Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Seçki Məcəlləsinə dəyişikliklər edildi

15 Dekabr 2017
 

Dekabrın 15-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov 39 məsələnin daxil olduğu gündəliyi təqdim etdi. Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlandı. 

Əvvəlcə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “2013-cü il 13 avqust tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) - “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi. Qeyd olundu ki, avtomobil körpüsünün tikintisi, layihə sənədlərinin hazırlanması və layihə-axtarış işlərinin aparılması üzrə bütün xərcləri (onun giriş yollarının tikintisinə və tikinti nəzarətinin aparılmasına dair xərclər istisna olmaqla), sonradan xərclərin 50 faizi Rusiya tərəfindən qaytarılmaqla Azərbaycan tərəfi ödəyir. Avtomobil körpüsünün giriş yollarının tikintisini hər bir tərəf öz dövlətinin ərazisində müstəqil olaraq həyata keçirir. Layihə və axtarış işlərinin həyata keçirilməsi, layihə sənədlərinin hazırlanması və avtomobil körpüsünün tikintisi işləri üzrə xərclər Azərbaycan manatı ilə, tikintiyə nəzarətin aparılması işləri üzrə xərclər isə Rusiya rublu ilə ödənilir.
Qısa müzakirədən sonra qanun layihəsi təsdiqləndi.
Sonra Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsini ikinci oxunuşda müzakirəyə təqdim etdi. Qəbul olunduqdan sonra bu qanun Azərbaycan Silahlı Qüvvələrinin təyinatı, idarə olunması və hərbi quruculuğu məsələlərini tənzimləyəcək, habelə Silahlı Qüvvələrin əsas vəzifələrini və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Ziyafət Əsgərov bildirdi ki, qanun layihəsi təkmil hazırlanıb, ölkəmizin hərbi doktrinasına və milli maraqlarına cavab verir. Layihədə Azərbaycan Silahlı Qüvvələrinin dinc, real təhdid, səfərbərlik və müharibə dövründə əsas vəzifələri müəyyənləşdirilib. Qanun layihəsi qəbul olunduqdan sonra 1991-ci ildən qüvvədə olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunu qüvvədən düşəcək.
Müzakirə zamanı deputatlardan Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Sahib Alıyev, Tahir Kərimli, Naqif Həmzəyev, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, o cümlədən iclasda iştirak edən Azərbaycan Respublikası müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev məsələ ilə bağlı fikirlərini bildirdilər.
Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deputatların qanun layihəsinin birinci və ikinci oxunuşlarda qaldırdıqları məsələlərə münasibət bildirdi, sualları cavablandırdı.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Müzakirəyə çıxarılan növbəti məsələ “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” qanun layihəsi idi. Qanun layihəsini Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təqdim etdi.
Qanun layihəsinə əsasən, Hesablama Palatasının fəaliyyət istiqamətləri qanunla müəyyən edilmiş qaydada kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirmək, icmal büdcənin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy vermək, həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında maliyyə intizamının gücləndirilməsi, maliyyə nəzarəti üsullarının təkmilləşdirilməsi və maliyyə nəzarəti fəaliyyəti işinin planlaşdırılması məqsədilə mütəmadi təhlillər aparmaq, maliyyə idarəetməsinin və dövlət maliyyə nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, həmçinin dövlət vəsaitlərindən səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr vermək, xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək və sairdir.
Layihədə qeyd olunur ki, Hesablama Palatasının audit fəaliyyəti kənar dövlət maliyyə nəzarəti obyektlərinin gəlirlərinin, xərclərinin, əmlakının, öhdəliklərinin, zəmanətlərinin, digər aktiv və passivlərinin idarə olunmasının, maliyyə əməliyyatlarının düzgünlüyünün və tamlığının, iqtisadi və maliyyə fəaliyyətinin qənaətliliyinin, effektliyinin, nəticəliliyinin müəyyənləşdirilməsi, daxili nəzarət sistemlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.
Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə bu qanuna və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rəy verilməsi üçün parlamentdən Hesablama Palatasına daxil olduqdan sonra Hesablama Palatası 30 gün müddətində rəy verir və Milli Məclisə təqdim edir.
Eyni zamanda qanun layihəsində bildirilir ki, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi rəy verilməsi üçün Milli Məclisdən daxil olduğu gündən 15 gün müddətində Hesablama Palatası onlara rəy verir və öz rəyini parlamentə təqdim edir.
Müzakirələr zamanı deputatlardan Fazil Mustafa, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Tahir Rzayev, Tahir Mirkişili və Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov layihə ilə bağlı fikirlərini bildirdilər.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olundu.
