Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Ali Neft Məktəbində “CİSCO”nun Şəbəkə Akademiyasının yaradılması qərara alınıb

15 Dekabr 2017
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “CİSCO” şirkətinin Azərbaycan üzrə meneceri Şərif Şıxlinski və şirkətin MDB ölkələri üzrə şəbəkə akademiyasının proqram meneceri xanım Alyona Domotenko ilə görüşüb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor qonaqlara rəhbərlik etdiyi ali məktəb haqqında məlumat verərək burada təhsil alan tələbələrin informasiya texnologiyaları üzrə yüksək nəzəri və praktiki biliklərə malik olduqlarını vurğulayıb. Rektor BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının Azərbaycanda yüksək informasiya texnologiyaları təfəkkürünə malik ən istedadlı tələbələr yetişdirdiyini və bu gün həmin tələbələrə şirkətlər tərəfindən böyük ehtiyac duyulduğunu bildirib.

Şirkətin Azərbaycan üzrə meneceri Şərif Şıxlinski “CİSCO”nun informasiya texnologiyaları sahəsində dünya lideri olduğunu və şirkətlərə gələcəyin imkanlarından faydalanmağa kömək etdiyini vurğulayıb. Xanım Alyona Domotenko isə “CİSCO”nun təhsil ocaqları ilə əlaqələrindən danışıb, eləcə də şirkətin Şəbəkə Akademiyası (Networking Academy) haqqında məlumat verib.

Görüşdə tərəflər birgə əməkdaşlığın mümkün istiqamətlərinə dair müzakirələr aparıb və razılığa gəliblər. Müzakirələrin nəticəsi olaraq BANM-in yeni kampusunda “CİSCO”nun Şəbəkə Akademiyasının yaradılması qərara alınıb.

BANM-in və digər universitetlərin tələbələrinin yararlana biləcəyi bu mərkəzdə “CİSCO”nun mütəxəssisləri tərəfindən təlimlərin aparılması, müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.