Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sankt-Peterburqda həkim dördüncü dərəcəli xərçəng diaqnozu qoyulan qızın həyatını xilas edib

19 Dekabr 2017
Rusiyanın Səhiyyə Nazirliyinin N.N.Petrov adına Elmi-Tədqiqat Onkologiya İnstitutunun torakal cərrahiyyə şöbəsinin müdiri Yevgeni Levçenko çox çətin bir əməliyyat aparıb.

AZƏRTAC Rusiyanın Starhit saytına istinadən xəbər verir ki, bir neçə il əvvəl həkimlər 13 yaşlı İrinanı müayinə zamanı ona qorxunc sarkoma diaqnozu qoyublar. Bir sıra mütəxəssislər onun bir ildən çox yaşamayacağını söyləyirdilər. Qız bir neçə dəfə kimyəvi müalicə kursu keçsə də, həmin prosedurların heç bir xeyri olmayıb. Cərrahlar onun sağ ayağını amputasiya ediblər. Həmin vaxt onun ağciyərlərində 70 metastaz aşkar olunub. Valideynlər Sankt-Peterburqdakı Onkologiya İnstitutuna müraciət edəndən sonra onkoloq Yevgeni Levçenko unikal əməliyyatı keçirib. Cərrah özünün işləyib hazırladığı və patent aldığı təcrid edilmiş kimyaperfuzi üsulundan istifadə edib. Əməliyyatın gedişində o, ümumi qan dövranını ağciyərdən ayırıb və metastazların hamısını götürmək imkanı yaranıb.

"Əvvəlcə biz sağ ağciyərdə əməliyyatı keçirdik və oradan 42 metastazı təmizlədik, lakin bununla kifayətlənmək olmazdı. Ona görə də biz kimyaterapiyadan yüz dəfələrlə güclü olan kimyəvi preparatların böyük dozasını tətbiq etdik. Məhz bunun nəticəsində əməliyyat zamanı görünməyən metastazları götürə bildik", - deyə mütəxəssis söyləyib.

Əməliyyatdan bir neçə ay sonra həkim digər ağciyərdə olan 28 ədəd metastazı da götürməyə qərar verib. Aparılan əməliyyatdan sonra xəstədə tam yüngülləşmə yaranıb.

İrina Pskov vilayətindən vaxtaşırı Sankt-Peterburqa həkim müayinəsinə gedir. Tibbi yoxlamalar İrinanın əvvəlki xəstəliyindən heç bir əlamət qalmadığını göstərib.

"Xəstəni ölümün pəncəsindən xilas etmək çox xoşdur. Əvvəllər onkologiyanı seçmək istəmirdim və mənə elə gəlirdi ki, xərçəng xəstələrinə kömək etmək mümkünsüz işdir. İndi artıq belə deyil, elm xeyli irəli gedib. Xəstələrimiz Avropa və ya ABŞ-dakından heç də pis müalicə olunmurlar", -deyə həkim söyləyib.

Bir neçə il əvvəl Peterburq Elmi-Tədqiqat İnstitutunda Levçenko dünyada ilk dəfə olaraq pasiyentin gövdə hüceyrələrindən yetişdirilmış traxeyanın autotransplantasiyasını aparıb. Yeri gəlmişkən qeyd edək ki, onun ailəsində hamı tibb işçisidir. İyirmi il iş stajı olan həyat yoldaşı kimyaterapevtdir, böyük oğlu Nikita torakal cərrahiyyə kursu keçib, kiçik oğlu Valeri Stavropolda onkoloji dispanserdə işləyir.

"Hiss edirəm ki, hədər yaşamıram. Özümü ona görə xoşbəxt sayıram ki, insanları xəstəlikdən, ağrı-acı və əzablardan uzaqlaşdıraraq yaşamasına nail oluram", - deyə Levçenko bildirib.