Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa Parlamentinin üzvü: Azərbaycan Avropa İttifaqı üçün çox vacib tərəfdaşdır

18 Dekabr 2017
Azərbaycanda səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil dekabrın 18-də Milli Məclisdə brifinq keçirib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu brifinqi açaraq Yan Zahradilin iki gündür ölkəmizdə səfərdə olduğunu və bir sıra mühüm görüşlər keçirdiyini söyləyib. O deyib ki, belə səfərlər həm ictimaiyyətin, həm də mətbuatın diqqət mərkəzindədir.

Yan Zahradil bildirib ki, Azərbaycana səfərini üç missiya ilə həyata keçirir. Birinci missiya Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti kimi. Bu alyans Avropanın üçüncü böyük siyasi ailəsidir. Bu Alyans nadir hesab edilə bilər ki, o, Azərbaycanda həm iqtidar, həm də müxalifət partiyaları ilə əməkdaşlıq edir. “Deputat Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bizim alyansın tamhüquqlu üzvüdür. Eyni zamanda, hakim Yeni Azərbaycan Partiyası bizim alyansın AŞPA-dakı qrupunun üzvüdür. Bizim buraya gəlməyimizdə digər səbəb də ondan ibarətdir ki, biz Azərbaycanla yaxın illərdə tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparaq. Bu, mənim birinci funksiyamla bağlıdır.

İkinci missiyam isə onunla bağlıdır ki, mən həm də Avropa Parlamentinin üzvüyəm. Bildiyiniz kimi, Avropa Parlamenti bu yaxınlarda Azərbaycanla münasibətlərini yenidən canlandırdı. Özünün bu məqsədlə nümayəndə heyətini formalaşdırdı. Bu nümayəndə heyətinin üzvləri ayrı-ayrılıqda, fərdi qaydada da Azərbaycanla münasibətlərin genişləndirilməsi üçün cəhdlər göstərirlər.

Üçüncü missiyam isə təmsil etdiyim ölkə ilə bağlıdır. Mən Mərkəzi Avropada yerləşən Çex Respublikasının Avropa Parlamentində təmsilçisiyəm. Onu da qeyd edim ki, Çexiya özü də Azərbaycanla ikitərəfli strateji əməkdaşlıq haqqında müqavilə imzalayıb. Mən Azərbaycanı dəyərli dövlət sayan bir şəxs kimi, bu ölkənin dostu kimi səfər etmişəm. Çünki Azərbaycan bütövlükdə həm Avropa İttifaqı, Avropa Parlamenti, mənim partiyam üçün, həm də Çexiya üçün çox vacib bir tərəfdaşdır”, - deyə Yan Zahradil qeyd edib.

Sonra Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti jurnalistləri maraqlandıran suallara cavab verib.