Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan sivilizasiyalararası, dinlərarası əməkdaşlığın uğurla gerçəkləşdiyi məkandır

22 Dekabr 2017
Prezident İLHAM ƏLİYEV ölkədə dinlərarası münasibətlərin

yüksək səviyyədə tənzimlənməsini, müsəlmanlar arasında mövcud olan birliyi və

qarşılıqlı anlaşmanı Azərbaycanı gücləndirən əsas amillərdən biri kimi səciyyələndirdi

  

* Azərbaycan islam həmrəyliyi işinə böyük töhfələr verir. Bu məsələ bizim üçün prioritet məsələlərdən biridir. Azərbaycan qədim tarixə malik olan bir ölkədir. Azərbaycan xalqı əsrlər boyu öz milli-mənəvi dəyərlərini yaşatmış, qorumuşdur. İslam dəyərləri isə milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir.

 

*  Xalqımız qədim tarixə malikdir. Bizim dini memarlıq abidələrimiz bunun əyani sübutudur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim müsəlman diyarıdır. Bizim digər tarixi dini abidələrimiz də milli sərvətimizdir.

 

*  Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür, ölkəmizdə bir çox konfranslar, tədbirlər keçirilmişdir. Azərbaycanın təşəbbüsü ilə İƏT-in Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası yaradılmışdır. Eyni zamanda, Azərbaycan ISESCO-nun fəal üzvüdür. ISESCO islam aləminin təhsil, elm, mədəniyyət təşkilatıdır və bu təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Bir neçə il bundan əvvəl ISESCO tərəfindən Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir və bir il ərzində ölkəmizdə, Bakıda bir çox tədbirlər keçirilmişdir. Qeyd etməliyəm ki, gələn il isə bizim digər qədim şəhərimiz - Naxçıvan İslam mədəniyyəti paytaxtı adına layiq görülübdür.

 

* Ölkə daxilində islam həmrəyliyi tam təmin olunubdur. Biz çalışırıq və çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir, önəmli addımları atır. Bizim beynəlxalq təşkilatlar çərçivəsində və dünya gündəliyində duran məsələlərin həlli işində onlara münasibətimiz bir daha göstərir ki, islam həmrəyliyi bizim üçün sadəcə olaraq, bir şüar deyil, bizim üçün bu, əsas istiqamətlərdən biridir.

 

* Azərbaycanda bütün dinlərin nümayəndələri eyni, bərabər hüquqlara malikdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur, olmayıb və ola da bilməz. Bu, bizim böyük sərvətimizdir.

 

* Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan bir körpü rolunu oynayır. Azərbaycan o ölkələrdəndir ki, burada dini, milli zəmində heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə məhz Azərbaycanın dinlərarası dialoq işində fəal olması təbiidir.

 

* Bölgədə və dünyada Azərbaycan təcrübəsi öyrənilir. Azərbaycan keçən ili “Multikulturalizm ili” elan etmişdi. Multikulturalizm bizim dövlət siyasətimizdir, eyni zamanda, həyat tərzimizdir. Azərbaycanda yaşayan bütün dinlərin, millətlərin nümayəndələri bunu təsdiq edə bilərlər. Multikulturalizmin alternativi yoxdur. Alternativ dünyanı, ölkələri sarsıdan çox təhlükəli meyillər - islamofobiya, ksenofobiya, antisemitizmdir. Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır.

 

* Azərbaycan xalqı öz milli-mənəvi köklərinə çox bağlıdır. Müstəqil Azərbaycan dövlətinin təməli məhz bu milli dəyərlərdir. Bizim milli dəyərlərimiz isə ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Həm coğrafi yerləşməyimiz, bizim tariximiz, sivilizasiyaların Azərbaycan ərazisindəki keçmişi və rolu, əlbəttə ki, Azərbaycanı bax dinlərarası, mədəniyyətlərarası dialoqun aparılmasında əvəzolunmaz ölkəyə çevrilir.

 

* Bizim uğurlu inkişafımız göstərir ki, dinlərarası, millətlərarası münasibətlər lazımi səviyyədə olanda inkişaf da, sabitlik də olur və bütün Azərbaycan vətəndaşları gələcəyə də nikbinliklə baxırlar.

 

* Həm Avropa, həm İslam Oyunlarının iki il ərzində bir şəhərdə, bir ölkədə keçirilməsi həm Avropa, həm islam aləminin bizə olan münasibətini göstərir, həmçinin onu göstərir ki, Azərbaycan sivilizasiyalar, dinlər və qitələr arasında nadir rol oynayır.