Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təkcə ürəyimiz yananda yox, adi vaxtda da…

15 Dekabr 2017
Çay həyatımızın ayrılmaz bir parçasına çevrilib. Statistika göstərir ki, sudan sonra ən çox içilən çaydır. Çay təkcə susuzluğu yatırmır, həm də çox böyük müalicəvi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Akademiyasının müxbir üzvü, Bakı Dövlət Universitetinin botanika kafedrasının müdiri, biologiya elmləri doktoru Elşad Qurbanov deyib:

-Çay orqanizmi stimullaşdırmaq, tonusu qaldırmaq ucun ən yaxşı vasitələrdən biri sayılır. Çində aparılan qazıntılar zamanı çayın həmin ölkədə 5 min il bundan əvvəl istifadə edildiyi aşkar olub. İlk vaxtlar ondan 72 zəhərə qarşı dərman kimi istifadə edirdilər.

Hazırda Yaponiyada yoluxucu xəstəliklər zamanı da çaydan istifadə edilməsi üzərində araşdırmalar aparılır. Dünya əhalisinin 90 faizinin çay içdiyi məlumdur.

Çaydan xalq təbabətində bir sıra xəstəliklərin müalicəsi üçün geniş istifadə olunur. Gözün iltihabı proseslərində və konyunktivit zamanı dəmlənilmiş çayı islatma şəklində qoyulması çox faydalı təsir göstərir.

Tərkibində aşı maddələri çox olduğuna görə, mədə-bağırsaq xəstəlikləri zamanı da ondan istifadə etmək səmərəli nəticələr verir.

Hipertoniya xəstəliyi zamanı da çay içilməsi təcrübəsi geniş yayılıb. Təzyiqi yuxarı olanlar yaşıl, aşağı düşənlər qara çaydan istifadə edirlər.

Böyrək xəstəliyi zamanı, xüsusilə böyrəkdə daş olanda itburnu qəbul edilməsi qətiyyən düzgün deyil, əksinə, onun daş yaratmaq ehtimalı var. Həmin hallarla üzləşənlərin qatırquyruğu və kərəviz çayı içməyi daha məqsədəuyğundur. Kərəviz pörtlədiləndən sonra üzərinə limon suyu və zeytun yağı əlavə edilib yeyilməsi böyrək daşının parçalanmasına daha yaxşı təsir edir.

Kəklikotu çayında da bakterisid keyfiyyətlər var. Soyuqlama zamanı onu dəmləyərək buğunun qəbul edilməsi baş-beyin nahiyəsindəki seliyin axıb tökülməsinə səbəb olur.

Professor çayın dəmlənilməsi barədə də məlumat verib. Onun sözlərinə görə, 1 litr suya 3 çay qaşığı çay atmaq kifayətdir. Dəmlənilmiş çayın əvvəl suyun üzünə, sonra dibinə çökməsi onun daha keyfiyyətli olmasını göstərir. Professorun dediyinə görə, çay dəmlənəndən 1 saat sonra onun keyfiyyəti itir. Ona görə də yaxşı olar ki, hər dəfə çay təzədən dəmlənilsin.