Günün ikinci yarısında Milli Məclis “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi ilə öz işini davam etdirdi.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verərək bildirdi ki, 2016-cı il 26 sentyabrda keçirilən referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının icrası ilə əlaqədar və qanunvericilik texnikası baxımından təkmilləşdirmək məqsədilə Seçki Məcəlləsinə dəyişikliklər təklif olunur.
Qanun layihəsinə edilən dəyişikliyə görə, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ var.
Həmçinin növbədənkənar prezident seçkilərinin keçirilməsi maddəsinə təklif olunan dəyişikliyə əsasən, Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, habelə Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən, prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkiləri keçirilir. Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallar növbəti prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar prezident seçkiləri təyin edilir.
Milli Məclisin deputatının mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci bəndlərində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir.
Müzakirələr zamanı çıxış edən parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsinə münasibət bildirərək qeyd etdi ki, Seçki Məcəlləsinə edilən dəyişikliklərin böyük əksəriyyəti sənəddə olan məhdudiyyətlərin aradan götürülməsini özündə ehtiva edir.
Deputatlardan Qüdrət Həsənquliyev, Tahir Kərimli, Vahid Əhmədov çıxış edərək dəyişikliyə müsbət münasibət bildirdilər. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra komitə sədri Əli Hüseynli iclasın gündəliyində olan “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə məlumat verdi. Qeyd olundu ki, qanun layihəsi daşınmaz əmlaka sərəncam verilməsi və daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, notariusla daşınmaz əmlakın dövlət reyestri arasında əlaqələrin elektron informasiya sistemləri vasitəsilə daha çevik qurulması, eləcə də tikilməkdə olan (tikintisi başa çatmayan) binaların tərkib hissələrinin (mənzillərin) alqı-satqısı prosesinin tənzimlənməsi məqsədilə hazırlanıb. Bu dəyişiklik əsasən bir mənzilin bir neçə nəfərə satılmasının qarşısını almağa xidmət edir. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edildi.
İclasda “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi də təsdiq olundu.
Sonra iclasda İnzibati Xətalar Məcəlləsinin 389-cu məddəsinə uyğunlaşdırmaq məqsədilə “Rəsmi statistika haqqında”, Həmkarlar ittifaqları haqqında”, “Meliorasiya və irriqasiya haqqında”, “Toxumçuluq haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yol hərəkəti haqqında”, “İstehsal və məişət tullantıları haqqında”, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Heyvanlar aləmi haqqında”, “Polis haqqında”, “Prokurorluq haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Taxıl haqqında”, “Məşğulluq haqqında”, “İcra haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Lotereyalar haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunlarda və Əmək, Vergi məcəllələrində dəyişikliklər edilməsi barədə qanun layihələrinə dəyişikliklər qəbul edildi.
Həmçinin İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırılma məqsədilə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”ndə, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət Nizamnaməsi”ndə və Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihələri təsdiq olundu.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsini müzakirəyə təqdim edərək bildirdi ki, dəyişikliyə əsasən, mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatlarının, onların ehtiyat hissələrinin, mühərriklərinin və güc qurğuları əlavə dəyər vergisindən azad olunur. Qanun layihəsi təsdiq olundu.
Deputatlar Torpaq Məcəlləsi və “Torpaqların münbitliyi haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihələrə də müsbət münasibət bildirdilər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini müzakirəyə təqdim edərək vurğuladı ki, dəyişikliyin əsas məqsədi əkin yerlərinin, xüsusilə də taxıl biçinindən sonra kövşənliklərin yandırılması hallarının və nəticədə baş verə biləcək daha ciddi fəsadların qarşısının alınması üçün müvafiq məsuliyyət növünün müəyyən edilməsindən ibarətdir. Qanun layihəsi səsə qoyularaq qəbul olundu.
İclasda “Avtomobil yolları haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə layihələrə də texniki dəyişikliklər edildi.
Bununla da Milli Məclisin plenar iclası başa çatdı.

Səbinə MƏMMƏDOVA,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”