Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rektor: Tələbələrin qarşısında duran əsas vəzifələrin universitet rəhbərliyi ilə birgə müzakirəsi vacibdir

20 Dekabr 2017
Tələbələrin qarşısında duran əsas vəzifələrin universitet rəhbərliyi ilə birgə müzakirəsi vacibdir.

AZƏRTAC xəbər verir ki, bunu dekabrın 20-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva bu ali təhsil ocağının üçüncü kurs tələbələri ilə görüşündə deyib.

Nurlana Əliyeva belə görüşlərin yeni cəmiyyət quruculuğu, güclü dövlət modeli, yüksək təhsil sistemi və s. kimi vacib məsələlərin təhlil edilməsi, gənclərlə səmimi dialoqun aparılması baxımından əhəmiyyətini vurğulayıb. Təcrübəli nəsillə gənc nəslin dialoqunun zəruriliyini vurğulayan rektor diqqətə çatdırıb ki, müəyyən qrup gənclər dünya həqiqətlərini, həyat reallıqlarını dərk etmirlər. Onlar vaxtaşırı kənar təsir altına düşür, vətəndaşlıq borcunu, milli duyğularını itirirlər. Azərbaycan dövlətinin gənclər siyasətinin insan kapitalı yaradılmasına hesablandığını deyən Nurlana Əliyeva müxtəlif sahələrdə əldə edilən çoxsaylı uğurları bu istiqamətdə aparılan işin nəticəsi kimi dəyərləndirib. O deyib ki, gənclərimizin dünyada cərəyan edən mütərəqqi prosesləri dərk edib ona uyğun fəaliyyət göstərmələri strateji əhəmiyyət daşıyır.

Rektor xatırladıb ki, gəncliyimiz həm də öz vətənpərvərlik duyğuları ilə fərqlənir. Buna ötən il Aprel döyüşlərində Azərbaycan əsgərlərinin və zabitlərinin göstərdiyi qəhrəmanlığı və igidliyi nümunədir. Gənclərə müraciət edən Nurlana Əliyeva ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası ilə irəli getməyin vacibliyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin gəncləri ölkənin həyatında, dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında daim fəal iştiraka çağırdığını xatırladan rektor bildirib ki, Azərbaycan gəncliyi də Ulu Öndərin çağırışına dərhal səs verməyə hazır olduğunu fəaliyyəti ilə təsdiq edib. Bu müddətdə gənc nəslin mənəvi və fiziki sağlamlığı möhkəmlənib, onların yaradıcılıq və təşəbbüskarlığı artıb.

Sonda rektor qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tələbələri təbrik edib, onlara qış imtahan sessiyasında uğurlar arzulayıb.