açıq havada muzeylər” yaradıldı. Xalqımızın görkəmli şəxsiyyətlərinə və tanınmış simalarına - Qara Qarayevə, Fikrət Əmirova, Niyaziyə, Dədə Qorquda, Koroğluya və başqalarına abidələr ucaldıldı.
Prezident İlham Əliyev insanların dini inanclarına daim hörmət və diqqətlə yanaşır. Son zamanlar ölkəmizdə xeyli sayda yeni məscidlər, kilsələr, sinaqoqlar və digər dini məbədlər tikilmiş, əsaslı təmir edilmiş, ölkə vətəndaşlarının maneəsiz ibadət etmələrinə şərait yaradılmışdır. Müxtəlif dinlərə etiqad edən insanlar dini bayramlarını birlikdə qeyd edir, hər il dövlət rəhbərinin və Azərbaycanda fəaliyyət göstərən dini konfessiya başçılarının iştirakı ilə iftar süfrəsi açılır. Bu, birliyin, mehribanlığın, bütövlükdə isə dövlətin düzgün siyasətinin nəticəsidir ki, indiyədək ölkəmizdə milli və dini zəmində heç bir qarşıdurma baş verməmişdir. Ən əsası, müharibə şəraitində yaşayan, hər gün cəbhə bölgəsində yüz dəfədən çox atəşkəs pozulan Azərbaycandakı sabitliyə və əmin-amanlığa bir çox dövlətlər həsəd aparırlar!
Daha bir diqqətçəkən məqam: illər öncə “Evrovision” mahnı müsabiqəsində qalib gələn ölkəmiz paytaxt Bakıda onun yarışmalarından birini, həm də yüksək və yaddaqalan səviyyədə keçirdi. Son dövrdə ölkəmizə turist axını xeyli güclənmişdir. Gələn turistlər KİV-lərə verdikləri müsahibələrdə Bakının, xüsusən Dənizkənarı bulvarın gözəlliyinə, xalqımızın qonaqpərvərliyinə, mehribanlığına, adət-ənənələrimizə, habelə mətbəximizə heyran qaldıqlarını gizlətmirlər. Müstəqillik dövründə görülən işlər sayəsində mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz yeni dəyər gətirən vasitəyə çevrilmişdir.

 

İDMAN SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏR

 

