Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin komitə iclasında bələdiyyələrlə bağlı iki məsələyə baxılıb

19 Dekabr 2017
Dekabrın 19-da Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlarda müvafiq dəyişikliklərin edilməsi barədə məsələlərə baxılıb.

Komitənin sədri Arif Rəhimzadə hər iki məsələ barədə məlumat verib. Bildirilib ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, qəbiristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilməyəcək. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, qəbiristanlıqların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

“Bələdiyyələrin statusu haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçiriləcək.

Diqqətə çatdırılıb ki, indiyə qədər qəbirlərin qorunmasına dünyasını dəyişmiş şəxslərin yaxınları nəzarət edirdilərsə, bundan sonra müvafiq icra hakimiyyəti orqanı cavabdeh olacaq.

Müzakirələrdən sonra hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.