Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Özbəkistan Prezidentinin dövlət müşaviri: “Xalqın tolerantlığı və sülhün qorunub saxlanmasına ölkələrimizin bir çox eyni yanaşması var”

22 Dekabr 2017
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Özbəkistan Respublikası Prezidentinin dövlət müşaviri Rüstəm Kamilovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Bakıda keçirilən “2017-İslam həmrəyliyi ili: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda Özbəkistanın yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunduğuna görə minnətdarlığını ifadə etdi. Dövlət başçısı “İslam həmrəyliyi ili” çərçivəsində qardaş ölkədə də konfransın keçirilməsinin əhəmiyyətini vurğuladı.

Dövlət müşaviri Rüstəm Kamilov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlət başçısına çatdırdı. Rüstəm Kamilov bildirdi ki, xalqın tolerantlığı və sülhün qorunub saxlanmasına ölkələrimizin bir çox eyni yanaşması var. Tolerantlığın əhəmiyyətindən danışan qonaq insanların birgə yaşayaraq, ölkənin inkişafı üçün çalışmalarının önəmini vurğuladı. Rüstəm Kamilov islam ənənələrinin dirçəlişinin, islam irsinin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin Özbəkistanda prioritet istiqamətlərdən biri olduğunu bildirdi.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.