Sentyabrın 17-də “Əsrin müqaviləsi”nin başa çatmasına hələ iki il qalmış onun müddəti daha 32 il uzadıldı. Bu, Azərbaycanın təkcə iqtisadi uğuru deyil, həm də dünyada etibarlı tərəfdaş və biznesə açıq ölkə imicinin mühüm qələbəsi sayılır. Xatırladırıq ki, ötən əsrin doxsanıncı illərinin əvvəllərində “Əsrin müqaviləsi” adlanacaq ilk neft kontraktının bağlanılmasıyla əlaqədar aparılan danışıqlar rahat getmirdi. Hətta hərdən dalana da dirənirdi. Danışıqlar prosesində yaxından iştirak edən cənab İlham Əliyevin diplomatik məharəti böyük fayda gətirdi və Azərbaycan xalqının maraqlarının tam təmin edildiyi ilk neft müqaviləsi imzalandı.
Bu, İlham Əliyev üçün də ilk böyük sınaq idi!
İkinci dəfə cənab İlham Əliyev özünü idman sahəsində sınadı.
İyirmi il bundan əvvəl onun Azərbaycan Milli Olimpiya Komitəsinə prezident seçilməsi, əslində, ölkəmizdə idman sahəsində inqilabi dəyişikliklərin başlanğıcı oldu.
Çıxışlarında özünün də etiraf etdiyi kimi, dövlət başçısı idmanı bir neçə aspektdən qiymətləndirir.
Əvvəla, idman sağlamlıq, gənc nəslin güclü və mətin tərbiyə məktəbi sayılır.
İkincisi, idmanla məşğul olan yeniyetmələrdə və gənclərdə nizam-intizam, komanda qarşısında məsuliyyət hissi tərbiyə edilir.
Üçüncü, idmanla məşğul olanlar pis vərdişlərdən uzaqlaşırlar.
Dördüncü, idman həm də insanlarda vətənpərvərlik hissinin formalaşmasına yaxından kömək göstərir.
Ən nəhayət, idmançı dövlətinin bayrağını təkcə öz ölkəsində deyil, dünyanın hər yerində qaldıran, himnini səsləndirəndir!
Milli Olimpiya Komitəsinin prezidenti kimi cənab İlham Əliyev hər şeyə, demək olar ki, yenidən başlamalı oldu. Mövcud idman qurğuları dağılaraq sıradan çıxmış, bir qismi avadanlıqsız və baxımsız qalmış, bir qismi təyinatı üzrə istifadə edilmirdi. Respublika stadionu, velotrek isə “tolkuçka”ya - bazara çevrilmişdi. Vəsaitin yoxluğu üzündən ölkə daxilində yarışlar keçirilmir, komandalar beynəlxalq yarışlara gedə bilmirdilər. Bir sıra idmançılar və məşqçilər başqa ölkələrə köçərək özgə bayrağı altında yarışır, işləyirdilər. Ciddi dönüşə nail olmaqdan ötrü qısa müddətdə çox iş görülməli idi.
Cənab İlham Əliyev bunu bacardı!
İdmançılar və məşqçilər geri çağrılaraq onlara zəruri şərait yaradıldı, idman qurğuları qaydaya salındı, öz təyinatına qaytarıldı. Ən əsası, gənclərdə idmana həvəs oyadıldı, yeni idmançılar nəslinin yetişdirilməsi üçün planauyğun və hədəfli tədbirlər görüldü.
İlk nəticələr alındıqca idmana münasibət də sürətlə dəyişməyə başladı. Avropa və dünya birinciliklərində, beynəlxalq yarışlarda iştirak edənlərin sayı, qazanılan medalların miqdarı artmağa başladı. Bu gün Azərbaycan idmançısı nəinki bütün ranqlı yarışlarda iştirak edir, Azərbaycan özü ən möhtəşəm yarışların keçirildiyi məkandır. Cənab İlham Əliyevin rəhbərliyi ilə əlliyədək olimpiya idman kompleksi tikilmiş, təkcə ölkə paytaxtında deyil, bölgələrdə də idmanın inkişafına münbit şərait yaradılmışdır.
