Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanı ilə görüşüb

21 Dekabr 2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaş ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Əli Ərbaşı Türkiyə Diyanət İşləri Başqanı təyin olunması münasibətilə təbrik etdi və Türkiyənin konfransda yüksək səviyyədə təmsil olunmasının önəmini vurğuladı.

Dövlətimizin başçısı bu yaxınlarda İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım ilə görüşlərini məmnunluqla xatırladı. Bu il Türkiyəyə üç dəfə səfər etdiyini vurğulayan Prezident İlham Əliyev bunu dostluq və qardaşlıq münasibətlərimizin göstəricisi kimi dəyərləndirdi.

Əli Ərbaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Bakıya səfəri zamanı ölkəmizin sürətli inkişafının şahidi olduğunu məmnunluqla qeyd etdi.

Söhbət zamanı Bakıda keçirilən “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyəti qeyd olundu, bu tədbirin ölkələrimiz, xalqlarımız və dinlər arasında yaxınlaşmaya kömək etdiyi vurğulandı.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Binəli Yıldırımın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.