
Rektor Nurlana Əliyeva: Universitetdə imtahanların obyektiv və şəffaf keçirilməsi tam təmin edilir
AZƏRTAC xəbər verir ki, bunu BSU-nun rektoru, professor Nurlana Əliyeva dekabrın 18-də qış imtahan sessiyası ərəfəsində birinci kurs tələbələri ilə görüşündə deyib.
İmtahanlardan yüksək qiymətlərlə, kəsirsiz çıxmaları üçün tələbələrin öhdəsinə düşən yeganə işin dərslərə yüksək səviyyədə hazırlaşmaqdan ibarət olduğunu deyən rektor onlara sessiya imtahanlarında uğurlar arzulayıb.
Nurlana Əliyeva tələbələrə ana dilini, ölkəmizin tarixini, mədəniyyətini, ədəbiyyatını dərindən öyrənməyi tövsiyə edib. Gənclərimizin vətənpərvər ruhda yetişməsində, yüksək təhsil almalarında dövlətin gənclər siyasətinin xüsusi önəmini qeyd edən rektor onları davranışlarında nümunəvi olmağa çağırıb. Bildirib ki, müasir texnologiya əsrində yaşayan gənc nəslin texnologiyadan düzgün yararlanması, Vətənə yeni töhfələr verməyə can atması, dövlətin həyata keçirdiyi əhəmiyyətli layihələrdə fəal iştirak etməsi onlar üçün yaradılan şəraitin göstəricisidir.