Cənab İlham Əliyevin uzaqgörənliyi və böyük zəhməti sayəsində artıq Azərbaycan dünyanın tanınan və sayılan idman dövlətlərindən birinə çevrilmişdir.
Müstəqilliyin ilk illərində Olimpiya Oyunlarında iştirak edə bilməyən idmançılarımız sonuncu , Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq ümumi medal sayına görə dünya üzrə 14-cü yeri tutmuşlar. Bu gün dünyanın digər ölkələrindən olan idmançılar Azərbaycan bayrağı altında yarışlara çıxmağı özlərinə şərəf sayırlar.
Dünya idman tarixində ilk dəfə olaraq Azərbaycan I Avropa Oyunlarının təşkilatçısı qismində çıxış etdi. Yarışlar elə yüksək standartlar səviyyəsində hazırlandı, açılış və bağlanış mərasimləri o qədər möhtəşəm oldu ki, indi də iştirakçıların xatirələrində yaşamaqdadır. 21qızıl, 15 gümüş, 20 bürünc - bütövlükdə 56 medal qazanaraq Avropada ikinci yerə çıxmaq isə Azərbaycanın idman qüdrətindən xəbər verir.
IV İslam Həmrəyliyi Oyunları da ölkəmizin reallaşdırdığı beynəlxalq idman tədbirlərindən oldu. Azərbaycan təcrübəli dövlət kimi bu yarışmaya da yüksək səviyyədə hazırlaşaraq uğurla başa vurdu. Həm də 75-i qızıl olmaqla 162 medal əldə edərək birinci yeri tutdu.
Şübhəsiz, yarışların yüksək səviyyədə keçirilməsində ölkəmizdə mövcud olan idman qurğularının xüsusi yeri vardır. Prezident İlham Əliyev beynəlxalq standartlara cavab verən müasir tipli qurğuların tikilməsinə, habelə mövcud olanların əsaslı təmir edilərək yenilənməsinə xüsusi diqqət yetirir. Cənab İlham Əliyevin rəhbərliyi ilə qısa dövrdə yaradılan idman qurğuları - Bakı Olimpiya Stadionu, Bakı Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Avropa Oyunları Parkı, Velopark, “Kristal Holl”, Heydər Əliyev adına İdman Konsert Kompleksi və regionlardakı olimpiya idman kompleksləri hələ uzun illər ərzində xalqımıza xidmət edərək neçə idmançılar nəslinin yetişməsinə, ölkəmizin idman qüdrətinin möhkəmlənməsinə və şöhrətlənməsinə xidmət göstərəcəkdir.
Seçkilərdən sonra da Milli Olimpiya Komitəsindəki fəaliyyətini dayandırmayan cənab İlham Əliyev Azərbaycan idmanında yeni mərhələnin banisidir. O, idmanı dövlət siyasəti səviyyəsinə qaldırmış, ölkəmizin dünyaya təqdiminin və təbliğinin yeni, təsirli və mükəmməl üsulunu yaratmışdır.
Hər il “Formula-1” yarışlarını izləyən 500 milyondan çox tamaşaçı həm də Bakının, Azərbaycanın görməli yerlərini görür, maraqlı informasiyalar alır. Ölkəmizə gələn idmançılar və azarkeşlər gördüklərinə valeh olaraq bir daha Azərbaycana dönəcəklərini söyləyirlər.
Dövlət qayğısı ilə əhatə olunan idmançılarımız xüsusi hörmət sahibidirlər. Hər qələbədən sonra onlara böyük məbləğdə pul mükafatı verilir, mənzili olmayanlar mənzillə təmin edilir, təntənəli mərasimlərin əziz iştirakçısına çevrilirlər. İdmançılar isə davranışları, vətənpərvərlikləri ilə gənclərə nümunə göstərir, ardıcıllarının sayının artmasına çalışırlar. Artıq Azərbaycanda idman sağlamlıq mənbəyi, gündəlik həyat tərzi, vətənpərvərlik tərbiyəsi məktəbi, Azərbaycana xidmətin yeni növü sayılır. Bütün bunlardan isə həm insanlarımız, həm də cəmiyyətimiz faydalanır.

 

BU GÜNƏ, GƏLƏCƏYƏ, BƏŞƏRİYYƏTƏ XİDMƏT EDƏN TRANSMİLLİ LAYİHƏLƏR

 

İlham Əliyev təkcə müstəqil Azərbaycanın yeni tarixini yazmır, həm də tarixdə qalacaq möhtəşəm qurğular yaradır, işlər görür! Bu işlərin bir qismi ölkənin daxili inkişafına xidmət edir, bir hissəsi isə həm də digər dövlətlərə, regiona fayda gətirir.
Dünyadakı on bir iqlimdən doqquzu Azərbaycanda mövcuddur. Kənd təsərrüfatında da böyük nəticələr qazanıla bilər. Dövlət başçısı qarşıya qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm vəzifələr qoymuşdur. Xalqın mənafeyinə xidmət edən həmin vəzifələrin uğurlu icrası sahibkarlığın inkişafına, kənd əməkçilərinin rifahının yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, ölkəyə əlavə valyuta gətirilməsinə imkan verəcəkdir. Kənd təsərrüfatının yüksəlişinin əsas şərtlərindən biri isə kifayət qədər suvarma suyunun olması və əkinlərin ehtiyacının ödənilməsidir. Cənab İlham Əliyev illər öncə bu cəhəti nəzərə alaraq Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının tikilib istismara verilməsini təmin etmişdir. Qısa müddətdə on min hektarlarla əkin sahələrini bol suvarma suyu ilə təmin edəcək qurğular da yaradılmışdır. Elə buradaca qeyd edək ki, SSRİ kimi super dövlət Şəmkirçay su anbarının inşasını başa çatdırmaq üçün vəsait tapa bilməmişdi...
Adətən, su anbarları və hidrotexniki qurğular çox uzun müddətə işləyir, təmir və qulluq edilməklə funksiyasını yerinə yetirir. Bu mənada İlham Əliyev həm də Azərbaycana əsrlər boyu xidmət göstərəcək layihələri reallaşdırmışdır.
Yaxud elektrik stansiyalarını götürək. Modul tipli 23 elektrik stansiyasının tikilərək işə salınması nəinki ölkə əhalisinin fasiləsiz elektrik enerjisi ilə təminatına şərait yaratmışdır, üstəlik, Azərbaycanı elektrik enerjisi idxalçısından ixracatçısına çevirmişdir. Alternativ enerji mənbələrinin yaradılması sahəsində də sistemli qaydada tədbirlər görülür.
SSRİ-nin mövcudluğu dövründə ən böyük arzularımızdan biri azərbaycanlı kosmonavtın kosmosa uçması idi. Heç vaxt ağlımıza belə gətirməzdik ki, haçansa Azərbaycanın özünün fəzada peyki olacaqdır. Cənab İlham Əliyev xalqımızın bu “qədim” arzusunu da gerçəkləşdirdi. İndi Azərbaycan dünya kosmik ailəsinin əlli üzvündən birinə çevrilib. Kosmosdan toplanan məlumatlardan dövlət maraqları naminə istifadə edilir, eyni zamanda, bu sahədən də müəyyən vəsait qazanılır.
Neft və təbii qaz Tanrının Azərbaycan xalqına bəxş etdiyi zəngin sərvətdir. Uzun dövr ərzində Azərbaycan xalqı bu sərvətdən bəhrələnə bilməyib. Dövlət müstəqilliyi yarandıqdan, ulu öndər Heydər Əliyev müstəqilliyimizi qoruyaraq əbədiliyə çevirdikdən və yeni neft strategiyasını işləyib hazırlayaraq onu reallaşdırdıqdan sonra milli sərvətlərimizin bəhrəsini görməyə başladıq. “Əsrin müqaviləsi” ilk nəhəng neft kontraktı idi və Azərbaycan onu müstəqil şəkildə, milli maraqlarını təmin etməklə bağlamışdı. Layihə gerçəkləşdirilərkən daha bir mühüm yeniliyə imza atıldı: neftimiz dünya bazarına qeyri-ənənəvi marşrutlarla çıxarıldı. Əvvəlcə, Bakı-Supsa, sonra isə Bakı-Tbilisi-Ceyhan ixrac boru neft kəmərləri istifadəyə verildi. Bu layihələr Azərbaycana çox böyük iqtisadi və siyasi dividendlər gətirdi, digər dövlətlərlə əməkdaşlığı genişləndirdi və möhkəmləndirdi.
“Əsrin müqaviləsi”nin ayağı düşərli oldu. Bundan sonra Bakı-Tbilisi-Ərzurum ixrac qaz kəməri layihəsi gerçəkləşdirildi. Beləliklə, Azərbaycan Avropaya həm də təbii qaz ixracına başladı. Artıq bizim 7 kəmərimiz var. Onların
3-ü ilə neft nəql olunur. Kəmərlərin ikisi Qara dəniz, biri isə Aralıq dənizinə çıxır. Daha bir qaz kəmərinin - “Cənub qaz dəhlizi” layihəsinin icrası isə sürətlə davam edir. İtaliyaya qədər uzanacaq yeni kəmərin çəkilişində 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Azərbaycanın mövcud qaz ehtiyatları 2,6 trilyon kubmetrdən çoxdur. Deməli, kəmər yüz ildən də artıq işləyəcək və iştirakçı dövlətlərə fayda gətirəcəkdir.
Azərbaycan dünyada ən dəqiq, təmiz və etibarlı ticarət tərəfdaşlarından sayılır. “Əsrin müqaviləsi” 2024-cü ildə başa çatacaqdı. Proqnoza görə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda ən azı, 500 milyon ton neft vardı. Məlum oldu ki, ehtiyat ilkin proqnozlardan qat-qat çox imiş. Tərəflər yenidən birgə işləmək arzularını ifadə edərək “Əsrin müqaviləsi”ni təzələməklə ömrünü 2050-ci ilədək uzatdılar. Bu günlərdə Azərbaycanda iki milyardıncı neftin hasilatı ilə bağlı təntənəli tədbir keçirildi. Bu fakt Azərbaycanın güclü dövlət olmasını təsdiqləməklə yanaşı, yeni neft strategiyasının da uğurla reallaşdığını əsaslandırdı.
Ölkəmiz həm də çox əlverişli geosiyasi mövqedə yerləşir. Böyük İpək yolunun əsrlər öncə Azərbaycandan keçməsi bunun təsdiqidir. Ölkədaxili yolları yeniləyərək müasirləşdirən, hərəkətin sürətini və təhlükəsizliyini təmin edən cənab İlham Əliyev artıq Azərbaycanı Şərq-Qərb və Şimal-Cənub ticarət yollarının kəsişdiyi məkana, loqistika mərkəzinə çevirmək layihəsini sürətlə davam etdirir.
Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması Azərbaycanın, şəxsən İlham Əliyevin böyük nailiyyəti oldu. Prezidentimizin sayəsində qitələrarası ən səmərəli nəqliyyat-logistik tranzitə çevrilən BTQ həm də Londondan Pekinə uzanan ən qısa dəmir yolu xəttidir.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi də mühüm hadisələr sırasındadır. Artıq Azərbaycan ən müasir gəmiqayırma zavoduna malikdir və burada ən müasir və müxtəlif növlü gəmilər hazırlanır. Xəzər dənizində ən böyük ticarət donanmalarından birinə sahibik - mavi sularda 300-ə yaxın gəmimiz üzür. Bütün bunlar qeyri-neft sektorunun inkişafı deməkdir. “Made in Azebaijan” brendi dünyada tanınmaqdadır.
Bütün bunlar cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin, məqsədə ən tez və səmərəli üsul və vasitələrlə çatmaq məharətinin bəhrəsidir.

 

APREL MÜHARİBƏSİNİN QƏHRƏMANI

 

Danılmaz faktdır ki, əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olmasaydı, yaxud BMT-nin dörd məlum qətnaməsi əsasında problem vaxtında həll edilsəydi, indi Azərbaycan əlçatmaz yüksəklikdə olardı!
Bəli, Azərbaycanın 20 faiz ərazisi - ən məhsuldar torpaqları işğal altındadır və həmin ərazidən heç bir gəlir götürülmür!
Bir milyondan çox qaçqın və məcburi köçkünə dövlət hər il müxtəlif formada böyük miqdarda vəsait xərcləyir.
Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün sistemli şəkildə qaçqın şəhərcikləri və yaşayış kompleksləri tikilərək onlara təmir olunmuş yeni mənzillər və evlər verilir.
Hər il ölkəmizdə ordu quruculuğuna Ermənistanın dövlət büdcəsindən çox vəsait ayrılaraq xərclənir və s.
Əgər bu vəsaitlər dövlətin və xalqın digər ehtiyaclarının ödənilməsinə xərclənsəydi, görün indi inkişafın hansı mərhələsində idik!
Prezidentimizin və xalqımızın mövqeyi qəti və aydındır:
Bir qarış torpaq belə, düşmənə verilməyəcəkdir!
Azərbaycan öz torpaqlarını hansı vasitə ilə olursa-olsun azad edəcəkdir!
Bunu dördgünlük aprel müharibəsi də göstərdi!
Qarabağ uğrunda müharibənin birinci mərhələsi başa çatıb. Biz birinci mərhələni uduzmuşuq, amma məğlub deyilik!
Atəşkəs dövründən Azərbaycan çox məharətlə istifadə etdi!
Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxcəhətli və məqsədyönlü fəaliyyətləri sayəsində Azərbaycan ətrafındakı informasiya blokadası dağıdıldı, əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı, ölkəmiz dünyaya inteqrasiya etdi, beynəlxalq qurum və təşkilatlarda işi gücləndirdi. Azərbaycanın siyasi nüfuzu artdı, iqtisadi qüdrəti yüksəldi, güclü və modern ordusu yaradıldı.
Rusiyanın köhnəlmiş silahlarına möhtac qalan Ermənistan isə blokada şəraitində miskin və asılı vəziyyətə düşdü, əhalisi yoxsullaşıb ölkəni tərk etdi, xalqla iqtidarı təmsil edən Qarabağ klanı arasında ciddi narazılıq və qarşıdurma yarandı, ziddiyyətlər ilbəil daha da dərinləşdi.
ATƏT-in Minsk qrupunun vasitəçiliyi və sülh danışıqları yolu ilə torpaqları azad etmək istəməyən düşmən ölkə daim destruktiv mövqe nümayiş etdirir, torpaqları müəyyən “şərtlər” daxilində geri qaytaracağını söyləyirdi! Hətta “alınmaz səngərlər” və “keçilməz sədlər” yaratdıqlarını, hərbi əməliyyatların başlayacağı təqdirdə yeni torpaqlar işğal edəcəkləri ilə hədələyirdilər. Odur ki, hər dəfə təxribatlar törədərək danışıqlar prosesini pozurdular.
2016-cı ilin aprel ayının ilk günlərində də belə bir təxribata əl atdılar. Niyyətləri uzaqgedən idi.
Ali Baş Komandan düşmənə əks-zərbə endirilməsi barədə əmr verdi!
“Alınmaz səngərlər” və “keçilməz sədlər” yarım saat ərzində Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Düşmən əsgərləri silah-sursatlarını ataraq qaçmağa başladılar!
Milli Ordumuzun qəhrəman əsgər və zabitləri qeyri-adi rəşadət göstərərək qısa müddətdə strateji nöqtələri ələ keçirməklə xeyli torpağı geri qaytardılar, öz nəzarətləri altına aldılar. Ordumuz gücünü-qüdrətini, əsgər və zabitlərimiz isə igidlik və qəhrəmanlıqlarını nümayiş etdirdilər.
Aprel müharibəsinin ən böyük qəhrəmanı isə Ali Baş Komandan cənab İlham Əliyev oldu! Məhz onun uzun illər ərzində müasir texnologiya və yeni silahlar hesabına formalaşdırdığı, qəhrəmanlıq ruhunda tərbiyə etdiyi əsgər və zabitlər qarşıya qoyulan vəzifənin öhdəsindən şərəflə gəldilər!
Beləliklə, müharibənin gedişində keyfiyyət dəyişikliyi baş verdi!
Son 23 ildə ilk dəfə olaraq düşməndən min hektarlarla ərazi geri alındı!
İlk dəfə olaraq geri qaytarılan kənd - Cocuq Mərcanlı az vaxtda yenidən tikilib qurularaq keçmiş sakinlərinin ixtiyarına verildi!
Bütün dünya Azərbaycan dövlətinin gücünü və qüdrətini gördü!
Bütün dünya Azərbaycan Prezidentinin qətiyyət və cəsarətinin şahidi oldu!
Düşmən və onun havadarları münaqişənin hərb yolu ilə həllinin aqibətini hiss etdi!
Aprel zəfərinin sevincini bizə cənab İlham Əliyev yaşatdı!
Müstəqil dövlətimizin başçısı, xalqın sınanmış və sevimli rəhbəri cənab
İlham Əliyev!

 

Bəxtiyar SADIQOV